[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı (Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı)
Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı
TeraneTarix: Şənbə, 15.09.2012, 10:10 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (Hicri 35-40 ili)
Adı və soyu: Əli ibn Əbu Talib ibn Əbdülmüttalib ibn Haşim ibn Əbd Mənaf. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu və dünya qadınlarının xanımı, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimənin həyat yoldaşı.
Anası, Fatimə bint Əsəd ibn Haşim ibn Əbd Mənafın qızıdır[1].
Künyəsi Əbul Həsəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Əbu Turab ləqəbini vermişdi. Tarixdə geniş yayılmış məlumatlara əsasən o uşaq ikən, səkkiz yaşında İslamı qəbul etmişdir[2].

Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn əl-Hənəfiyyə (Allah onların hər ikisindən razı olsun) deyir: Osman qətlə yetirildikdən sonra Əli onun evinə gəlib içəri daxil oldu və evin qapısını bağladı. Camaat onun arxasınca gəlib qapını döyərək dedilər: Bu adam artıq öldürülüb. Camaata mütləq bir xəlifə lazımdır. Biz səndən başqa heş kəsi bu vəzifəyə layiq görmürük.
Əli onlara dedi: Mənim xəlifə olmağımı istəməyin. Mən sizin üçün xəlifə olmaqdan daha yaxşı vəzir olaram.
Onlar dedilər: Xeyr, Allaha and olsun biz səndən başqa bu işə layiq olan ikinci adam tanımırıq.
Əli dedi: Əgər siz mənim xəlifə olmağımda israr edirsinizsə onda mənim beyətin gizli olmayacaq. Mən məscidə çıxacağam istəyən mənə beyət edər. Əli məscidə çıxdı və camaat da ona beyət etdilər[3].
Mədinədə olan Mühacir və Ənsarlar da ona beyət etdilər. Rəvayətlərdə deyilir ki, Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə kimi səhabələr Əliyə beyət etmədilər. Digər rəvayətlərdə isə deyilir ki, hamı ona beyət etmişdi. Bu, daha geniş yayılan məlumatdır. Səd ibn Əbu Vaqqas, Abdullah ibn Ömər və Məhəmməd ibn Məsləmə onunla döyüşə getməmişdilər, lakin beyəti etmişdilər.
Ovf ibn Əbu Cəmilə deyir: Mən Həsən əl-Bəsrinin yanındaydım. Osman qətlə yetirilən vaxt o Mədinədə olmuşdu. Məclisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri haqda danışılırdı. İbn Covşən əl-Ğətəfani adlı bir nəfər ded: Ey Əbu Səid, Əbu Musanın eyibi Əliyə itaət etməsi idi[4]. Bunu eşidən Həsən əl-Bəsri qəzəbləndi və bir neçə dəfə bu sözləri dedi: Bəs kimə itaət etməliydi?!
Əhli Sünnə yekdil olaraq Osmandan sonra ən əfzəl səhabənin Əli ibn Əbu Talib olduğunu etiqad edirlər.
İbn Teymiyyə deyir: Əhməd ibn Hənbəldən nəql edilən mötəbər rəvayətə əsasən Əlinin xilafətinə şübhə edən evin uzunqulağından da azğın bidətçidir. O, belə insanın təcrid edilməsini əmr etmişdir. Nə İmam Əhməd nə də Əhli Sünnənin digər alimləri bu işə Əlidən başqasının layiq olmaması haqda tərəddüd etməmişlər[5].
Əhli sünnə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra ən əfzəl səhabənin Əbu Bəkr, sonra Ömər olduğunu yekdil olaraq etiqad edirlər. Yuxarıda da qeyd etdiyimiz kimi Osman və Əlinin hansının əfzəl olmasında isə ixtilaf ediblər. Cümhur (əksər) alimlər deyirlər ki, Osman Əlidən əfzəldir və Əli ibn Əbu Talib xəlifələrin dördüncüsüdür[6].

[1] Mərifətus Səhabə: 1, 278.
[2] Mərifətus Səhabə: 1, 278. Onun fəzilətləri haqda "Bab mənil xəlifə bədə rəsulilləh (s.a.v.)" fəslində danışılacaqdır.
[3] Əhməd: Fədailus Səhabə, 2, 573, ? 696. Hədisin sənədi səhihdir (etibarlıdır).
[4] Əbu Musa Əliyə itaət etdiyi üçün ona bu iradı tutmuşdular. Çünki onlara görə Əbu Musa Əliyə bu itaətkarlığı göstərməli deyildi.
[5] Əhməd: Fədailus Səhabə, 2, 576, ? 976. Hədisin sənədi səhihdir (etibarlıdır).
[6] Məcmu əl-Fətava: 4, 438.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:12 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafətində baş verən döyüşlər
Cəməl döyüşü

Səffeyn döyüşü

Nəhrəvan döyüşü

Cəməl döyüşü
(Hicri 36 ili)

Əli ibn Əbu Talibə beyət edildikdə Talha və Zubeyr Əlidən Məkkəyə getmək üçün izn aldılar və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (Allah ondan razı olsun) ilə rastlaşdılar. O da Osmanın qətli xəbərini eşitmişdi. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldular və onlar Məkkədə toplanıb Osmanın qisasını almaq qərarına gəldilər.
Beləliklə onlar öz tərəfdarları ilə Məkkədən çıxıb Osmanın qatillərinin ardınca Bəsrəyə getdilər. Onlar Osmanı (Allah ondan razı olsun) müdafiə etməməklə özlərinin təqsirli olduqlarını düşünürdülər. Bu zaman Əli (Allah ondan razı olsun) Mədinədə idi. Həmin vaxt Osman ibn Hənif (Allah ondan razı olsun) Əlinin əmri ilə Bəsrə üzərində vali təyin edilmişdi. Onlar Bəsrəyə çatanda Osman ibn Hənif adam göndərib nə istədiklərini soruşdu.
Onlar dedilər: Biz Osmanın qatillərini istəyirik.
İbn Hənif dedi: Gözləyin Əli gəlsin deyib onlara şəhərə daxil olmağı qadağan etdi.
Sonra Osmanın qətlində iştirak edən Cəbələ adlı bir nəfər yeddi yüz nəfərlə onların qarşısına çıxdı. Talha və Zubeyr onlara qalib gələrək əksər tərəfdarlarını qətlə yetirdilər. Bəsrə şəhərinin əhalisinin çox hissəsi Talha, Zubeyr və Aişənin dəstəsinə qoşuldular. Allah bütün səhabələrdən razı olsun!
Əli (Allah ondan razı olsun) Bəsrə üzərində rəhbərlik edən valisi Osman ibn Həniflə, Talha, Zubeyr, Aişə və tərəfdarları arasında döyüş baş verdiyini eşidəndə Talha və Zubeyrə qarşı döyüşmək üçün on minlik qoşun düzəldib Mədinədən Kifəyə yola düşdü. Bu açıq-aşkar göstərir ki, onlar Əliyə qarşı deyil, Əli özü onlara qarşı döyüşə çıxmışdır. Heç də bidətçilər və onlardan təsirlənənlərin iddia etdikləri kimi Talha və Zubeyr Əliyə qarşı döyüşmək üçün toplaşmamışdılar. Əli, Miqdad ibn əl-Əsvəd və Qaqa ibn Amrı, Talha və Zubeyrlə danışığa göndərdi. Miqdad ibn əl-Əsvədlə Qaqa ibn Amr bir tərəfdən, Talha və Zubeyr isə digər tərəfdən döyüşün baş verməməsi haqda yekdil rəyə gəldilər və hər iki tərəf məsələyə öz baxışını açıqladı.
Talha və Zubeyrin baxışına görə Osmanın qatillərini boş buraxmaq olmaz. Əli isə düşünürdü ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil. Bunu ara sakitləşəndən və işlər yoluna qoyulandan sonra etmək lazımdır. Demək Osmanın qatillərindən qisas almağın zəruriliyini hamı istəyirdi. Sadəcə olaraq nə vaxt edilməsindən fikir ayrılığı mövcud idi.
Hər iki tərəf ittifaqa gəldikdən sonra qoşunlar ən xeyirli gecə yaşadıqları halda Səbiyyələr (Osmanın qatilləri) ən şər gecəni yaşayırdılar. Çünki hər iki tərəf qatillərdən qisas alınmasının zəruriliyi haqda ortaq rəyə gəlmişdilər. Təbəri[1], İbn Kəsir[2], İbn əl-Əsir[3], İbn Həzm[4] və bu kimi başqa tarixçi alimlərin fikrinə görə onların törədəcəkləri çaxnaşmaya səbəb bu idi. Bundan sonra Səbilər (Osmanın qatilləri) bu ittifaqın baş tutmaması üçün bir araya gəldilər. Sübh çağı idi və hamı yatırdı. Bir dəstə Səbi Talha və Zubeyrin dəstəsinə hücum çəkib qoşunun bir neçə nəfərini öldürüb qaçdılar. Talha və Zubeyrin dəstəsi Əlinin onlara xəyanət etməsini düşünüb səhər açılanda Əlinin qoşununa hücum çəkdilər. Əlinin qoşunu da elə düşündü ki, Talha və Zubeyr ona xəyanət ediblər. İki tərəf arasında çəkişmələr davam etdi və günorta üstü döyüş qızışdı. Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısına almağa çalışırdılar lakin buna müvəffəq olmadılar. Talha deyirdi: Ay camaat, siz səsinizi kəsəcəksiniz ya yox! Lakin onun dediyinə məhəl qoyan yox idi. Bunu görən Talha dedi: Təəssüflər olsun! Oda nəsib olan qurd-quş, müvəqqəti tamah dalınca düşmüsünüz[5].
Əli onlara döyüşməməyi əmr edir lakin ona əhəmiyyət verən yox idi. Aişə Kəb ibn Sur adlı bir nəfəri Quranla göndərir ki, döyüş dayansın. Lakin Səbilər onu oxla vurub qətlə yetirdilər.
Allah qorusun! Döyüş qızışanda heç kəs onu sovuşdura bilmir. Buxari İmruul Qeys adlı şairin şerindən bu misraları qeyd etmişdir:
Döyüş ilk baxışdan gənc görsənir
gözəlliyi cahilləri aşiq edir
Qızışanda, od tutub yananda
ərsiz qarı kimi öndən qaçar
Çallaşmış, gözdən düşmüş, dəyişilmiş
qoxulamağa, öpməyə ikrah oyatmış[6].
Cəməl döyüşü hicrətin otuz altıncı ilində, Əlinin (Allah ondan razı olsun) xilafətinin ilk çağlarında baş vermişdir. Döyüş günortadan sonra başlamış və həmin gün günəş batana qədər davam etmişdir.
Əlinin qoşununda on min nəfər var idi. Talha və Zubeyr tərəfdə isə beş-altı min adam var idi. Əlinin bayrağı Məhəmməd ibn Əli ibn Əbu Talibdə, qarşı tərəfin bayrağı isə Abdullah ibn Zubeyrdə idi.
Bu gündə çox müsəlman qətlə yetirilmişdi. Bu, böyük bir fitnə idi. Allahdan səhabələr üçün rəhmət və razılıq diləyirik.
Həmin gün Talha, Zubeyr və Məhəmməd ibn Talha vəfat etdi. Zubeyr və Talha bu döyüşdə iştirak etməmişlər. Rəvayətə görə Zubeyr (Allah ondan razı olsun) döyüş meydanına gəldikdə Əli ibn Əbu Taliblə qarşılaşır. Əli (Allah ondan razı olsun) ona deyir: Xatırlayırsan, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdi ki, sən haqsız yerə mənə qarşı döyüşəcəksən. Bunu eşidən Zubeyr meydandan çıxır və döyüşdə iştirak etmir.
Bəli, onun döyüşdə iştirak etməməsi doğrudur. Lakin onunla Əli arasında belə bir söhbət olubmu? Daha doğrusunu Allah bilir. Bu rəvayətin tarix kitablarında məşhurlaşmasına baxmayaraq onun mötərbər isnadı yoxdur. Zubeyrin bu döyüşdə iştirak etməməsi daha məşhur rəvayətdir. Zubeyr, İbn Cərmuz adlı bir nəfərin əli ilə xəyanətcəsinə qətlə yetirilmişdir.
Talha isə, camaatı döyüşü dayandırmağa səslədiyi halda azmış oxla qətlə yetirilir. Ox onun ayağında olan köhnə yarasının üzərinə isabət edir və bu səbəbdən də vəfat edir. Allah ondan razı olsun!
Çox insanlar həlak olduqdan sonra döyüş bitdi. Döyüşün qızğın çağları Aişənin dəvəsinin qorunması ətrafında gedirdi. Bu dəvə onlar üçün bir rəmz olduğundan qoşun bütün qüvvəsi ilə onu müdafiə edirdi. Ona görə dəvə yerə oturan kimi döyüş səngidi və dayandı. Beləliklə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) qələbə çaldı.
Doğru düşüncəyə görə bu döyüşdə heç kəs qələbə çalmayıb. Əksinə İslam dini və müsəlmanlar bu döyüşdən zərər çəkdilər.
Döyüşdən sonra Əli (Allah ondan razı olsun) ölən insanların cəsədləri arasında dolaşdıqda Talha ibn Ubeydullahın cəsədini gördü və onu qaldırıb, üzündən torpağı təmizləyərək dedi: "Ey Əbu Məhəmməd səni səma ulduzları altında atılmış görmək mənə çox ağırdır". Bu sözlərdən sonra Əli (Allah ondan razı olsun) ağladı və dedi: "Bunu görməkdənsə iyirmi il əvvəl ölmək mənə daha əzizdir"[7].
Həmçinin Əli (Allah ondan razı olsun) Məhəmməd ibn Talhanı da ölmüş vəziyyətdə gördü və ağladı. Məhəmməd ibn Talha çox ibadət etdiyi üçün Səccad ləqəbi ilə tanınırdı. Allah ondan razı olsun!
İstisna olmadan bütün səhabələr bu döyüşün baş verməsinə peşman olmuşdular.
Zubeyri qətlə yetirən İbn Cərmuz, əlində Zubeyrin qılıncını tutub Əlinin yanına daxil oldu və dedi: Zubeyri öldürdüm, Zubeyri öldürdüm! Bunu eşidən Əli dedi: "Bu qılınc, bir çox məqamlarda Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəm-qüssədən xilas etmişdir. Ey İbn Səfiyyəni (yəni, Zubeyri) öldürən, cəhənnəm sənə müjdə olsun!". Əli bu sözlərini deyib həmin adamın onun yanına daxil olmasına izn vermədi[8].
Nə üçün Əli, Osmanın qatillərindən qisas almadı?
Əli (Allah ondan razı olsun) məsələyə xeyir və şər baxışları ilə baxırdı. Onun nəzərinə görə qisası birdəfəlik tərk etmək yox, gecikdirmək daha xeyirlidir. Bu səbəbdən o qisası gecikdirirdi. Bir vaxtlar Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də İfk hadisəsində əli olanların qisasını gecikdirmişdi. O zaman bəziləri Aişəyə (Allah ondan razı olsun) böhtan atmış və onun haqqında danışmışdılar. Onun haqqında danışanlar, Həssan ibn Sabit, Həmnə bint Cəhş, Mistah ibn Əsasə və ən böyük böhtançı olan Abdullah ibn Ubey ibn Səlul idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) minbərə çıxaraq dedi: Ailəmə əziyyət verən insana qarşı edəcəyim hərəkətə görə məni kim üzürlü sayar? (O, bu sözləri ilə Abdullah ibn Ubey ibn Səlula işarə edirdi) Səd ibn Muaz ayağa qalxıb dedi: Ya Rəsuləllah mən səni üzürlü sayıram. Əgər o bizdən, Ovs qəbiləsindəndirsə onu öldürər, yox əgər qardaş Xəzrəc qəbiləsindəndirsə əmr edərsən onu da öldürərik.
Səd ibn Ubadə qalxıb Səd ibn Muaza, Useyd ibn Hudeyr də Səd ibn Ubadəyə etiraz etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları sakitləşdirməyə çalışdı[9]. Bundan sonra o, bu işin çətinliyini başa düşdü. Hələ Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə hicrət etməmişdən əvvəl Ovs və Xəzrəc qəbilələri Abdullah ibn Ubey ibn Səlulu özlərinə başçı seçdikləri üçün ona böyük hörmət bəsləyirdilər. Bu adam Uhud döyüşünə gedərkən qoşunun üçdə bir hissəsini geri qaytarmağa nail olmuşdu. Baxın bu məqamda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abdullah ibn Ubey ibn Səlulu qamçılatmadı. Buna səbəb nə idi? Səbəb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaatın xeyrini düşünməsi idi. Çünki o adamın çubuqlanması ilə xeyirdən çox şər olardı.
Əli (Allah ondan razı olsun) də qisası gecikdirməyin, tez edilməsindən daha xeyirli olduğunu düşünürdü. Əslində Əli (Allah ondan razı olsun) Osmanın qatillərini öldürə bilməzdi. Çünki qəbilələri onların müdafiəsində durur, fitnələr davam edir və dövlətdə əminamanlıq tam təmin edilməmişdi. Kim deyə bilərdi ki, onlar Əlini (Allah ondan razı olsun) öldürməzdilər? Həqiqətdə daha sonra onlar Əlini qətlə yetirirlər.
Ona görə sonralar xilafət Müaviyənin əlinə keçəndə o da Osmanın qatillərini öldürmədi. Buna səbəb nə idi? Çünki artıq o, Əlinin gördüklərinin şahidi olurdu. Əli xəlifəlik vaxtında işin həqiqətini dərk edirdi, Müaviyə isə məsələyə nəzəri baxırdı. Xilafətə gəldikdən sonra o da işin həqiqətini gördü. Düzdür Müaviyə adam göndərməklə onların bəzilərini öldürtmüşdü lakin digərləri isə Əbdülməlik ibn Mərvanın xilafətində Həccacın sərkərdə olduğu vaxta qədər yaşamaqdaydılar. Nəhayət o vaxt qalan qatillər də öldürüldülər.
Sözün qısası, Əli (Allah ondan razı olsun) qorxaqlıqdan deyil, ümmətin xeyirini düşündüyü üçün onları öldürə bilmirdi.
Cəməl döyüşü bitdikdən sonra Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmr etdiyi kimi Möminlərin Anası Aişəni (Allah ondan razı olsun) böyük ehtiramla Mədinə şəhərinə göndərdi. Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Səninlə Aişə arasında bir hadisə olacaqdır" Əli dedi: "Ya rəsuləllah! Məgər mən onlara qarşı çıxacağam?" Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Xeyr. Bu hadisə baş verəndə sən onu öz evinə qaytar"[10]. Beləliklə Əli (Allah ondan razı olsun) ona deyilən əmri yerinə yetirdi.

