Mərhəmətli, Rəhimli Allahın adı ilə!
Rasulullah (səlləllahu əleyhi və səlləm) deyib:
"Ümmətimdən həmişə haqq üzərində üstün olacaq bir qrup olacaqdır, onları köməksiz buraxanların bu hərəkəti onlara heç bir zərər verməyəcəkdir" Buxari, Müslim.
İmam İbn Hacər – rahiməhullah – "Fəthul-Bari" kitabında (13/306-308) deyir:
"İmam ən-Nəvəvi deyir: "Bu qrupun şücaətli, hərb sənətini yaxşı bilən, fəqih, hədis alimi, təfsir, əmri əmr edib, münkərdən çəkindirən, zahid və abid kimi müxtəlif növ iman əhlindən ibarət çox saylı qruplar olması mümkündür", onların yalnız bir ölkədə toplu halda olmaqları vacib deyildir, əksinə onların bir ölkədə toplaşmaları və Yer üzünün fərqli hissələrini səpələnmiş olmaları da mümkündür. Onların bir-bir Yer üzündən azalaraq sonunda yalnız bir ölkədə yalnız bir qrupun qalması da mümkündür və onlar tükənərsə (yəni sonuncu qrup da Yer üzündən itərsə) Allahın əmri gələcəkdir."
əl-Xatib əl-Bəğdadi sənədi ilə birlikdə İshaq bin Abdullahdan rəvayət edir:
"Nübuvvət dərəcəsinə ən yaxın olanlar elm əhli ilə cihad əhlidir. Elm əhlinə gəldikdə onlar insanları peyğəmbərin gətirdiklərinə yönləndirirlər, cihad əhli isə peyğəmbərin gətirdikləri uğrunda cihad edirlər." ("əl-Fəqih val-Mutəfəqqih", 1/35)
əl-Qadi Əbu Bəkr İbnul-Arabi – rahiməhullah – deyir:
"Taifətul-Mənsura'ya gəldikdə isə, alimlərdən bəziləri onların hədis əhli olduğunu deyir. Onların ibadət əhli olduğu da deyilir, onların dilləri ilə haqqı qoruyanlar olduğu da deyilmişdir. Onların cəbhə bölgələrində vuruşan mücahidlər olduğu da deyilir." ("Aridətul-Əhvazi", cild: 5, səh: 34; eləcədə bax: İmam əl-Qurtubi, "əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim", cild 3, səh: 763)
İmam Əhməd, əl-Buxari və digər böyük alimlər onların hədis əhli olduğunu deyirlər. Cahillər bundan elə başa düşüblər ki, bu məzhəblərdən, firqələrdən uzaq olan əhlul-hədis camaatıdır. Bu cahillikdir. Bu ümumi olaraq sünnəti dəstəkləyənlərə aiddir, sünnəti və Quranı sevənlərə aiddir. Bura əmirlər, alimlər, mücahidlər və ya sadəcə mərufu əmr edib, pislikləri qadağan edən zahidlər və abidlər də aid ola bilər. Şeyxul-İslam – rahiməhullah – deyir:
"Biz əhlul-hədis dedikdə, onlarıl hədis eşidənlər, onu yazanlar və onu rəvayət edənlərlə məhdudlaşdırmağı qəsd etmirik. Əksinə bununla hədis hifz edən, zahirən və batinən marifət və anlayış sahibi olan, hədisə zahirən və batinən tabe olaraq bu ada layiq olan hər kəsi qəsd edirik. Eynilə Quran əhli də bunun kimidir. Bunların ən aşağı xüsusiyyəti budur ki, onlar Quran və hədisi sevirlər, onlar haqqında və onların mənaları haqqında araşdırma aparar, Quran və hədisin vacib buyurduqlarından bildiklərinə əməl edərlər..." ("Məcmu əl-Fətava", 4/95)
Eləcədə İmam Əhməd "hədis əhli" deyərkən bununla əhli-sünnəti qəsd etmişdir. Yəni, haqq etiqada sahib olan müsəlmanlar qəsd olunur. İmam ən-Nəvəvi Muslimin şərhində deyir:
"(Hədisdə qeyd olunan) bu tayfaya gəldikdə isə, əl-Buxari dedi: "Onlar elm əhlidir." Əhməd bin Hənbəl dedi: "Əgər onlar hədis əhli deyilsə, o zaman onların kim olduğunu bilmirəm." əl-Qadi İyad dedi: "Əhməd bununla sadəcə olaraq əhli-sünnə val-cəmaatı və hədis əhlinin məzhəbinə etiqad edən kəsləri qəsd etmişdir." Deyirəm: (Yəni İmam ən-Nəvəvi deyir) Mümkündür ki, bu tayfa iman əhli arasındakı fərqli növlər arasında bölünmüş olsun, onlar arasında şücaətli savaşçı ya da fiqh alimi, ya da hədis alimi, ya da zahid, ya da mərufu əmr edib münkərdən çəkindirənlər ola bilər, onların arasında digər xeyirlə seçilən növ möminlər də ola bilər. Onların bir orada toplanması vacib deyildir, əksinə Yer üzündə səpələnmiş halda da olmaları mümkündür." (cild 13, səh: 67)
Yəni, bu xüsusiyyət yalnız alimlər ilə məhdud deyildir, bu xüsusiyyət ibadət əhlində və mücahidlərdə də şamil edilə bilər.
