Bu gün Nərimanov rayon məhkəməsində «Əbu Bəkr» məscidinin
Nərimanov rayon polis idarəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə
prosesinin növbəti mərhələsi keçiriləcək.
Dini icmasının, və məscidin imamı Q.Ş.Süleymanovun nümayəndəsi,
vəkil Cavanşir Süleymanovun “Bizim Yol”a verdiyi məlumata görə onlar
məhkəmədə bir neçə vəsatət qaldırmağı planlaşdırıblar. Onun sözlərinə
görə Nərimanov Rayon Polis İdarəsi ərizəsində «Əbu Bəkr» məscidinin
bağlanması qərarının əsaslandırılması üçün bir-birinə zidd olan 6 dəlil
göstərilib.
Polis idarəsinin dəliləri
1. «Əbu Bəkr» məscidində baş vermiş terror aktı ilə əlaqədar olan
cinayət işinin istintaqının davam etməsi, dəymiş maddi ziyanın müəyyən
edilməsi, ekspertizaların və digər istintaq hərəkətlərinin keçirilməsi
zərurəti;
2. Terror faktı üzrə əməliyyat-axtarış tədbirlərinin davam etməsi;
3. Dindarların və yaxınlıqda yerləşən evlərin sakinlərinin
təhlükəsizliyinin təmin edilməsi, çoxsaylı müraciətlərdə məscidin
fəaliyyətindən narazılıq (şikayətlər özləri əlavə olunmayıb, onların
alınma tarixləri məlum deyil);
4. «Əbu Bəkr» məccidində yeni terror aktlarının hazırlanması barədə əməliyyat məlumatlarının olması;
5. Ümumilikdə, ictimai qaydanın vəziyyəti;
6. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2-ci hissəsinə istinad.
“Onlar dəlil yox uydurmadır”
Vəkilin sözlərinə görə sadalananların hamısı Nərimanov RPİ-nin
uydurmasıdır və əsassızdır. Cənab Süleymanov ümumiyyətlə, rayon polis
idarəsinin hərəkətlərini qanunsuz və dini təşkilatın qanuni
fəaliyyətinə təsir göstərmək məqsədi güddüyünü söylədi. Fikrini
əsaslandırmaq üçün Mülki Məcəllənin 59-cu maddəsinə istinad edən vəkil
deyib: “Bakı şəhəri, Nərimanov rayon dindarlarının dini icması və ona
məxsus olan «Əbu Bəkr» məscidi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs
olan ictimai birlikdir. Hüquqi şəxs yalnız 4 halda ləğv edilə bilər:
təsisçilərin qərarı ilə; hüquqi şəxsin qeydiyyatı məhkəmə tərəfindən
etibarsız hesab edildikdə; lisenziyası olmadıqda və ya qanunla qadağan
edilən fəaliyyətlə məşğul olduğu hallarda məhkəmənin qərarı ilə;
müflisləşmə nəticəsində. Qanunda nəzərdə tutulmuş hallardan heç biri «Əbu Bəkr» məscidi ilə bağlı deyil və belə bir hal mövcud deyi”.
«Əbu Bəkr» barədə pərdəarxası iş aparılır
C.Süleymanov deyir ki, faktiki olaraq, hazırda pərdəarxası «Əbu
Bəkr» məscidinin ləğv olunması ilə bağlı iş aparılır. Konstitusiya hər
kəsə dini münasibətini müstəqil müəyyənləşdirmək və ya başqaları ilə
birlikdə hər-hansı bir dinə sitayiş etmək, dini ayinləri azad şəkildə
yerinə yetirmək hüququ versə də, icmanın vəkili deyir ki, 18 avqust
2008-ci il tarixındən bu günə kimi “Əbu Bəkr”icma üzvlərinin və məscidə
gələnlərin vicdan azadlığı hüququ kobud şəkildə pozulur:
«Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsinə əsasən insan hüquq
və azadlıqlarının həyata keçirilməsi yalnız müharibə, hərbi və
fövqəladə vəziyyət və səfərbərlik şəraitində qismən və müvəqqəti olaraq
məhdudlaşdırıla bilər. Bakı şəhərinin, Nərimanov rayonu ərazisində
belə halların heç biri yoxdur, bununla əlaqədar olaraq, insan və
vətandaşın hüquq və azadlıqlarının 3 aydan artıq müddətə
məhdudlaşdırılması qanunsuzdur”.
Terror yoxsa şantaj?
Məscidin bağlanması ilə əlaqədar öz qərar və hərəkətlərinin
əsaslandırmaq üçün Nərimanov RPİ-si «Əbu Bəkr» məscidində hazırlanan
yeni terror aktlarının mümkünlüyü barədə verdiyi açıqlamanı da vəkil
etibarsız sayır: «Elə bu ayın 5-də KİV-də xəbər getdi ki, terrorçular
İndoneziyada yerləşən xarici səfirlikləri partladmaqla hədələyirlər.
Buna baxmayaraq heç bir səfirlik bağlanmadı. Bu cür terror hədələri
dünyada hər gün yüzlərlə daxil olur, lakin Azərbaycandan başqa heç
yerdə, heç kim şantaja getmir, terrorçuların tələbləri yerinə yetirmir,
vətəndaşların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən
etibarlı şəkildə qorunur. Azərbaycanda isə, hakimiyyətə qarşı
loyal münasibət bəslədiyi və ona qarşı cihad elan etməkdən imtina
etdiyi üçün cinayətkarlar «Əbu Bəkr» məscidini bağlatdırmağa nail
olurlar, Bakı şəhər, Nərimanov RPİ-si isə qanuni əks tədbirlər
görülməsi əvəzinə, cinayətkarların tələblərini sözsüz yerinə yetirir”.
Natiq Güləhmədoğlu
|