Səffeyn döyüşü
(Hicri 37)

Müaviyə, Osmanın qatillərindən qisas alınmayınca Əliyə beyət etməyəcəyinə israr edirdi. Cəməl döyüşünü bitirdikdən sonra Əli (Allah ondan razı olsun), Müaviyənin mütləq beyət etməsini qeyd edərək qoşunu hazırladı və dedi: "Müaviyə ya beyət etməli ya da döyüş olmalıdır". Əli yüz minlik qoşunla Şam vilayətinə, Siffeyn adlı yerə üz tutdu. Müaviyə Əlinin ona tərəf gəldiyini eşitdikdə minbərə çıxdı və dedi: Əli İraq camaatı ilə sizin üzərinizə gəlir! Nə deyirsiniz? Məsciddə olanlar başlarını aşağı tutub dayanmışdılar. Zülkila əl-Himyəri adlı bir nəfər qalxıb dedi: Səndən demək, bizdən etmək. Camaat isə hələ susurdu.
Əli (Allah ondan razı olsun) də minbərə çıxıb Allaha həmd səna etdikdən sonra dedi: Maviyə Şam camaatı ilə sizin üzərinizə gəlir nə deyirsiniz? Məscid camaatından hay-küy səsləri qalxdı. Hərə bir tərəfdən "Ey möminlərin əmiri belə edək... filan edək..." – deyirdi. Hay-küydən Əli camaatın nə dediyini başa düşə bilməyib təəsüflənərək "İnnə lilləhi və innə ileyhi raciun" “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyə-deyə minbərdən endi[11].
Baxın o Şam camaatı, bu isə İraq camaatı. Şam camaatı döyüşkən və ciddi idilər. İraq camaatı isə özbaşnalığı xoşlayan camaat idilər. Sonralar Əliyə (Allah ondan razı olsun) qarşı döyüşənlər və onu öldürənlər də özləri oldular. Bu haqda sonra danışacayıq.
Hicrətin otuz yeddinci ili Səfər ayında Əli (Allah ondan razı olsun) Siffeynə çatdı.
Əbu Müslim əl-Xovlani Müaviyənin yanına daxil olub deyir: Sən Əliyə qarşı çıxırsan, məgər sən onunla birsən?
Müaviyə dedi: Xeyr, Allaha and olsun mən bilirəm ki, Əli məndən üstündür və o xilafətə daha haqlıdır. Lakin siz bilmirsiniz ki, Osman zülm ilə öldürülmüşdür? Mən isə onun əmisi oğluyam və onun intiqamını tələb edirəm. Gedin Əliyə deyin Osmanın qatillərini mənə versin, mən də bütün rəhbərliyi ona təslim edirəm. Əliyə bu təklifi dedikdə qatilləri qaytarmaqdan imtina etdi[12].
Müaviyə özünün xəlifə olduğunu demir və Əli ilə xilafət mübahisəsi aparmırdı. Ona görə döyüşdən sonra imzalanan müqavilədə "Möminlərin əmiri Əli ilə Müaviyə ibn Əbu Suyfan arasında ittifaq" – sözlərini yazdıqda Müaviyə dedi: Möminlərin əmiri yazma. Əgər sənin Möminlərin əmiri olduğuna beyət etsəydim sənə qarşı döyüşməzdim. Sadəcə olaraq özünün və mənim adımı yaz. Sonra Müaviyə üzünü katibə tutub dedi: Onun məndən üstünlüyünə və İslamı tez qəbul etməsinə görə adını mənim adımdan öncə yaz[13].
Əli ilə Müaviyə arasında olan döyüş iki xəlifə arasında olan müharibə sayılmır. Bu döyüşün səbəbi yayılan şayələrdə deyildiyi kimi heç də xilafət mübahisəsi deyildi. Əsl səbəb Əlinin Müaviyəni vəzifəsindən azad etmək istəyi, Müaviyənin isə əmisi oğlunun qisasını almadıqca, yaxud qatillər ona verilmədikcə rəhbərliyi təslim etməyəcəyində israrlı olması idi.
Əlinin qoşunu yüz min, Müaviyənin qoşunu isə yetmiş min idi. Bu döyüşdə Əlinin qoşunundan Ammar ibn Yasir adlı səhabə vəfat edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu səhabənin ölümü haqda demişdir: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir"[14].
Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir, deyərək Əhməd susdu[15].
İbn Həcər deyir: Əhli sünnənin Cümhur (əksər) alimləri Əli ilə döyüşənlərin bu mübahisələrdə daha haqlı olduqlarını deyirlər. Əliyə qarşı döyüşənlərin zalım olduqları sübutunu tapmışdır. Lakin bu, qarşı tərəfin məzəmmət edilməsinə əsas vermir. Alimlər deyirlər ki, onlar səhv ictihad etmişlər[16].
Başqa bir məqamda İbn Həcər deyir: Əhli Sünnənin yekdil rəyinə əsasən haqlı tərəf tanındığı halda yenə səhabələrin etdikləri səhvlərə görə onlara qarşı pis danışmaq əsla yolverilməzdir. Çünki onların bu döyüşləri ictihaddan irəli gəlmişdir[17].
Təbəri, Əliyə dəstək olanların haqlı olduqlarını göstərmək üçün deyir: Müsəlmanlar arasında baş verən ikitirəli məsələlərdən daim qaçmaq və çəkilib evində oturmaq mövqeyini seçmək vacib olsaydı heç bir qanun tətbiq edilməz, batilin batilliyi sübuta yetməzdi, əksinə fasiqlər cinayət etmək üçün özlərinə fürsət tapardılar[18].
Mənim fikrimcə bu söz bir tərəfin açıq-aşkar haqlı olduğu məqamlara aiddir. Lakin iş qarışıq olanda kənara çəkilmək lazımdır. Ona görə əksər səhabələr bu döyüşlərdə iştirak etməkdən imtina etmişdilər.
Demək biz, Talha, Zubeyr və Aişənin, həmçinin Əli və onun tərəfdarlarının bu döyüşlərə ictihada əsaslanaraq qatıldıqlarını etiqad etməliyik. Bu döyüşlər, bir fitnə hadisəsi idi. Ələlxüsus Cəməl döyüşü hazırlıqsız və döyüş iradəsi olmadan baş vermişdi.
İbn Həzm və İbn Teymiyyə cümhur (əksər) alimlərin bu haqda danışmaqdan imtina etdiklərini nəql etmişlər. İbn Teymiyyə deyir: Əgər kimsə desə ki, döyüşü Əli başlayıb, ona belə cavab verilir: Onlar Əliyə itaətkarlıq göstərməkdən və beyət etməkdən boyun qaçırmış, Əlini Osmanın qətlində əlbir olan zalım kimi qəbul etmiş, bu haqda şayəni məqbul saymışdılar. Şam camaatı arasında Əlinin, Osmanın qətlinə razılıq verməsi haqda şayə yayılmışdı. Onlar bu şayəni dörd əsasa görə qəbul etmişdilər:
Osmanın qatillərindən qisas almamaq.
Cəməl döyüşü
Mədinə şəhərindən çıxıb Osmanın qatillərinin sığınacağı sayılan Kufədə məskən salması.
Osmanın qətlində ittiham olunan bəzi insanların Əlinin qoşununda yer alması.
Bu dörd səbəbə görə Şam əhlinin cahil təbəqəsi yayılan şayəyə, yəni Osmanın qətlində Əlinin əlbir olmasına, inanmışdılar. Lakin əslində Əlinin bu qətldə əli yox idi. Əksinə o, Osmanın qatillərini lənətləyirdi. Əgər kimsə desə ki, bu amil onlara qarşı döyüşməyə əsas vermir? Cavab isə belədir ki, Osmanın qatillərindən qisas almaq üçün acizlik etdiyinə görə Şam camaatının Əliyə qarşı döyüşməyə haqları yox idi. Hətta Əli acizlikdən deyil, məsələni yozumlu düşünərək, yaxud günah iş tutaraq qatillərdən qisas almasaydı yenə də bütün bunlar şamlıların camaatı parçalamasına və beyətdən imtina etməsinə əsas vermirdi. Əksinə Əliyə beyət etmək İslam dini və müsəlmanlar üçün xeyirli olardı.
Hansı səhabələr bu döyüşlərdə iştirak etmişdir?
Cəməl və ya Siffeyn döyüşündə iştirak edən səhabələr:
Əli ibn Əbu Talib, Talha, Zubeyr, Aişə, Abdullah ibn Zubeyr, Həsən, Hüseyn, Ammar, İbn Abbas, Müaviyə, Amr ibn əl-As, Qeys ibn Səd, əl-Qaqa ibn Amr, Cərir ibn Abdullah, Xuzeymə ibn Sabit, Əbu Qatadə, Əbulheysəm ibn Ətteyhan, Səhl ibn Səd, Cabir ibn Abdullah, Abdullah ibn Cəfər, Ədiy ibn Hatim, əl-Əşəs ibn Qeys, Cariyə ibn Qudamə, Fudalə ibn Ubeyd və Numan ibn Bişr.
Bu döyüşlərdən imtina edənlər:
Səd ibn Əbu Vaqqas, Səd ibn Zeyd, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə, Usamə ibn Zeyd, Əbu Hureyrə, Zeyd ibn Sabit, İmran ibn Huseyn, Ənəs ibn Malik, Əbu Bəkrə əs-Səqafi, əl-Əhnəf ibn Qeys, Əbu Əyyub əl-Ənsari, Əbu Musa əl-Əşari, Əbu Məsud əl-Ənsari, əl-Valid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir, Adbullah ibn Amr ibn əl-As, Əbu Bərzə əl-Əsləmi, Əhban ibn Seyfi, Sələmə ibn əl-Əkva və ümumiyyətlə əksər səhabələr bu döyüşlərdə iştirak etməmişdilər.
Təhkim (işin münsiflərə həvalə edilməsi) hadisəsi:
Siffeyn döyüşü təhkim hadisəsi ilə yekunlaşdı. (döyüşün həddindən artıq qızışdığını görən döyüşçülər) Quranları nizələrin ucuna taxıb göyə qaldırıldıqdan sonra döyüş dayandı. Əli (Allah ondan razı olsun) mübahisənin bitməsi üçün bu işin münsiflərə həvalə edilməsinə razılıq verdi. Təhkim hadisəsinin vaxtını ramazan ayına təyin etdikdən sonra Əli Kufəyə, Müaviyə isə Şama qayıtdı. Vaxt yetişəndə Əli, Əbu Musanı, Müaviyə isə Amr ibn əl-Ası münsif kimi göndərdi. Bu məşhur hadisənin baş verməsi belədir.
Amr ibn əl-As və Əbu Musa əl-Əşari münsif təyin edildikdən sonra, Əli ilə Müaviyəni rəhbərlikdən azad etmək haqda ittifaq etdilər. Əbu Musa minbərə çıxdı və dedi: Mən bu üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən azad edirəm. Sonra üzüyünü barmağından çıxartdı. Amr ibn əl-As da minbərə çıxdı və dedi: Mən də Əbu Musa kimi, üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən çıxarır, üzüyümü barmağıma taxdığım kimi Müaviyəni xəlifə təyin edirəm. Bundan sonra hay-küy başladı və Əbu Musa qəzəbli halda Kufəyə Əlinin yanına deyil, Məkkəyə getdi. Amr ibn əl-As isə Şama qayıtdı[19].
Bu hadisə uydurmadır, yalandır. Bu hadisəni digər uydurma hadisələr kimi Əbu Mixnəf uydurmuşdur.
Həqiqətdə isə hadisə haqq əhlinin mötəbər yolla rəvayət etdikləri kimidir. Buxari öz tarix kitabında deyir: Təhkim hadisəsinin vaxtı yetişdikdə Amr ibn əl-As, Əbu Musa əl-Əşari ilə görüşdü və dedi: Sən bu (ortaq məxrəc) haqda nə düşünürsən?
Əbu Musa dedi: O, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölərkən razı qaldığı kimsələrdəndir[20].
Amr ibn əl-As dedi: Bəs mənə və Müaviyəyə necə baxırsan?
Əbu Musa dedi: Əgər o sizi özünə köməkçi tutsa ona kömək edərsiniz. Əgər Əli sizə ehtiyac duymasa, siz olmasanız da Allahın dini yaşayacaqdır[21]. Bununla məsələ bitdi və Amr ibn əl-As Müaviyənin, Əbu Musa əl-Əşari isə Əlinin yanına bu xəbərlə qayıtdı.
Üç şeyə əsasən birinci rəvayət uydurmadır:
Birinci: Rəvayətin isnadı zəifdir. İsnadda Əbu Mixnəf adlı yalançı var.
İkinci: Müsəlmanların xəlifəsini nə Əbu Musa əl-Əşari nə də başqası vəzifədən çıxara bilməz. Əhli sünnəyə görə xəlifə belə asanlıqla çıxarıla bilməz. Necə ola bilər ki, iki nəfər adam möminlərin əmirini çıxarmaq üçün ittifaq etsinlər. Bu doğru söz deyil. Təhkim hadisəsinin nəticəsinə görə Əli Müsəlmanların xəlifəsi kimi Kufədə otursun, Müaviyə isə Şamda əmir kimi qalsın və iki tərəf arasında müharibəyə son qoyulsun.
Üçüncü: Qeyd etdiyimiz mötəbər rəvayət, bu rəvayətin uydurma olmasını aşkar edir.