Başqa hədisdə isə həmin bu qrupun Qüds torpaqlarında olacağı deyilir və əl-Hafiz İbn Hacər bunu şərh edərək deyir: "Beytul-Maqdisdəkilər ilə qəsd olunan Dəccalın çıxaraq onları mühasirəyə alacağı kəslərdir. Sonra İsa onlara enəcək və Dəccal qətl olunacaq. Din İsanın zamanında zühur edəcək..." (Fəthul-Bari, cild 13, səh: 294)
Bir başqa hədisdə isə bu kəslərin "ğarb əhli" olduğu deyilmişdir və alimlər "ğarb əhli" ilə kimlərin qəsd olunduğunda ixtilaf ediblər. İmam ən-Nəvəvi deyir:
"Hədisdəki "Ğarb əhli qiyamət qopana qədər həmişə haqq üzərində üstün olacaqlar." Sözünə gəldikdə isə, Əli bin əl-Mədini (Buxarinin şeyxi) dedi: "ğarb əhli ilə qəsd olunan ərəblərdir və əl-ğarb kəliməsi ilə qəsd olunan böyük bir vedrədir, çünki bu, ərəblərə xas bir şeydir. Başqa alimlər isə dedilər: Bununla qəsd olunan Yer üzündən qərb istiqamətidir. Muaz dedi: "Onlar Şamdadır" və başqa hədisdə gəlir ki, onlar Qüdsdə olacaqlar. Onların Şam və ondan sonra gələn torpaqlar olduğu da deyilmişdir. əl-Qadi dedi: "Alimlərdən bəziləri deyir ki, "ğarb əhli" ilə qəsd olunan şiddət və qüvvət əhlidir." ("Şərh ən-Nəvəvi alə Səhih Muslim", cild 5, səh: 60)
əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir:
"Yaqub bin Şeybə, Əli bin əl-Mədinidən belə dediyini zikr edir: "ğarb sözü ilə vedrə qəsd olunur, yəni əl-ğarab, çünki onlar bununla seçiləcəklər, onlardan başqa heç kəs ondan su içməyəcək. Lakin Muazın hədisində onların Şam əhli olduğu deyilir. Hədisin zahirindən görünən budur ki, ğarb ilə bir ölkə qəsd olunur, çünki Şam hicaz bölgəsinin qərbidir. Bu şəkildə demişdir, lakin bu aydın deyildir. Hədisin bəzi rəvayət şəkillərində "məğrib" sözü gəlmişdir və bu, ğarb sözü ilə onların ərəblər olmasını inkar edir. Lakin ola bilsin ki, hədisin bəzi raviləri hədisi öz anladıqları şəkildə rəvayət ediblər, yəni ki, hədisdə müəyyən bölgə qəsd olunmuş, lakin həmin camaata xas olan bir sifət qəsd olunmamışdır. Alimlərdən bəziləri də deyir ki, ğarb sözü ilə qəsd olunan qüvvət və cihadda səy göstərənlər qəsd olunur, dildə ğarb deyildikdə hiddət mənasını verir. Əhmədin rəvayət etdiyi Əbu Umamə hədisində isə onlar Qüdsdə olduğu gəlmişdir. ət-Tabərani də ən-Nəhdinin hədisindən eynisini rəvayət tmişdir. Əbu Hureyrənin "əl-Əvsat lit-Tabərani" kitabındakı hədisində "onlar Dəməşq qapılarında və ətrafında, Qüds qapıları və onun ətrafında döyüşəcəklər, onları köməksiz buraxan onlara heç bir zərər verə bilməyəcək, Qiyamət gününə qədər üstün olacaqlar" sözləri rəvayət olunmuşdur. Deyirəm: (yəni İbn Hacər deyir) bunların hamısını bir arada cəm edərək demək olar ki, burada qəsd olunan onların Qüdsdə olmalarıdır, çünki Qüds də Şam torpaqlarındandır, vedrədən su içəcəklər və onlar düşmənə qarşı cihadda qüvvətli və şiddətli olacaqlar."
"Fəthul-Bari", cild 13, səh 361.
Doğru olanı Allah bilir!