ƏN BALACALARA Şübhəsiz ki, insanlara hidayəti verən Uca Allahdır. Valideynlər isə uşağın tərbiyəsində düzgün səbəblər seçməlidirlər. Xüsusən hər bir işə başlamazdan əvvəl Allahdan kömək istəmək və övladların saleh olması üçün dua etmək gərəkdir:
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə 1)
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç dua vardır ki, qəbuldur. Onların qəbul olmasına heç bir şübhə yoxdur: Məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua.” Əbu Davud, 1535, Albani səhihləşdirmişdir.
Həmçinin tərbiyədə diqqət edilməli olan əsas məsələlərdən biri də bu işdə Allahın qadağan etdiyi hədləri (məsələn, musiqi, canlıların təsviri, yalan və s.) aşmamaqdır. Çünki Allahın qadağalarını aşa-aşa bərəkətə nail olacağını düşünən zəlalətdədir.
Onu da qeyd etmək lazımdır ki, ata-ana övladına tərbiyə etdiyini ilk növbədə özü həyatında tətbiq etmirsə, belə işin heç bir faydası olmayacaq, daha da pisi, Allah qorusun, uşağa ikiüzlülük, yalançılığı öyrədəcək (bir şeyi deyib, başqa şeyə əməl etmək).
Xüsusən kiçik yaşlı uşaqlar sizin ona öyrətdiklərinizi birinci dəfədən qavramaya da bilərlər. Ona görə də valideyn ruhdan düşməməli öz övladının fərdi xüsusiyyətlərini, yaşını və bacarığını nəzərə alıb düzgün metod seçməli, istədiyi nəticəni alanadək periodik olaraq, həmin məsələyə qayıtmalıdır.
Uşaqlar hər hansı bir səhv etdikdə, onu danlamamaq, əksinə başa salmaq lazımdır.
Uşaq öyrətdyinizi qavradığı zaman isə tərifləməyi, həvəsləndirməyi, ən əsası isə onun barəsində Uca Allaha dua etməyi unutmayın. Bu baxımdan Sünnədə varid olan “barakAllahu fiki” (Allah sənə bərəkət versin) və “cəzakAllahu heyr” (Allah səni xeyirlə mükafatlandırsın) zikrləri çox effektivdir.
Bir çox valideynlər övladlarına İslamı öyrətmək istəsələr də, yaşları kiçik olduğundan, onların anlaya biləcəyi dillə başa sala bilmirlər. Yaxşı ilə pis arasındakı elementar fərqi anlayanadək – bu xüsusiyyət uşaqlarda individual olaraq 5-7 yaşdan etibarən formalaşır- körpələrə İslami vərdişləri tədris etmək yox, aşılamaq özü də oyun formasında aşılamaq lazımdır.
İnşaAllah, aşağıdakı oyunlar bu işdə faydalı ola bilər.
Oyunda hansı sözlərdən, metoddan istifadə etməyi isə hər bir valideyn öz uşağının xarakteristik xüsusiyyətlərini hesaba alaraq, öz öhdəsinə buraxılır :
Allah Yaradıcıdır.
“Məgər Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi?”
(Quran, Ibrahim, 14)
Bu oyun sadə olsa da övladınıza Rəbbi haqqında ən ilkin təsəvvürləri aşılamaq üçün olduqca effektivdir. Hələ südəmər yaşlarından, körpə ilə hər dəfə gəzintiyə çıxdıqda ona ətrafındakı şeyləri göstərərək (günəş, səma, ağaclar, güllər, dəniz, insanlar və s.) adını çəkin, sonra isə onu yaradanın Uca Allah olduğunu söyləyin (misal: Bu günəşdir. Günəşi Allah yaradıb. Və s.) Ən sonda isə yer üzündə hər şeyin yaradıcısının Allah olduğunu qeyd edin.
Övladınız bir qədər böyüdükdən sonra isə oyunu nisbətən daha maraqlı edə bilərsiniz. Gəzintidən qayıtdıqdan sonra gördüyünüz şeyləri yada salıb yaxud da sizi hazırda əhatə edənlərin şəkillərini Şəriətin icazə verdiyi hədlər daxilində (əgər canlıdırsa, üz, göz cizgiləri olmadan) çəkin, sonra isə onları Kimin yaratdığını soruşun. Lazımi cavabı aldıqdan sonra isə eyni ilə əvvəlki kimi, gözünün gördüyü və görmədiyi hər şeyin yaradıcısının Uca Allah olduğunu vurğulayaraq, oyunu bitirin.