Nəhrəvan döyüşü
(Hicri 38 ili)

Əli (Allah ondan razı olsun) Kufəyə qayıtdıqda xəvariclər təhkim hadisəsinə etiraz olaraq "Hökm yalnız Allahındır" deyib ona qarşı çıxdılar. Hər yerdə müxtəlif şüarlarla Əliyə qarşı danışır, hətta məsciddə də "Hökm yalnız Allahındır" deyərək qışqırırdılar. Əli (Allah ondan razı olsun) bunları gördükdə deyirdi: "Söz Haqq sözdür, lakin məramları batildir"[22].
Bundan sonra onlar Abdullah ibn Xubbab adlı səhabəni və doqquz aylıq hamilə yoldaşının qarnını yarıb uşağı və qadını öldürdülər. Əli bu xəbəri eşidəndə səhabəni öldürənin kimliyini öyrənmək üçün oraya adam yolladı. Onlar dedilər: Onu biz hamımız öldürmüşük.
Əli (Allah ondan razı olsun) on minlik qoşunla onlara tərəf getdi və Nəhrəvan adlı yerdə onlarla döyüşdü.
İmam Əhməd deyir mən İshaq ibn İsa ət-Təbbadan o da Yəhya ibn Suleymdən o da Abdullah ibn Osman ibn Xuseymdən o da Ubeydullah ibn İyad ibn Amr əl-Qaridən rəvayət edərək deyir: Biz Aişənin yanında oturmuşduq. Abdullah ibn Şəddad içəri daxil oldu. O Əlinin xəvariclərə qarşı döyüşdüyü günlərdən sonra İraqdan qayıdırdı.
Aişə dedi: Ey Abdullah ibn Şəddad sən mənim sualıma doğru cavab verə bilərsən?
Aişə dedi: Mənə Əlinin döyüşdüyü toplum haqda danış?
İbn Şəddad dedi: Mənim doğru danışmamağıma nə səbəb ola bilər ki?
Aişə dedi: Mənə onlar haqda danış!
İbn Şəddad dedi: Əli Müaviyə ilə iki nəfəri münsif təyin edib razılığa gəldikdən sonra səkkiz min qari Əlinin bu hərəkətinə etiraz edərək Kufə yaxınlığında Hərura adlı yerdə toplaşdılar və "Allahın geyindirdiyi libası əynindən çıxarmısan, sənə verdiyi adı üstündən qötürmüsən, hökm yalnız Allaha məxsus olduğu halda sən Onun dinində insanları hakim etmisən!" sözləri ilə etirazlarını bildirdilər.
Əli (Allah ondan razı olsun) onların etirazlarını və camaatdan ayrıldıqlarını eşitdikdə, car çəkib insanları çağırmağı bir nəfərə əmr etdi və möminlərin əmirinin yanına yalnız əlində Quran olanların buraxılmasını tapşırdı. Məscid qarilərlə dolduqdan sonra bir Quran gətirməyi əmr etdi. Quranı qarşısına qoyub əli ilə onu taqqıldadaraq deyirdi: Ey Quran insanlarla danış!
Camaat onu çağırıb dedilər: Ey möminlərin əmiri! Sən ondan nə soruşursan? O axı sadəcə olaraq vərəq və mürəkkəbdən ibarətdir! Biz Quran haqda deyilən rəvayətləri danışırıq, bəs sən nə istəyirsən?
Əli dedi: Sizin üsyan etmək istəyən dostlarınızla mənim aramda Allahın kitabı hakimdir. Allah Öz kitabında qadınla kişi haqda buyurur: "(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!"[23]. Məhmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümməti bir kişi və bir qadından daha hörmətli və dəyərlidir.
Müaviyə ilə sülh bağlayanda adımı "Əli ibn Əbu Talib" yazdığım üçün mənə irad tuturlar[24]. Hansı ki, Suheyl ibn Amr gəlib Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qureyş qəbiləsi arasında sülh bağlayarkən biz də oradaydıq.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Bismilləhir Rəhmanir Rəhim" yazdı.
Suheyl dedi: "Bismilləhir Rəhmanir Rəhim" yazma.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bəs necə yazım?
Suheyl dedi: "Bismikə Allahummə" yaz.
Sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) katibə "Allahın elçisi Məhəmməd" yazmasını dedikdə Suheyl dedi: Əgər mən sənin Allah elçisi olduğunu bilsəydim sənə qarşı çıxmazdım. Sonra müqaviləni, "Məhəmməd ibn Abdullahın Qureyşlə bağladığı sülh" sözləri ilə yazdılar.
Allah təala Öz kitabında buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"[25].
Əli, Abdullah ibn Abbası xəvariclərlə danışığa göndərdi. İbn Abbas onların olduqları yerə çatanda İbn əl-Kəvva qalxıb insanlara xitab edərək dedi: Ey Quran daşıyıcıları, bu Abdullah ibn Abbasdır. Kim onu tanımırsa mən onu, onu tanımayanlara Quranla tanıtdıra bilərəm. Quranın bu ayəsi: "Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!"[26] - o və onun qəbiləsi haqda nazil olmuşdur. Onu dostlarının yanına qaytarın, Allahın kitabını onun qarşısında kiçiltməyin. Onların başbilənləri qalxıb dedilər: Allaha and olsun, əgər o bizim bildiyimiz həqiqəti söyləyərsə biz Allahın kitabını onun qarşısında kiçildər, dediyini qəbul edərik. Yox əgər batil danışarsa dediyi ilə də onu vurarıq. Abdullaha bu iş üçün üç gün vaxt verin. Bu danışıqdan sonra İbn əl-Kəvva da daxil olmaqla onların dörd mini tövbə etdi, hətta İbn Abbas onları Kufəyə, Əlinin yanına gətirdi[27].
Əli tövbə etməyən xəvariclərə belə bir xəbər göndərdi: Siz bizm və camaatın başına gələnləri bilirsiniz. Məhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətinin əhdi aramızda olana qədər istədiyiniz yerdə yaşayın. Əgər siz haqsız qan töküb, yolkəsənlik edib, zimmilərə zülm etsəniz əhdi pozarsınız. Əgər siz əhdi pozsanız biz sizinlə müharibə edəsi olacayıq. Həqiqətən Allah xainləri sevməz.
Aişə Şəddada dedi: Əli onlara qarşı döyüşdü?
Şəddad dedi: Allaha and olsun, onlar yolkəsənlik edib, nahaq qan axıdıb, zimmiləri öldürmədikcə Əli onlara qarşı döyüşmədi.
Aişə dedi: Allah xətrinə, doğrudanmı belə olub?
Şəddad dedi: Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, həqiqətən belə olmuşdur.
Aişə dedi: Mən zimmilərdən "zussədiyyə" haqda çox eşidirəm.
İbn Şəddad dedi: Mən özüm onu ölülərin arasında gördüm və Əli ilə birlikdə onun başı üstündə dayandıq. Əli camaatı çağırıb dedi: Siz bu adamı tanıyırsınızmı? Gələn adamlar onu filan və filan məsciddə namaz qılan görmüşdük deyirdilər, amma heç kəs onun haqda dəqiq məlumat verə bilmirdi.
Aişə dedi: İraqlılar Əlinin onun başı üstündə dayanarkən nə isə dediyini iddia edirlər. Əli nə demişdi?
İbn Şəddad dedi: Əlinin belə dediyini eşitdim: Həqiqətən Allah və Elçisi doğru danışandır.
Aişə dedi: Bəs bundan başqa nə isə dediyini eşitmisən?
İbn Şəddad dedi: Allah da şahiddir ki, bundan başqa heç nə eşitməmişəm.
Aişə dedi: Əlbəttə Allah və Elçisi doğru danışandır. Allah Əliyə rəhm etsin. O həmişə təəcüblü bir işlə qarşılaşdıqda "Allah və Elçisi doğru danışandır" deyərdi. İraq camaatı isə onun adından yalan danışıb dediklərinə əlavələr etmişlər[28].
Xəvariclərin sayı min nəfər idi. Əli onlara qarşı döyüşür və onun qoşunundan yalnız dörd, digər rəvayətə əsasən yeddi nəfər şəhid olur[29].
Xəvariclərin arasında Əlinin gördüyü əl-Muxdəc Zussədiyyə adlı bir nəfər var idi. Səhih Müslimdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: "Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir". Digər rəvayətdə isə o tayfa arasında Zussədiyyənin olacağını qeyd etmişdir[30].
Əli onu tapana qədər ölənlər arasında onu axtardı. Onu tapanda Allaha şükr əlaməti olaraq səcdə etdi. Çünki bununla Əli özünün haqq tərəfində olduğuna əmin oldu[31].

[1] Məcmu əl-Fətava: 3, 517.
[2] əl-Bidayə vən Nihayə: 7, 2509.
[3] əl-Kamil fit-Tarix: 3, 120.
[4] əl-Fasl fil miləl vəl əhva vən nihəl: 4, 293.
[5] Tarix Xəlifə ibn Xəyyat: 182.
[6] Səhih əl-Buxari: Kitabul Fitnə, Bab əl-Fitnətulləti təmucu kəmovc əl-bəhr.
[7] Tarix Dəməşq, İbn Əsakir əl-Müxtəsər, 11, 207. Usudul Ğabə 3, 88. Busiri adlı alim demişdir: sənədin rəvayətçiləri etibarlıdır. Onun bu rəvayətini Hafiz ibn Həcər Mətalibul Aliyə adlı əsərndə (4, 302) bu rəvayətin sözlərini azacıq fərqli şəkildə qeyd etmişdir.
[8] Tabaqat ibn Səd: 3, 105. Sənədi həsəndir (məqbuldur).
[9] Səhih əl-Buxari: Kitabul Məğazi, Bab hədisul-ifk. ? 4141. Müslim Kitab ət-Tövbə: ? 2770.
[10] Müsnəd Əhməd: 6, 393. Hafiz İbn Həcər, Fəthul Bari əsərində sənədinin həsən olduğunu demişdir. 13, 60.
[11] Tarixul İslam: Əhd əl-Xuləfə ər-Raşidin, səh 540.
[12] Tarixul İslam: Əhd əl-Xuləfə ər-Raşidin, səh 540. Sənədi səhihdir.
[13] ƏL-Bidayə vən Nihayə: 7, 288.
[14] Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ? 447. Müslim: Kitabul Fitnə: ? 2915.
[15] əs-Sünnə, Xəllal: səh 463, ? 722.
[16] Fəthul Bari: 13, 72.
[17] Fəthul Bari: 13, 37.
[18] Fəthul Bari: 13, 37.
[19] Tarixut Təbəri: 4, 51. əl-Kamil fit tarix: 3, 168.
[20] O, bu sözləri ilə Əli ibn Əbu Talibi nəzərdə tutur.
[21] ət-Tarixul Kəbir: 5, 398. Təhkim hadisəsi haqda Təbərinin Tarix kitabında Əbu Mixnəfin rəvayətləri fəslinə baxmaq olar.
[22] Bu sözlər bir məsəl olaraq çəkilməkdədir.
[23] Nisa: 35.
[24] Yəni, Əli demək istəyir ki, xəvariclərin etirazına səbəb, Müaviyə ilə saziş imzalanarkən öz adını yazdıqda əvvəlində Möminlərin Əmiri sözlərinin silinməsinə razılıq verməsidir.
[25] əl-Əhzab: 21.
[26] Zuxruf: 58.
[27] Müstədrəkul Hakim: 2, 150.
[28] Müsnədi Əhməd. Təhqiq Əhməd Şakir. ? 656. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.
[29] əl-Bidayə vən Nihayə: 7, 298.
[30] Müslim: Kitab əz-Zəkat, ? 148 və ardı. Səhih əl-Buxari, Kitab əl-mənaqib, Bab Aləmət ən-Nubivvə, ? 3610.
[31] Müsnədi Əhməd. Təhqiq Əhməd Şakir. 2, 154, ? 848. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:13 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
MÖMİNLƏRİN ƏMİRİ ƏLİ İBN ƏBU TALİBİN (A.R.O.) ŞƏHİD OLMASI
Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn Əbu Talibi, Müaviyə ibn Əbu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.
Onlar deyirdilər: Bu üç nəfəri qətlə yetirməklə Allaha ibadət edək. Onların iddiasına görə bu yolla camaatı bu üç nəfərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: Mən Əlini öldürəcəyəm. Əl-Bərak ət-Təmimi dedi: Mən isə Müaviyəni öldürəcəyəm. Amr ibn Bəkr ət-Təmimi isə dedi: Mən isə Amr ibn əl-Ası öldürəcəyəm. Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.

Amr ibn əl-As Misirdə, Müaviyə Şamda, Əli isə Kufədə idi. Əli Sübh namazına gələrkən İbn Mülcəm onu bir həftə öncə zəhərə batırdığı xəncərlə vurdu. Əli vurulanda dedi: Mən sağalsam özüm onu mühakimə edəcəyəm. Yox əgər mən ölsəm qisasımı ondan alın. İbn Mülcəm dedi: Xeyr, Allaha and olsun, mən onu bir həftədir ki, zəhərə batırmışam.
Əli vəfat etdikdən sonra İbn Mülcəmi gətirib iki əlini kəsib, gözlərini çıxartdılar. Amma o bundan təsirlənməmişdi. Onun dilini kəsmək istədikdə qorxdu. Orada olanlar dedilər: İndi qorxursan? O dedi: Mən, bundan sonra yaşayacağım müddətdə Allahı zikr edə bilməyəcəyimdən qorxuram!
Sübhənallah! Açıq-aşkar zəlalət budur. Belə haldan Allaha sığınırıq. Allah dostlarından birinin qanını halal edib (qətlə yetirib), sonra yaşayacağı müddətdə Allahı zikr etməkdən məhrum olmasından qorxur!
əl-Bərak da Sübh namazında Müaviyəni vurdu. Zərbə ona dəysə də öldürücü olmadı. Rəvayətlərə əsasən bu zərbə onun bir daha övladı olmamasına səbəb oldu.
Amr ibn əl-Ası qətlə yetirmək istəyən də Sübh namazına gəlmişdi. Amr, ishal xəstəliyinə tutulduğundan camaata namaz qıldırmaq üçün məscidə çıxmamışdı. Namaza imamlıq edən adamın Amr ibn əl-As olduğunu zənn edərək onu qətlə yetirdi. Namaza imamlıq edən Xaricə ibn Əbu Həbib adlı bir nəfər idi. Qatil onu namazda olduğu halda vuraraq qətlə yetirdi. Onu tutdular və dedilər: Sən nə etdin?
O dedi: Camaatı amr ibn əl-Asın əlindən xilas etdim.
Dedilər: Sən Amrı öldürməmisən, Xaricəni öldürmüsən.
O dedi: Mən Amrı öldürmək istəyirdim, Allah isə Xaricənin ölməsini istədi[1].
Sonda hər üç qatil: Bərak, İbn Mülcəm və Amr ibn Bəkr ət-Təmimi - öldürüldülər[2].

[1] Bu söz bir məsəl olaraq dillərdə qaldı.
[2] ət-Təbaqat əl-Kubra: 3, 35. əl-Bidayə vən Nihayə: 7, 338.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:13 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
ƏHLİ-BEYT KİMLƏRDİR?
Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin – Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) Əhli-beytdən olduğunu iddia edənlərin əksinə olaraq, bu məfhumun ən əvvəl peyğəmbərin (s.a.v.) həyat yoldaşlarını əhatə etdiyini bildiriblər. Əhli-beytin yalnız dörd nəfərdən ibarət olduğunu söyləmək dilçi alimlərin və din alimlərinin bu məsələ ilə bağlı söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir.

İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara» – deyildiyini bildirir.(İbn Farix«Maqayis al-Luğa» cild 1,səhifə150.)

Dilçi alim ər-Rağib əl-İsfahaninin bu məsələyə münasibəti belədir: «Kişinin əhli onun qohumlarına və onunla eyni dində olan insanlara deyilir. Həmçinin bu, sənətləri eyni olan, bir evdə və ya ölkədə yaşayan insanlara da aiddir. Əslində isə kişinin əhli onunla bir yerdə yaşayan şəxslərdir. Sonralar bu məna daha da genişlənərək aralarında qohumluq əlaqəsi olan insanlara da şamil edilmişdir. Qeyd edək ki, Quranın «əl-Əhzab» surəsinin 33-cu ayəsinə görə Əhli-beyt deyildikdə peyğəmbərin ailəsi nəzərdə tutulur. Həmin ayədə deyilir:
"…Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" («əl-Əhzab», 33).
Beləliklə, kişinin əhli dedikdə zövcəsi, islam əhli dedikdə isə onun qayda-qanunlarına əməl edən insanlar nəzərdə tutulur. Sonra o bildirir ki, ərəbcə, kişi evlənərsə ona ailə sahibi oldu deyilir və birinə Allah-təala səni Cənnətdə evləndirsin dedikdə həmin məna nəzərdə tutulur». (ər-Rağib əl-Əsfahani,«al-Mufradat fi Qarib al-Quran», səhifə.29.)

İbn Manzurun «Lisən əl-arab» kitabında qeyd edilir ki, «Məzhəb əhli onun ardıcıllarına, islam əhli onun qayda-qanunlarına əməl edənlərə, əmr əhli hakimlərə, ev əhli onun sakinlərinə, kişinin əhli ona ən yaxın insanlara deyilir və Peyğəmbərin (s.a.v.) Əhli-beyti onun zövcələri, qızları və kürəkəni Əlidir. Peyğəmbərin Əhli-beytinin yalnız onun zövcələrindən ibarət olduğu da nəql edilmişdir. Sonra o bildirir ki, ərəb dilində «ət-təəhhul» sözü evlənmək mənasında işlədilir və arvadı, uşaq¬arı olan kişiyə «əhil», evlənməyən şəxsə «azəb», kişiyə ən yaxın insanlara onun əhli, Allah-təalaya və peyğəmbərinə yaxın olan insanlara isə övliyalar deyilir»(İbn Mnazur «Lisan əl-Arab», cild-11, s.29-30.)

«Təc əl-arus» kitabında bu məsələ ilə bağlı deyilir ki, «Məzhəb əhli onu qəbul edib inanan insanlar, kişinin əhli zövcəsi və övladlarıdır. Quranın «əl-Qəsəs» surəsinin 29-cu ayəsində də həmin bu məna nəzərdə tutulur. Bu ayədə belə qeyd olunur:
"Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü…" («Əl-Qəsəs», 29).
Ayədəki ailə sözü ilə Musa peyğəmbərin zövcəsinə işarə olunur. Məhəmməd peyğəmbərin əhli dedikdə də onun zövcələri, qızları və kürəkəni Əli (Allah ondan razı olsun!) qəsd olunur. Həmçinin onun əhlinin ona yaxın kişi qohumlarını, nəvələrini əhatə etdiyi də qeyd olunmuşdur. Aşağıdakı ayələrdə də yuxarıda qeyd etdiyimiz məna nəzərdə tutulur. Allah-təala Quranda buyurur:
«Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et» («Taha», 132).
Digər Quran ayəsində isə belə deyilir:
«…Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər»(«əl-Əhzab», 33).
Başqa bir ayədə Allah-təala buyurur:
«… Ey ev əhli! Allahın mərhəməti və bərəkəti sizin üstünüzdə olsun…»(«Hud», 73).
Beləliklə hər peyğəmbərin əhli onun ümməti və millətidir. Allah-təala Quranda buyurur:
«O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi…» («Məryəm», 55).
Ayədə İsmayıl peyğəmbərdən bəhs edilir və oradakı «əhl» sözü yuxarıda qeyd etdiyimiz mənanı ifadə edir.
Həmçinin «əl-Misbah əl-munir» kitabında bu məsələ ilə bağlı deyilir: «Kişinin əhli onun qadınlarına, ev əhlinə və tərəfdarlarına deyilir».(«Tac əl-Arus», cild-7, səhifə. 217.)

Bununla da dilçi alimlərin qeyd etdiyi dəlillərdən peyğəmbərin (s.a.v.) Əhli-beyti dedikdə kimlərin nəzərdə tutulduğu bizə aydın oldu. Beləliklə, peyğəmbərin (s.a.v.) Əhli-beytinə onun zövcələri, sonra uşaqları və qohumlar daxildir. Quranda bir neçə yerdə bu mənaya işarə olunmuşdur. Allah-təala Quranda Xəlilullah İbrahim peyğəmbərin hekayətində mələklərin onun yanına mücdə ilə gəlməsindən bəhs edərkən buyurur:
«(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) mücdələdik. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"» («Hud», 71-72).
Bu ayələrin davamı olan, yuxarıda göstərdiyimiz «Hud» surəsinin 73-cü ayəsində qeyd olunan Əhli-beyt ifadəsində də İbrahim peyğəmbərin (ə) zövcəsi nəzərdə tutulur. Həmçinin Allah-təala Quranda Musa peyğəmbər (ə) haqqında danışarkən buyurur:
«Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm…"» («əl-Qəsəs», 29).
Bu ayədə də Əhli-beyt dedikdə Musa peyğəmbərin (ə) həyat yoldaşı nəzərdə tutulur. Çünki, həmin vaxt Musa peyğəmbərin (ə) yanında həyat yoldaşından başqa heç kim yox idi. Bundan əlavə Quranda peyğəmbərin (s.a.v.) zövcələrinə xitabən Əhli-beyt ifadəsi işlədilir. Allah-təala Quranda buyurur:
«Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və Hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!» («əl-Əhzab», 33-34).
Quran elmləri haqqında azacıq məlumata malik olan insan ayədə qeyd olunan Əhli-beyt ifadəsinin peyğəmbərin (s.a.v.) zövcələrinə aid olduğunu başa düşər. Çünki ayənin əvvəlindəki "vaqarnə" (evlərinizdə qərar tutun) sözü, ondan əvvəl və sonra gələn ayələrin möminlərin analarına (Allah onlardan razı olsun!) xitabən deyildiyinə dəlalət edir.
Təfsir alimi əl-Qurtubi öz kitabında bu ayənin mənasını belə şərh edir: «Ayədən aydın olur ki, Əhli-beyt anlamı peyğəmbərin (s.a.v.) zövcələrini və ona yaxın digər insanları əhatə edir. "Yutahhirakum" felinin kişi cinsində işlədilməsi peyğəmbərin (s.a.v.), Əli, Həsən və Hüseynin Əhli-beytdən olmasından irəli gəlir. Çünki, ərəb dilində kişi və qadına birlikdə müraciət edildiyi zaman fel kişi cinsində işlədilir. Ayənin mənasından aydın olur ki, peyğəmbərin (s.a.v.) zövcələri onun Əhli-beytindən sayılırlar. Ona görə ki, bu ayə onlar haqqında nazil olub və onlardan bəhs edir. Dediklərimizi ayənin mənası da təsdiqləyir!»
(əl-Qurtubi «Cəmi əl-Əhkəm əl-Quran», cild-14, səhifə. 183.)

Quranda buyrulan “əhli-beyt” kimdir məsələsində alimlər ixtilaf etmişlər:
1) İbn Abbas, İkrimə, Miqatil, Səid bin Cübeyr (Allah onlardan razı olsun!) kimi böyük səhabələrə görə əHli-beytə Peyğəmbərin (s.a.v.) arvadları daxildir. Çünki «əl-Əhzab» surəsinin 28-34-cü ayələrində müraciət peyğəmbərin (s.a.v.) arvadlarına edilir:
“Ya Peyğəmbər! Arvadlarına belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Siz ey peyğəmbərin arvadları! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz gözəl və minnətsiz ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin arvadları! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də yad kişilərlə yumşaq danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın. Evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna iitaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək etmək istər! Allahın evlərinizdə oxunan ayələrini və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır və xəbərdardır” («əl-Əhzab», 28-34).
Bu ayələrdən görünür ki, “ev” deyildikdə Peyğəmbər və arvadlarının yaşadığı məskənlər nəzərdə tutulur və müraciət arvadlaradır.
2) Səhabələrdən Əbu Səid əl-Xudri, Mücahid, Qatadə isə ev-əhlinin Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) olduğunu demişlər. Onların belə demələrinin dəlili “Siz ey ev əhli” ayəsində müraciət formasının ərəb dilinə görə zahirən qadınlara deyil, kişilərə olmasıdır.
Birinci rəy tərəfdarları 2-cini belə rədd edirlər ki, müraciətin qadınlara deyil, kişilərə olması dəlil ola bilməz, çünki bu ərəb dilinin bəlağətindən irəli gəlir. Bəzən təkə cəm kimi, ikiliyə cəm kimi, qadınlara bir nəfər kişi kimi və s. formalarda müraciət edilir. Və Quranda bunlara sübutlar var. Məsələn əl-Maidə surəsinin 6-cı ayəsində dirsək və əlin iki olmasına baxmayaraq, “iki dirsəyi” və “iki əlinizi” deyil, cəm formada “dirsəkləriniz də daxil olmaqla əllərinizi” yuyun deyilir. Hansı ki, ərəb dilində “iki dirsəyi” və “dirsəklərinizi”, “iki əlinizi” və “əllərinizi” sözlərinin müxtəlif deyiliş forması var. Eləcədə “topuqlar” sözü cəm formasında olmasına baxmayaraq, ayədə “iki topuq” kimi işlədilib. Həmçinin Quranda başqa yerdə – «Hud» surəsinin 72-73-cü ayəsində: “(İbrahimin arvadı): “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!” (Mələklər ona) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstündə olsun...” - deyilir. Burada da müraciət edilərkən, qadınlara xas olan “sizə” şəxs əvəzliyi kimi, “aleykunnə” əvəzinə “aleykum” - kişilərə müraciət forması işlədilir. Hətta ərəb dilində “keyfə əhlukə” (arvadın, ailən necədir?) sualına “hum bixeyr” (onlar yaxşıdır) kimi cavab verilir. “Hum” isə kişi cinsinə aid şəxs əvəzliyidir.
Deməli, Peyğəmbərin (s.a.v.) arvadları əhli-beytə daxildirlər. Əgər müraciət forması kişilərədirsə, bəs Fatimə? Onda gərək Fatimə ev əhlinə daxil edilməsin. Yox, əgər Fatimənin əhli-beytə daxil edilməsinə səbəb onu Peyğəmbər öz əbasının altına salmasıdırsa, onda yalnız əba altına salınan 4 nəfər - Əli,Fatimə,Həsən və Hüseyn (Allah onlardan razı olsun!) əhli-beytə daxildirlər. Bu da doğru deyil. Çünki əhli-beyt məfhumu geniş olub, ora çoxları daxildir.
Bu iki fikir arasındakı ixtilafların təfərrüatını araşdırmamaq üçün 3-cü orta bir fikir var ki, o da budur:
3). Qurtubi və İbn Kəsir kimi təfsir alimlərinə görə “Siz ey ev əhli” ayəsində zikr olunan “ev əhli”-nə həm Peyğəmbərin (s.a.v.) arvadları, həm də Əli, Fatimə, Həsən və Hüseyn (Allah onların hamısından razı olsun!) aiddir. Çünki, İbn Abbas və başqalarının rəvayətləri də bildirir ki, Rəsulullahın (s.a.v.) evində sakin olanlar onun arvadlarıdır və ayələrdə müraciət onlaradır. Digər tərəfdən Əli, Fatimə, Həsən və Hüseyn də (Allah onlardan razı olsun!) nəsəb və ailə baxımından əhli-beytə daxildirlər. Ayənin onların səbəbi ilə nazil olmasını bildirən rəvayətlər də bu fikirdə olmaq üçün dəlildir.
«Əl-Əhzab» surəsinin 30-cu ayəsində: «Siz ey Peyğəmbərin zövcələri!…», 31-ci ayəsində: «Sizdən hər kim…», 32-ci ayəsində: «Siz ey Peyğəmbərin zövcələri!…», 33-cü ayəsində: «Evlərinizdə qərar tutun…», 34-cü ayəsində: «Allahın evlərinizdə oxunan ayələrini…» kimi Peyğəmbərin zövcələrinə müraciət edildiyi halda, «…Siz ey ev əhli!…» hissəsini ayıraraq bunun Peyğəmbərin zövcələrinə aid olmadığını iddia etmək düzgün deyil.
Görkəmli islam alimi İbn əl-Qeyyim peyğəmbərin (s.a.v.) zövcələrinə xitabən nazil olan yuxarıda qeyd etdiyimiz «əl-Əhzab» surəsinin 30-34-cü ayələrindən bəhs edərkən deyir: «Peyğəmbərin (s.a.v.) zövcələri onun Əhli-beytindən sayılırlar. Bu ayələr onlar haqqında nazil olduğuna görə onları istisna etmək düzgün deyil. Daha doğrusunu Allah bilir».
(İbn əl-Qeyyim «Cələl əl-Əfhəm fi salat va səlləm», səhifə. 117.)

Həmin məsələyə təfsir alimi Hafiz İbn Kəsirin münasibəti isə belədir: "Əl-Əhzab surəsinin 33-cü ayəsi peyğəmbərin (s.a.v.) zövcələrinin Əhli-beytdən olmalarına dəlalət edir. Bu ayə onların haqqında nazil olub və onun, peyğəmbərin (s.a.v.) zövcələrini, eləcə də onlarla bərabər başqa insanları əhatə etməsi daha həqiqətə uyğundur". Sonra o deyir: "Quranı diqqətlə oxuyan şəxs «əl-Əhzab» surəsinin 33-cü ayəsində qeyd olunan Əhli-beyt ifadəsinin peyğəmbərin (s.a.v.) zövcələrinə işarə etdiyinə şübhə etməz, çünki ayənin məzmunu buna dəlalət edir. Ona görə Allah-təala bütün bunlardan sonra buyurur:
«Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və Hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın…» («əl-Əhzab», 34).
Bu o deməkdir ki, ey peyğəmbərin (s.a.v.) zövcələri, Allah-təalanın peyğəmbərinə (s.a.v.) Quran ayələrini və Sünnəni sizin evinizdə nazil etdiyini bilin". Bu ayəni böyük alim Qatədə belə şərh edir: "Bütün insanlardan fərqli olaraq sizə verilən bu neməti xatırlayın. Çünki vəhy başqa insanların yox, məhz sizin evdə nazil olurdu. Bu nemətə və rəhmətə ən çox layiq görülən qadın isə peyğəmbərin (s.a.v.) zövcəsi Aişədir ® ". Peyğəmbər (s.a.v.) bildirib ki, zövcələri içərisində yalnız Aişə ® ilə birlikdə olduğu zaman ona vəhy nazil olub. Bəzi alimlər bunun Aişənin ® peyğəmbərin (s.a.v.) bakirə olaraq evləndiyi yeganə qadın olması və peyğəmbərdən (s.a.v.) başqa heç kimlə bir yastığa baş qoymaması ilə bağlı olduğunu bildirirlər. O bütün bu xüsusiyyətlərə görə həmin şərəfə layiq görülüb və beləliklə, əgər peyğəmbərin (s.a.v.) zövcələri Əhli-beytdən sayılırlarsa, onda onun qohumlarının bu adla çağırılmağa haqları daha çox çatır. Bu barədə peyğəmbər (s.a.v.) hədislərindən birində buyurur: «Ey Rəbbim! Bunlar mənim Əhli-beytimdir və Əhli-beytim daha haqlıdır!»(İbn Kəsir. «Təfsir Quran əl-Azim», cild-5, səh.452-458.)

Məhəmməd peyğəmbər (s.a.v.) kimlərin onun Əhli-beytindən olduğunu öz hədislərində bildirib. İmam Buxari Ənəs bin Malikə ® istinadən peyğəmbərin (s.a.v.) Zeynəb bint Cəhş ® ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s.a.v.) Aişənin ® otağına gəlib: «Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!» – dediyi və Aişənin ® ona: «Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!» – deyə cavab verdiyi, sonra peyğəmbərin (s.a.v.) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin ® verdiyi cavabı təkrar etmələri qeyd olunur.
(əl-Buxari «Cəmi əl-Səhih», cild-3, səhifə.177.)

Bununla peyğəmbər (s.a.v.) zövcələrinin onun Əhli-beytindən olduqlarını bildirir. Bu barədə yalnız islam ümmətinin ən fəzilətli şəxsiyyətlərindən sayılan peyğəmbərin (s.a.v.) səhabələrinə (Allah onlardan razı olsun!) qarşı ürəyi kinlə dolu olan şəxs mübahisə edə bilər.
Böyük alim İbn əl-Qeyyim alimlər arasında Əli-beyt ifadəsinin kimləri əhatə etməsi məsələsi ətrafında da fikir ayrılığının mövcud olduğunu qeyd edir. O, bu məsələ ilə bağlı dörd fikrin irəli sürüldüyünü bildirir:
Birincisi. Peyğəmbərin Əli-beyti sədəqə qəbul etmələri haram buyurulan şəxslərdir. Həmin şəxslərin kim olması ilə bağlı üç fikir söylənilmişdir:
1– Şafii məzhəbinə və İmam Əhməddən nəql edilən bir rəvayətə görə onlar Həşim və Müttalibin oğullarıdır.
2– İmam Əbu Hənifəyə və İmam Əhməddən nəql edilən digər bir rəvayətə görə peyğəmbərin (s.a.v.) Əli-beyti yalnız Həşim oğullarıdır. Maliki məzhəbindən olan İbn əl-Qasimin də rə.yi belədir.
3– Əli-beyt Həşimin oğullarından başlayaraq Qalib oğullarına qədər olan bir nəsli əhatə edir. Beləliklə, Müttalibin, Ümeyyənin və Nofəlin oğulları da Əli-beytdən sayılırlar. Bu Maliki məzhəbindən olan Əşhəbin rəyidir.
Sonra o, Əli-beyt dedikdə sədəqə qəbul etmələri haram buyurulan şəxslərin nəzərdə tutulması fikrinin İmam Şafiiyə, Əhmədə və onların əksəriyyət təşkil edən yoldaşlarına mənsub olduğunu bildirir.
İkincisi. Peyğəmbərin (s.a.v.) ailəsi onun övladları və zövcələridir. Bunu Abd əl-Bərr «ət-Təmhid» kitabında qeyd edir. O, kitabının Abdullah bin Əbu Bəkrdən bəhs edən hissəsində Əbi Həmid əs-Səidinin hədisini şərh edərkən bəzi alimlərin peyğəmbərin (s.a.v.) ailəsinin onun zövcələrindən və övladlarından ibarət olduğunu bildirdiklərini nəql edir. Çünki, Malikin Nəim əl-Mucmirdən rəvayət etdiyi hədisdə deyilir: «Allahım! Məhəmmədə və onun ailəsinə xeyir-dua ver!»
(İmam Malik «əl-Muvatta», cild-1, səh.165.)

Əbu Həmid əs-Səidinin hədisində isə deyilir: «Allahım! Məhəmmədə, zövcələrinə və övladlarına xeyir-dua ver». Alimlər bu hədisin birinci qeyd etdiyimiz hədisi şərh etdiyini bildirirlər. Bu hədislərdən peyğəmbərin ailəsinin onun zövcələ¬rindən və övladlarından ibarət olduğu aydın olur.
Üçüncüsü. Peyğəmbərin (s.a.v.) ailəsi Qiyamət gününə qədər onun ardınca gedən insanlardır. Bunu İbn Abd əl-Bərr bəzi alimlərdən rəvayət edib.
Dördüncüsü. Peyğəmbərin (s.a.v.) ailəsi ümmətinin təqvalı insanlarıdır. Bu qazi Hüseyn və dilçi alim Rağibin rəyidir.
Sonra o hər bir rəyin müəllifinin istinad etdiyi dəlillərə toxunur və hansının səhih və ya zəif olduğunu aydınlaşdıraraq, birinci rəyin, ondan sonra isə ikinci rəyin düzgün, üçüncü və dördüncü rəyin isə zəif olduğunu bildirir. Çünki Məhəmməd peyğəmbər (s.a.v.): «Həqiqətən, sədəqə almaq Məhəmmədin ailəsinə yaraşmaz»
(«Səhih əl-Cəmi», cild-3, səh.753.)
«Məhəmmədin ailəsi məhz bu maldan yeyər»(«Səhih əl-Buxari», cild-2, səh.301.)
«Ey Allahım! Məhəmmədin ailəsinin ruzisini qut et.( «Səhih əl-Buxari», cil-4, səh.123.) -hədisləri ilə onun ailəsi ilə bağlı şübhəni aradan qaldırmışdır. Beləliklə, bu hədislərdə qeyd olunan Məhəmmədin (s.a.v.) ailəsi ifadəsi bütün islam ümmətini əhatə etmir. Həmçinin namazda dediyimiz «Əli-Məhəmməd» sözləri ilə hədislərdə oxuduğumuz «Əli-Məhəmməd» ifadəsinin mənası eynidir! Bu sözləri başqa cür şərh etmək düzgün deyil. Zövcələr və övladlar kəlməsinin ayrıca qeyd olun¬masına gəldikdə isə, bu təkcə onların Əli-Beytdən olmalarına yox, əksinə, peyğəmbərin (s.a.v.) ailəsinin təkcə onlardan ibarət olmadığına dəlalət edir. Çünki, Əbu Davud Nəim əl-Mucmirə istinadən Əbu Hureyrənin peyğəmbərə (s.a.v.) belə salavat etdiyini rəvayət edir: «Ey Allahım! İbrahimə xeyir-dua verdiyin kimi Məhəmməd peyğəm¬bərə, onun möminlərin anaları olan zövcələrinə, övladlarına və Əhli-beytinə xeyir-dua ver».
(İbn əl-Qeyyim «Cələl əl-Əfhəm fi salat v salam », səh. 112.)
Bu hədisdə zövcələr, övladlar və Əhli-beyt sözləri bir yerdə qeyd olunur. Bunun səbəbi onların həqiqətən peyğəmbərin (s.a.v.) ailəsindən sayılmaları və bu ada layiq görülməyə ən çox haqları çatan insan olmalarıdır.
(İbn əl-Qeyyim «Cələl əl-Əfhəm fi salat v salam », səh. 112.)

Böyük alim əş-Şaukəni də alimlər arasında ayədə qeyd olunan Əhli-beyt ifadəsinin kimləri əhatə etməsi məsələsi ətrafında fikir ayrılığının yarandığını qeyd edir. İbn Abbas, İkrimə, Ata, əl-Kəlbi, Muqatil və Səid bin Cübeyr həmin ayənin peyğəmbərin (s.a.v.) zövcələrindən bəhs etdiyini və orada qeyd olunan evin peyğəmbərin (s.a.v.) zövcələrinin yaşadığı ev olduğunu bildirmişlər. Onlar aşağıdakı ayələrə əsaslanaraq həmin fikirləri söyləmişlər:
«Ya peyğəmbər! Zövcələrinə belə de:…»; «Alla¬hın evlərinizdə oxunan ayələrini (Quranı) və Hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələri¬nin bütün əməllərindən) xəbərdardır!»
(«əl-Əhzab», 28, 34).
(Əş -Şəvkani «Fəthul əl-Qadir», cild-4, səh.278)

Həmçinin Məhəmməd Abd ər-Rəhman əl-Müba¬rəkfuri şeyx Abd əl-Haqqın «əl-Ləməat» kitabında belə dediyini rəvayət edir: «Bilmək lazımdır ki, peyğəmbərin (s.a.v.) Əhli-beyti sədəqə qəbul etmələri haram buyurulan şəxslərdir. Onlar Həşim oğullarıdır. Buraya Abbasın, Əlinin, Cəfərin, Aqilin və Harisin də ailələri daxildir. Bu ailələrin üzvlərinə sədəqə almaq haramdır. Həmçinin peyğəmbərin (s.a.v.) zövcələri də onun Əhli-beytindəndirlər. Burada müraciət onlara edilib. Bu ayədə onları istisna etmək cümlələr arasında uyğunluğu pozur.
Qeyd edək ki, təfsir alimi Razinin bu məsələyə münasibəti belədir: «Ayədə qeyd olunan Əhli-Beyt ifadəsi peyğəmbərin (s.a.v.) zövcələrini də əhatə edir. Çünki ayələrin ardıcıl şəkildə gəlməsi buna dəlalət edir. Peyğəmbərin (s.a.v.) zövcələrini istisna etmək və bu ayəni başqa insanlara şamil etmək düzgün deyil. Həmin ayədə müraciətin kişi cinsində edilməsi «əhl» sözünə və ya ərəb dilində kişi ilə qadına birlikdə müraciət edildiyi zaman kişi cinsinə üstünlük verilməsindən irəli gəlir. Əgər müraciət qadın cinsində olsaydı bu ayə təkcə peyğəmbərin (s.a.v.) zövcələrinə aid olar və Fatimə ® Əhli-beytdən sayılmazdı. Əslində isə alimlər onun Əhli-beytdən olması məsələsi ətrafında yekdil fikirdədirlər.
Beləliklə yuxarıda qeyd etdiklərimiz fikirlərdən belə nəticəyə gəlmək olar ki, Məhəmməd peyğəmbərin (s.a.v.) zövcələri onun Əhli-beytindəndirlər. Bu Əhl əs-Sünnə və-l-cəmaənin əqidəsidir və hər bir müsəlmanın əqidəsi belə olmalıdır. Sonda qeyd edək ki, Peyğəmbərin (s.a.v.) Əhli-beyti onun zövcələri, övladları, əmiləri və onların oğullarıdır.

--------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:14 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
ƏHLİ-BEYTİN FƏZİLƏTİ
1. Abdullah bin Abbasa ® istinadən Peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi sevin” (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

2. Səd bin Əbu Vaqqas ® rəvayət edir ki,
«Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”» («Ali-İmran», 61) ayəsi nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən və Hüseyni ® yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu. (ət-Tirmizi, Təfsir «Ali-İmran», 3002).
(əl-Əlbani, 3197; 2398.isnadı səhihdir.)

3. Ummu Sələmə ® rəvayət edir ki, “Mən Rəsulullahın (s) evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: “... Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsulullah (s) onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim Əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsulallah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən” (ət-Tirmizi, Mənaqib, 3870).
Hədisdəki incə məsələ Rəsulullahın (s) Ummu Sələməyə “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcəsisən” – deməsidir. Bunu iki cür şərh etmək olar:
1-ci məna: “Sən onsuz da xeyir içindəsən. Mənim Əhli-beytimdən olduğuna görə, örtüyün altına girməyinə ehtiyac yoxdur”. Onun örtüyün altına salınmasının qarşısını alan Əlinin ® örtüyün altında olmasıdır.
2-ci məna: “Sən Əhli-beytimdən olmasan da xeyir içindəsən”. Çünki o, Peyğəmbərin (s) zövcələrindəndir.
Alimlərin fikrinə görə birinci məna daha düzgündür. Çünki digər rəvayətlərdə peyğəmbərin qadınlarının onun Əhli-beytindən olduqları bildirilir. Doğrusunu Allah bilir.
4. Ənəs bin Malik ® rəvayət edir ki, “Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33) ayəsi nazil olandan sonra Rəsulullah (s) altı aya yaxın bir müddətdə hər namaza gedərkən Fatimənin ® otağının qarşısından keçdikdə: “Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” - deyərdi”. (ət-Tirmizi, Təfsir «əl-Əhzab», 3204).
5. Aişə ® rəvayət edir ki, “Rəsulullah (s) üzərində qara naxışlı bir parça olduğu halda mənim yanıma gəldi. Bu zaman Həsən də gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: “Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər” («əl-Əhzab», 33). (Müslim, Fadailus-səhabə, 61/2424).
6. Yezid bin Həyyan rəvayət edir ki, “Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın ® yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: “Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (s) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (s) eşitdiklərindən bizə danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan (s) eşitdiklərimdən bəzilərini unutmuşam. İndi rəvayət edəcəklərimi qəbul edin, susanda danışmağa məcbur etməyin:
– Məkkə və Mədinə arasında “Xum” adlanan yerdə Rəsulullah (s) bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: “Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birincisi, Allahın hidayət və nur kitabı olan Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın”. Quran haqqında təsiredici sözlər söylədikdən sonra dedi: “İkincisi Əhli-beytimdir. Əhli-beytim haqqında Allahdan qorxmağı, xəta etməməyi unutmayın” – deyərək bunu 3 dəfə təkrarladı.
Hüseyn: “Ey Zeyd, peyğəmbərin Əhli-beyti kimdir? Onun zövcələri Əhli-beytdən deyilmi?” – deyərək soruşdu. Zeyd dedi: “Peyğəmbərin qadınları da Əhli-beytdəndir. Həmçinin Əhli-beyt sədəqə almaları haram buyurulan şəxslərdir” – dedi. “Onlar kimdir?” – deyə soruşulanda Zeyd dedi: “Əhli-beyt Əlinin, Aqilin, Cəfərin, Abbasın ailəsidir”. Hüseyn: “Onların hamısına sədəqə almaq haramdır?” – deyə soruşanda, Zeyd: “Bəli” – dedi. (Müslim, Fadailus- səhabə, 2408).
Hədisi rəvayət edən Yezid bin Həyyan güvənilmiş rəvayətçidir. Orta yaşlı tabiinlərdən – səhabələri görənlərdəndir.
Zeyd bin Ərqam Rəsulullahla (s) 17 döyüşdə iştirak edib. Peyğəmbərdən 70 hədis rəvayət edib, hicrətin 56-cı ilində Kufədə vəfat edib.
Hədisdə “sədəqə” sözü zəkat mənasında işlənib. Bu hədis başqa rəvayətdə belədir:
7. Yezid bin Həyyan, Zeyd bin Ərqamdan ® rəvayət edir ki, Rəsulullah buyurmuşdur: “Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm: bunlardan birincisi Allah-təalanın Kitabıdır. O, Allahın ipidir. Kim ondan bərk yapışsa, Allaha tabe olsa, o , doğru yoldadır. Kim onu tərk etsə, düz yoldan çıxmış olar. İkincisi isə itrətim, Əhli-beytimdir”. Biz soruşduq: “Peyğəmbərin qadınları onun Əhli-beytindəndirlərmi?” Dedi: “Xeyr. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullahın Əhli-beyti, nəslindən olub özündən sonra sədəqə almaları haram olan, ata tərəfdən qohum olan insanlardır”. (Müslim, Fadailus-səhabə, 2408).
Sual verilə bilər ki, peyğəmbər (s) öz əbası ilə təkcə Əli, Fatimə, Həsən və Hüseyni ® örtmüşdüsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı və həmin hadisədə (əba altına salınma) iştirak etmədiyi halda Əhli-beytə necə daxil edilib? Bunu belə izah etmək olar ki, peyğəmbərin (s) öz əbasının altına yalnız Əli, fatimə, Həsən və Hüseyni ® salmasına baxmayaraq sonrakı nəsillərin də Əhli-beytə aid edilməsinin səbəbi onların Əlinin ailəsi və ata tərəfdən peyğəmbərə yaxın olmalarıdır. Bu onu göstərir ki, Əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn ® daxil deyil.
Hədisdə peyğəmbərin (s) bizə tərk etdiyi ikinci əmanət onun Əhli-beytidir. Hədis müsəlmanlardan peyğəmbərin (s) Əhli-beytini zəkat malı alan insanların vəziyyətinə salmamağı tələb edir.
8. İbn Ömər ® Əbu Bəkrin ® belə dediyini rəvayət edir: “Məhəmmədə Əhli-beytinin içində hörmət edin” (Buxari, Kitabul-fadail-əshab 12/60, 24/91).
Əbu Bəkr ® insanlara bu cür müraciət edərək onları Rəsulullahın ® Əhli-beytinə hörmət etməyə çağırmışdır. Hədisdə, Rəsulullahın əhli-beytinə hörmətə, sevgiyə, əhli-beytini ucaltmağa işarə edilir. Bu “Əhli-beytə əziyyət verməyin, pis söz deməyin” deməkdir.
Ev sahibini sevən o evin ailə üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin o ev sahibini narahat edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Buna görə də hamı peyğəmbərin (s) Əhli-beytini sevməli və onlar haqqında yaxşılıqdan başqa bir şey düşünməməlidir. İlk müsəlmanların tövsiyyələri belə olmuşdur.
Allah bizi onların sevgisi ilə yaşatsın və öldürsün və bizi onlarla birlikdə diriltsin! Amin!

-----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:14 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Xədicə bint Xuveylidin ® fəziləti
Xədicə bint Xuveylidin ® fəziləti

1. Əbu Hureyrə ® rəvayət edir ki, “Cəbrayıl (Ona salam olsun!) Rəsulullahın (s) yanına gələrək: “Ey Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ”. (Buxari, “Kitabul-mənaqibul-ənsar”, 19, “Kitabut-tovhid”, 33/110; Müslim, “Fadailus-səhabə”, 71/2432).

Bu hədisə görə bəzi alimlər Xədicənin ® Aişədən daha fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni ® Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni ® Rəbbinin adından salamlamışdır.
2. Aişə ® rəvayət edir ki, “Mən Peyğəmbəri (s) arvadlarından heç birinə Xədicə qədər çox qısqanmadım. Halbuki mən Xədicəni dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (s) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin dostlarına göndərirdi. Bəzən mən: “Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur” – deyərdim. Rəsulullah (s) da: “Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu” – deyərdi”. (Buxari, “Kitabul-mənaqibul ənsar”, 19/43; Müslim, “Fadailus-səhabə”, 73, 74, 77, 78 (2434, 2435, 2436, 2437); ət-Tirmizi, “Mənaqib”, 3885, 3886).
Əhməd bin Hənbəlin bir rəvayətində peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “İnsanlar mənim risaləmi inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı”.
3. Həzrət Əli ® Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Dövrünün ən xeyirli qadını İmranın qızı Məryəmdir, bu ümmətin ən xeyirli qadını Xuveylidin qızı Xədicədir” (Buxari, “Kitabus-səhabə”, 69/2430; ət-Tirmizi, “Mənaqib”, 3887).
4. Əbu Musa əl-Əşari ® Peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə İmranın qızı Məryəm, Fironun arvadı Asiya, Xuveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, sərid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir” (Buxari, “Kitabul-ənbiya”, 48/105; Müslim, “Fadailus-səhabə”, 70 (2431); ət-Tirmizi, “Ətimə”, 31/1835).
Xədicə ® Xuveylid bin Əsədin qızı olub, peyğəmbərlə (s) eyni nəsildəndirlər. Arvadları içərisində peyğəmbərə nəsəbi ən yaxın olan Xədicədir. İbrahimdən başqa digər övladlarının (Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm,Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.

-----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:15 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Aişənin (r.a.) fəziləti
Aişənin ® fəziləti

1. Aişə ® rəvayət edir ki, “Peyğəmbər (s) mənə: “Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!” – dedi. Mən də: “Ona da Allahın salamı, rəhməti və bərəkəti olsun!” – dedim. Çünki, Rəsulullah (s) mənim görmədiyimi görürdü”. (Buxari, “Kitabul-fadail əshab”, 32/109; Müslim, “Fadailus-səhabə”, 91/2447; Əbu Davud, “Ədəb”, 166/5232; ət-Tirmizi, “Mənaqib”, 3876; ən-Nəsai, “İşretun-nisa”, 3/7, 69).

2. Əbu Musa ® rəvayət edir ki, “Biz, peyğəmbərin (s) səhabələri hədislərin mənalarını başa düşməkdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək” (ət-Tirmizi, “Mənaqib”, 3877).
3. Əbu Vail rəvayət edir ki, “Əli ® əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni Kufəyə göndərəndə Ammar xütbə edib dedi: “Qəti surətdə bilirəm ki, o, dünyada və axirətdə peyğəmbərin arvadıdır. Lakin Allah sizi Öz hökmünə (İmama itaət edəcəyiniz), yoxsa Aişəyə tabe olacağınız ilə imtahana çəkir” (Buxari, “Kitabul-fadail əshab”, 32/112).
Bu rəvayət Cəməl (Dəvə) döyüşü ərəfəsində Əli ® və Aişə ® qarşıdurması ilə əlaqədar söylənilmişdir.
Əslində bu qarşıdurma düşmənçilikdən deyil, Aişədən başqa sağlığında Cənnətlə müjdələnmiş Təlha və Zubeyr kimi böyük səhabələrin, Osmanın ® qatillərinin tapılması və qisasının alınması tələbindən yaranmışdı. Həm Əli ®, həm də Aişə ® İslam dünyası üçün xeyir istəyirdilər.
4. Abdullah bin Abdurrəhman, Ənəs bin Malikdən ® belə eşitdiyini rəvayət edir: “Mən Rəsulullahdan (s) eşitdim ki: “Aişənin digər qadınlardan üstünlüyü sərid aşının digər yeməklərdən üstünlüyü kimidir” (Buxari, “Kitabul-fadail əshab”, 32/110).
5. İbn Aun əl-Qasim bin Məhəmməddən rəvayət edir ki: “Aişə ® xəstələnmişdi. Abdullah bin Abbas ® onu ziyarət etməyə gəldi və: “Ey möminlərin anası, sən Rəsulullah (s) və Əbu Bəkrin ® səndən əvvəl Cənnətə girib hazırladıqları gözəl bir məqama gedəcəksən” – dedi. (Buxari, “Kitabul-fadail əshab”, 32/111).
Abdullah bin Abbas ® dövrünün ən elmli şəxsiyyəti idi və şübhəsiz ki, Aişəyə ® dediyi sözləri o, peyğəmbərdən (s) eşidib.
6. Aişədən ® rəvayət edilir ki, o, bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunbağı səfər zamanı itdi. Rəsulullah (s) səhabələrindən bəzilərini, o cümlədən Useyd ibn Hüdeyri də həmin boyunbağını axtarmağa göndərdi. Onlar namazın vaxtı olduğuna və su tapmadıqlarına görə dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: “Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın” dedi” (Buxari, “Kitabul-fadail əshab”, 32/113).
Rəvayətin başqa variantları Buxarinin “Təyəmmüm kitabı”nda 1-ci və 3-cü hədislərdə verilmişdir.
Həqiqətən Aişənin boyunbağısının itməsi müsəlmanlar üçün bir rəhmət olan təyəmmüm ayəsinin nazil olmasına səbəb olmuşdur. Təyəmmüm ayələri «əl-Maidə» surəsinin 6-cı və «ən-Nisa» surəsinin 43-cü ayələridir.
7. Urva bin əz-Zubeyr belə demişdir: “İnsanlar hədiyyələri Peyğəmbərə (s) Aişənin yanında olarkən verməyə çalışırdılar. Aişə rəvayət edir ki: “Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: “Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyi tapşırsın” – dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s) xatırlatdı. Ummu Sələmə dedi: “Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə də xatırlatdıqda o, mənə: “Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy nazil olmadı” – buyurdu” (Buxari, “Kitabul-fadail əshab”, 32/115, “Kitabul-Hibə”, 6/15,16).
Bu hədislər Aişənin ® fəziləti üçün kifayət qədər dəlildir.
Qeyd etmək lazımdır ki, «ən-Nur» surəsinin 11-20-ci ayələri, Aişəyə ® səfər zamanı itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır:
"Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah bin Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildirlərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu (peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (AllaH)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi? Allah sizə öyüd nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub- olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi”)
(«ən-Nur» 11-20).

----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:15 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Fatimənin (r.a.) fəziləti
1. Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin ® yanına getmişdim. Soruşdum ki, peyğəmbər hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (ət-Tirmizi, “Mənaqib”, 3873).

2. Ummu Sələmə ® rəvayət edir ki, “Fəth ilində Rəsulullah (s) Fatiməni ® çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə ® ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə ® güldü. Rəsulullah (s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda, dedi: “Əvvəlcə Rəsulullah (s) mənə öləcəyini xəbər verdi, ağladım. Daha sonra məni Məryəm bint İmrandan başqa bütün Cənnət qadınlarının seyyidi (xanımı) olacağım ilə müjdələdi. Buna görə güldüm” (ət-Tirmizi, “Mənaqib”, 3872).
3. Misvər bin Məxrəmə Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar” (Buxari, “Kitabul-fadail əshab”, 12/61, 31/107).
4. Aişədən ® rəvayət olunur ki, “Peyğəmbər vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni ® yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: “Peyğəmbər (s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun Əhli-beytindən ona ilk çatan insan olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm” – dedi”. (Buxari, “Kitabul-fadail əshab”, 12/62).
Rəsulullah (s) qızlarından Fatiməni ® daha çox sevirdi. Bu səbəbdən hətta Əliyə ® Fatimə ® ilə eyni zamanda başqasıyla evlənməyə icazə verməmişdir.
5. Misvər bin Məxrəmə peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm! İzin vermirəm! İzin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidən şey məni də incidir, ona əziyyət verən şey mənə də əziyyət verir” – dedim” (Buxari, “Kitabun-nikah”, 110/159).

---------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:16 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Həsən və Hüseynin (r.anhum) fəziləti
1. Əl-Bəra ® belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni çiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” – buyurduğunu gördüm.” (Buxari; “Kitabul-fadail-əshab”, 24/89; Müslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784).
2. Üsamə bin Zeyddən ® rəvayət olunur ki, “Peyğəmbər Üsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir söz deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87).

3. Rəsulullah (s) Həsən və Hüseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” – deyərdi. (Tirmizi; “Mənaqib”, 3784).
4. Uqbə bin əl-Haris ® belə demişdir: “Əbu Bəkr ® ikindi (əsr) namazını qıldı, sonra Əli ® ilə getdi. Yolda o, Həsəni uşaqlarla oynayan görüb onu çiyninə aldı və ona: “Peyğəmbərə oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” – dedi. Əli isə güldü” (Buxari, “Kitabul-fadail əshab”, 24/90).
5. Ənəs ® rəvayət edir ki, “Bir kimsə Rəsulullahdan (s) Əhli-beytindən kimi daha çox sevdiyini soruşanda, o (s): “Həsən və Hüseyni” – deyərdi. Rəsulullah (s) Fatiməyə: “Mənim oğullarımı çağır” – deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı” (ət-Tirmizi, “Mənaqib”, 3774).
6. Yəla bin Murrəh ® Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn “Əsbat”dan biridir” (ət-Tirmizi, “Mənaqib”, 3774; İbn Macə, “Muqəddimə”, 144). Hədisdəki “əsbat” sözü 3 məna verir: nəvə, qəbilə, ümmət.
7. Əbu Səid ® Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir” (ət-Tirmizi, “Mənaqib”, 3778).
8. Abdullah bin Şəddad ® atasından ® rəvayət edir ki, Rəsulullah (s) iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və Hüseyn onun belində idi. Peyğəmbər (s) qabağa keçib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi çox uzun çəkdi”. Atam deyir ki: “Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullahdan (s) soruşdular: “Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyini zənn etdik!” Peyğəmbər cavab verdi ki: “Xeyr, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər onu düşürməyi uyğun bilmədim” (ən-Nəsai, “İftitah”, 83 (2, 229, 320)).
9. Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, “Ummu Sələmənin ® yanına girdikdə gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: “İndicə Rəsulullahı (s) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulullah?” – deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hüseynin öldürüldüyünün şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774).
10. Ənəs bin Malik ® rəvayət edir ki, “Hüseynin ® başı gətirildiyi zaman Übeydullah bin Ziyadə əlindəki süngü ilə kəllənin burnuna, gözlərinə vuraraq: “Bu qədər gözəlini görmədim” – dedi. Mən də: “O, Əhli-beyt içində Rəsulullaha (s) ən çox oxşayan şəxs idi” – dedim. (Buxari, “Kitabul-fadail əshab”, 24/88, ət-Tirmizi, “Mənaqib”, 3780).
Übeydullah bin Ziyad bin Əbu Sufyan – Müaviyənin oğlu Yezidin xəlifəliyi dövründə Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi.
11. Ammar bin Uməyr ® rəvayət edir ki, “Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də onlara yaxınlaşdım. “Gəldi! Gəldi!” – deyirdilər. Gələn nə idi? – marağı ilə bir az da onlara yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar çıxırdı. İlan Übeydullah bin Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra çıxıb getdi və qeyb oldu. Bir az sonra “Yenə gəldi! Yenə gəldi!” deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı” (ət-Tirmizi, “Mənaqib”, 3782).
12. Əbu Musa ® Həsən əl-Bəsridən ® Əbu Bəkrin ® belə dediyini eşitdiyini rəvayət edilir: “Mən peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə ® baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq” (Buxari, “Kitabul-fadail əshab”, 24/86).
13. Ənəs bin Malik ® demişdir: “Heç kim Həsən bin Əli ® kimi peyğəmbərə (s) çox oxşamırdı” (Buxari, “Kitabul-fadail əshab”, 24/92).
14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir ki, “Mən İbn Əbu Numdan Abdullah bin Ömərin ona belə dediyini eşitdim: “İraq əhlindən bir adam məndən öldürülmüş milçəyin hökmü haqqında soruşanda cavab verdim ki: “İraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar peyğəmbərin (s) qızının oğlunu (Hüseyni) öldürmüşdülər. Peyğəmbər (s) isə o iki nəvəsi haqqında: “Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır” – demişdir.” (Buxari, “Kitabul-fadail əshab”, 24/93).
Bu hədislər Həsən və Hüseynin ® fəzilətinə nümunədir. Həsən və Hüseyn ® peyğəmbərin (s) Əli və Fatimədən ® olan nəvələridir.
Həsən ® hicrətin 3-cü ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (s) çox oxşayan həlim xasiyyətli və yüksək dərəcəli təqva sahibi olan Həsən ® hərtərəfli müsbət xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə Müaviyənin ® ordusu ilə ona bağlı olan əsgərlərdən ibarət iki ordu qarşılaşdı. O, qan töküləcəyi anda Müaviyə ® ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmmədin ümmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə müsəlmanlar arasında qan tökülməsinin qarşısını almışdır.
49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.
Hüseyn ® hicrətin 4-cü ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbəla adlanan yerdə Məhərrəm ayının 10-da şəhid olmuşdur.

----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabl



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:19 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Abdullah bin Abbasın (r.a.) fəziləti
1. İbn Abbas ® rəvayət edir ki, “Rəsulullah (s) məni qucaqladı və: “Allahım, bunu dində fəqih (alim) et!” – deyə dua etdi”. Bir rəvayətdə: “Allahım, ona Kitabı öyrət!”, başqa bir rəvayətdə: “Allahım, ona hikməti öyrət!” – dediyi qeyd olunur. (Buxari, “Kita¬bul-fadail əshab”, 26/96, 97, “Kitabul-elm”, 18/17; Müslim, “Fadailus-səhabə”, 138 (2477); ət-Tirmizi, “Mənaqib”, 3823, 3824).
Abdullah bin Abbas ® peyğəmbərin (s) əmisi oğludur. Hicrətdən 3 il əvvəl Məkkədə anadan olub. Hicrətin 68-cı ilində Taifdə vəfat etmiş, cənazə namazını Əlinin ® oğlu Məhəmməd bin Hənəfiyyə qaldırmış və: “Bu gün islam ümmətinin böyük tərbiyəçisi ölmüşdür” – demişdir.
Peyğəmbərin etdiyi dua nəticəsində Abdullah bin Abbas ® islami elmlərin hamısında (təfsir, fiqh) ən yüksək zirvəyə qalxmış, “rəisul-mufəssirin” (Təfsirçilərin rəisi), “tərcumanul-Quran”, “hibrul-ummə” kimi ləqəblərlə tanınmışdır.

-----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:20 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cəfər bin Əbu Talib (r.a.) fəziləti
1. Əbu Hureyrə ® peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Cəfəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm” (ət-Tirmizi, “Mənaqib”, 3767).
2. Əş-Şəbi ® rəvayət edir ki, İbn Ömər ® Cəfərin ® oğlu Abdullaha salam verərkən: “Sənə salam olsun, ey iki qanadlı adamın oğlu!” – deyərdi. (Buxari, “Kitabul-fadail əshab”, 10/57).
3. Əbu Hureyrənin ® belə dediyi rəvayət olunur: “İnsanlar: “Əbu Hureyrə çox hədis rəvayət edir” – deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (s) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə-o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər bin Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq” (Buxari, “Kitabul-fadail əshab”, 10/56; Tirmizi, “Mənaqib”, 3770).
4. Əl-Bəra ® Rəsulullahın (s) Cəfərə ® belə dediyini rəvayət edir: “Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan” (Buxari, “Kitabus- sülh”, 6/9, “Kitabul-məğazi”, 45/263; Müslim, “Cihad”, 90 (178); ət-Tirmizi, “Mənaqib”, 3769).
Bu hədislər Cəfər bin Əbu Talibin ® fəzilətinə dəlalət edir.
İlk müsəlmanlardan sayılan Cəfər bin Əbu Talib ® Əlidən ® 10 yaş böyük və onun doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, peyğəmbər (s) onunla kral Nəcaşiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi təyin etmişdi. İki dəfə hicrət etmişdir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlmişdir. Peyğəmbər (s) onu qucaqlayıb , alnından öpüb və: “Bilmirəm, Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm” – demişdir.
Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cəfər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında ikən şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd bin Haris öldürüldükdən sonra Peyğəmbərin (s) dediyi kimi, sərkərdə oldu və bayrağı götürdü. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cəfər ® haqqında Rəsulullah (s): “Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur” – müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara aldığı qeyd olunur .
Əbu Hureyrə ® Cəfərin ® kasıblara qarşı münasibətinə, əliaçıqlığına görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini vermişdir.
Rəsulullah (s) demişdir: “Məndən əvvəl hər peyğəmbərə yeddi seçilmiş vəzir verilmişdir. Mənə on dörd vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal”. Rəsulullah (s) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə ® deyir ki, “Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullahın kədərləndiyini gördük”.

----------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:20 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Abbas bin Abdul-Muttalibin (r.a.) fəziləti
1. Həzrət Əli ® Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Kim əmimə əziyyət verərsə mənə əziyyət vermiş olar, çünki adamın əmisi ona atası yerindədir” (ət-Tirmizi,”Mənaqib”, 3764; Əhməd, “Müsnəd”, 4/165; Hakim, “Müstədrək”, 3/333. Ət-Tirmizi: “Bu həsən və səhih hədisdir” – demişdir).
2. Abdullah bin Abbas ® Rəsulullahın (s) onun atası Abbasa belə dediyini rəvayət edir: “Ey əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və oğluna xeyir versin”. Atamla Rəsulullahın (s) yanına getdik. O, bizi örtüyə bürüdü və dua etdi: “Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir günahı qalmasın! Allahım, onu oğluna görə hifz et” (ət-Tirmizi; Mənaqib, 3766).
Bu hədislər Abbasın ® fəzilətinə dəlildir. Abbas ® peyğəmbərin (s) əmisi olub, ondan 2 və ya 3 yaş böyük idi. Ləqəbi Əbu Fadldır. Məşhur bir rəvayətə görə islamı Məkkənin fəthindən sonra qəbul edib. Bəziləri hicrətdən əvvəl müsəlman olduğunu, ancaq bunu gizlətdiyini, Məkkədə qalıb müşriklərlə bağlı xəbərləri Rəsulullaha (s) yazdığını deyirlər. Arada hicrət etmək üçün icazə istəmiş və peyğəmbər (s): “Sənin Məkkədə qalmağın daha xeyirlidir” – deyərək icazə verməmiş və hətta Bədr döyüşündə “Abbasla rastlaşsanız onu öldürməkdən çəkinin” – əmrini vermişdir. Peyğəmbər (s) Abbasa ®: “Mən peyğəmbərlərin sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan” – demişdir.
Abbas ® Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir.
Onun qızlarından əlavə 10 oğlu olub. Hicrətin 32-ci ilində Mədinədə Osmanın ® şəhid edilməsindən iki il əvvəl – 88 yaşında vəfat edib. Cənazə namazını Osman ® qıldırıb.

---------
Yaşar Qurbanov
"İslam Nuru" kitabı



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:21 | Yazı # 13
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Möminlərin əmiri Həsən ibn Əlinin (A.r.o.) Xilafəti (Hicri 40)
Əlinin (Allah ondan razı olsun) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə beyət etdilər. Kufədə beyət edildikdən sonra Şam vilayətinə tərəf getdi. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn Əbu Talibə itaət etməmişdilər. Qan tökülməsini xoşlamayan Həsən ibn Əli sülh niyyəti ilə Şama gedir. Hətta Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin Şamlılara qarşı döyüşə getməsinə razı deyildi[1]. Onun sülh istəməsinin əlaməti, Qeys ibn Səd ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn Abbası təyin etməsidir[2]. Allah onların hər ikisindən razı olsun.

Həsən əl-Bəsri deyir: Həsən ibn Əli Müaviyənin qoşunu yerləşən bölgəyə gəldikdə Amr ibn əl-As Müaviyəyə dedi: Mənə elə gəlir bu qoşunun ardı kəsilən deyil.
Həsən əl-Bəsri deyir: Mən Əbu Bəkrənin belə dediyini eşitdim. Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbə verərkən Həsən ibn Əli gəldi və bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim bu oğlum alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə bağlayacaqdır"[3].
Zuhri deyir: Müaviyə, Həsən ibn Əliyə möhürlü məktub göndərərək dedi: Orada istədiyini yaz qoy istədiyin sənin olsun. Amr ibn əl-As dedi: Xeyr, gərək biz ona qarşı döyüşək. Müaviyə dedi: (Zuhri deyir Müaviyə iki nəfərin xeyirlisi idi) Ey Əbu Abdullah tələsmə. Sən bunları qətlə yetirənə qədər o sayda Şam camaatı həlak olmaldır. Bundan sonra həyatın mənası nə olar! Allaha and olsun, mən məcburiyyət qarşısında qalana qədər döyüşə əl atan deyiləm[4].
Bundan sonra Müaviyə Həsən ilə görüşdü. Həsən ibn Əli (Allah ondan razı olsun) xilafəti Müaviyəyə təhvil verdi və beləliklə Müaviyə möminlərin əmiri oldu. Bu il camaat (birlik) ili adlandırıldı.
Həsənin hakimiyyəti cəmi altı ay davam etdi.

[1] ƏL-Bidayə vən Nihayə: 7, 245.
[2] Fəthul Bari: 13, 67.
[3] Səhih əl-Buxari: Kitabul Fitnə, Bab qovlun Nəbiy innə ibni həzə seyyid, ? 7109.
[4] Musənnəf Əbdürrəzzaq: 5, 462.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Şənbə, 15.09.2012, 10:22 | Yazı # 14
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Həsən ibn Əli (Allah ondan razı olsun): Sülh Sazişi
Həsən əl-Bəsri rəvayət edir:

Allaha and olsun ki, Həsən ibn Əli (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) qarşı dağlar qədər böyük bir batalyona başçılıq edirdi. Amr bin əl-As (Müaviyəyə) xitabən belə dedi: “Mən şübhəsiz elə bir ordu görürəm ki, rəqiblərini öldürməmiş geri qayıdan deyillər”. İki şəxsdən ən xeyirlisi olan Müaviyə ona belə cavab verdi: “Ey Amr! Əgər bunlar onları, onlar da bunları öldürsələr, o zaman mənimlə dövlət işlərini idarə etməyə, öz qadınlarına baxmağa, uşaqlarına baxmağa kiml qalacaq?”

Sonra Müaviyə Abd-i-Şəms qəbiləsindən Əbdürrəhman bin Sumurə və Abdullah ibn Əmir bin Kureyz adlı iki Qüreyşlini Həsənin (Allah ondan razı olsun) yanına göndərərək onlara belə söyləməyi tapşırdı: “Bu kişinin (yəni Həsənin) yanına gedin, onunla sülh danışıqları aparın, onunla danışın və ona müraciət edin.” Beləliklə onlar Həsənin yanına getdilər, onunla danışıb sülh təklifini qəbul etməsi üçün ona müraciət etdilər. Həsən dedi: “Biz Əbdülmütəllibin nəslindəyik , var dövlətimiz var, insanlar isə biri-birini öldürməklə fitnə-fəsad törətməklə məşğuldurlar (onları yalnız pul sakitləşdirir). Onlar Həsənə dedilər: “Müaviyə sənə filan və filan şeyi təklif edir, sülhü qəbul etmək üçün sənə müraciət edərək dönə-dönə xahiş edir. Həsən onlara: “Yaxşı, sizin söylədiyiniz sözlərə görə kim üzərinə məsuliyyət götürür?” Onlar: “Biz buna görə məsuliyyəti öz üzərimizə götürürük.” Beləliklə Həsən nə barədə soruşdusa onlar: “Biz buna görə cavabdehliyi öz üzərimizə götürürük”deyə cavab verdilər. Beləliklə Həsən, Müaviyə ilə sülh sazişini imzaladı.

Həsən (Əl-Bəsri) deyir: Mən Əbu Bəkrin belə dediyini eşitdim, “Mən Allahın Rəsulunu, Ona Allahın salavatı və salamı olsun, minbərdə xütbə verərkən gördüm və Həsən bin Əli də onun yanında idi. Peyğəmbər(Ona Allahın salavatı və salamı olsun) gah insanlara, gah da Həsən bin Əliyə baxırdı və dedi:

“Mənim bu oğlum Seyyiddir (yəni alicənab) və Allah onun vasitəsiylə iki böyük müsəlman dəstəsi arasında sülh yaradacaqdır.”

Cild 3, Kitab 49, Nömrə 867
Səhih Buxari



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı (Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru