[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Cinayətlər (2-ci hissə) (Cinayətlər (2-ci hissə))
Cinayətlər (2-ci hissə)
TeraneTarix: Çərşənbə, 13.06.2012, 12:50 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Qisas almaq rəhbərin, hakimin məsuliyyətidir:
Qeyri qətl hadisələri üçün qisas:
Qeyri qətl hadisələrinə görə qisas almağın şərtləri:
Bədən üzvlərinin qisası:
Ağır yaraya görə qisas almaq:
QANBAHASI (əd-DİYƏ)
Diyə vermək vacib olan qətl növləri:
Diyənin növləri:
Əzaların diyəsi:
Faydasını itirmiş əzalara görə verilən diyə:
Baş və üzə vurulan yaraların diyəsi:
Bədən boşluğuna qədər daxil olan (ərəb. əl-Cəifə) yaranın diyəsi:
Qadının diyəsi:
Əhli Kitabın diyəsi:
Ana bətnində olan uşağın diyəsi:

Qisas almaq rəhbərin, hakimin məsuliyyətidir:
Qurtubi demişdir: "Qətl qisasını yalnız əmr sahibləri (rəhbərlər) tərəfindən icra edilməsi haqqında heç bir fikir ayrılığı yoxdur. Onların qisas hökmünü icra etmələri və cəzaları tətbiq etmələri və s. vacibdir. Çünki uca Allah qisas almağı bütün möminlərdən tələb etmişdir. Bütün möminlər qisası icra edə bilmədikləri üçün, öz əvəzlərinə qisası və digər cəza tədbirlərini icra etsin deyə rəhbər seçmişlər"[1].
Bunun səbəbini isə əs-Savi adlı alim "əl-Cəlaleyn" təfsirinin şərhində açıqlamış və demişdir:
"Qəsdən törədilmiş qətl ədavət sayıldığı üçün, hakim (rəhbər) öldürülən insanın qohumları üçün imkan yaratmalıdır ki, onlar qatil barəsində istədiklərini tələb etsinlər. Sonra hakim, öldürülənin qohumlarının qisas, diyə və ya bağışlama istəklərini icra etməlidir. Öldürülən insanın qohumları hakimin icazəsi olmadan qatilə qarşı heç nə edə bilməzlər. Çünki bu, fitnə-fəsada və özbaşınalığa səbəbdir. Əgər hakimin icazəsi olmadan qatili öldürərlərsə, onlar cəzalandırılmalıdırlar"[2].

Qeyri qətl hadisələri üçün qisas:
Şəriət dəlillərində qətl hadisəsinə görə qisas isbat olunduğu kimi, qeyri qətl hadisələri üçün də qisas isbat olunmuşdur. Uca Allah buyurur: "Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır..."[3].
Bu hökm bizdən əvvəlki ümmətlər barəsində deyildiyi halda, Peyğəmbərin (S.A.V.) bu hökmü təsdiqləməsi, bizim üçün də şəriət qanunu sayılmışdır.
Buxari və Müslim Ənəs ibn Malikdən (A.R.O.) rəvayət edirlər ki, Rubeyyi bint ən-Nadr ibn Ənəs bir qızın dişini sındırmışdı. Onlar zərərçəkən tərəfə diyə təklif etsələr də, qarşı tərəf yalnız qisas alınmasını tələb edirdilər. Qadının qardaşı Ənəs ibn ən-Nadr gəlib dedi: Ey Allahın elçisi Rubeyyinin dişi sındırılacaq? Səni haqq olaraq göndərənə and olsun ki, onun dişi sındırılan deyil. Peyğəmbər (S.A.V.) dedi: "Ey Ənəs, Allahın kitabı qisas almağı əmr edir".
Bundan sonra zərərçəkənlər qənaətlənib onu bağışladılar. Peyğəmbər (S.A.V.) dedi: "Allahın elə bəndələri var ki, əgər o Allaha and içərsə, Allah onu andında sadiq çıxardar"[4].

Qeyri qətl hadisələrinə görə qisas almağın şərtləri:
1.����������� Cinayətkarın mükəlləf (məsuliyyət daşımaq iqtidarında) olması:
2.����������� Cinayəti qəsdən törətməsi: Çünki əslən, səhvən törədilmiş qətl hadisəsinə görə qisas yoxdursa, qeyri qətl hadisəsində qisasın olmaması daha məqsədəuyğundur.
3.����������� Cinayətə məruz qalmış insanın qanı, cinayət törədən adamın qanının axıdılmasına bərabər olmalıdır. Yəni, zimmini yaralamış müsəlmana, köləni yaralamış azad insana, övladını yaralamış valideynə qisas düşmür.

Bədən üzvlərinin qisası:
Bədən üzvlərinə görə qisas almaq üçün üç şərt lazımdır:
1.����������� Lazımi həddi keçmədən qisas almaq: Yəni, (başqasının qolunu və ya əlini kəsmiş cinayətkardan) qisas alarkən əza oynaqdan: dirsəkdən və ya biləkdən və s. bu qayda ilə - kəsilməlidir. Yaxud müəyyən həddə qədər kəsilməlidir. Məsələn, burunun qığırdağı kimi.
Bədəni deşib içəri keçən yaraya, qol sümüyünün bir hissəsinə və ya hansısa sümüyə görə qisas düşmür. Yalnız diş istisnadır.
2.����������� Əzanın adı və bədəndə yerləşdiyi yer bərabər olmalıdır: Yəni, sağ ələ görə sol əl, sol ələ görə sağ, çöçələ barmağa görə digər barmaq kəsilməz. Çünki, bu əzaların adları bir-birinə bərabər deyil. Əsli əzaya görə artıq bitmiş əzanı kəsmək olmaz. Çünki əzalar bədəndə yerləşdikləri yerə görə bərabər deyillər.
3.����������� Cinayətkarın və cinayətə məruz qalmış insanın əzaları sağlamlıq və bütövlülük baxımından bərabər olmalıdır. Yəni, sağlam əzaya görə şikəst əza, barmaqları tam olan ələ görə az barmaqlı əl kəsilməməlidir. Əksi isə olar.

Ağır yaraya görə qisas almaq:
Əgər törədilən yara ağırdırsa (qarşı tərəfdən belə bir qisas alınmaqla onun həyatı təhlükə altına düşə bilərsə), bu halda qisas almaq vacib sayılmır. Yalnız əgər qisas almaq mümkündürsə o zaman qisas almaq olar. Yəni, alınacaq qisas cinayətə məruz qalmış insanın yarası ilə, nə çox, nə az - bərabər olacaqsa, belə halda qisas almaq olar. Əgər bu bərabərlik və eynilik, cinayətkarın əzasına lazımi qədərdən çox toxunmaqla, yaxud həyatını təhlükədə qoymaqla və ya ona zərər verməklə nəticələnəcəksə, belə halda qisas yox, diyə vermək vacib sayılır.

QANBAHASI
(əd-DİYƏ)
Tərifi:
Şəriət istilahında "əd-Diyə" sözü, cinayət səbəbi ilə verilməsi vacib olan mal-dövlətdir. Bu mal-dövlət, zərərçəkənin özünə və ya onun hamisinə (vəlisinə) verilir. Diyə, qisas almaq mümkün olan və ya olmayan cinayətlərdə ola bilər.
Diyə həmçinin "əl-Əql" adı ilə də adlanır. Bu adlanmanın səbəbi belədir. Demək qatil bir insanı öldürdükdə dəvədən ibarət diyəni toplayıb, həmin heyvanları ölən şəxsin hamilərinə təslim etmək üçün dəvələri onların həyətində çidarlayır.
Bu qaydanın əsasını uca Allahın bu ayəsi təşkil edir: "Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"[5]
Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, "Peyğəmbər (S.A.V.) səhvən qətl törədən insana, yüz baş dəvədən ibarət diyə verməyi hökm etmişdir. Yüz dəvənin otuzu iki yaş içində olan dişi dəvə, otuzu üç yaş içində olan dişi dəvə, otuzu dörd yaş içində olan dişi dəvə və onu isə üç yaş içində olan etkək dəvə olmalıdır"[6].
Həmin səhabə digər rəvayətində deyir: "Peyğəmbərin (S.A.V.) vaxtında diyənin dəyəri səkkiz yüz dinar, yaxud səkkiz min dirhəm idi. Həmin vaxtlar əhli kitabın diyəsi isə müsəlmanın diyəsinin yarısı qədər idi. Bu, Ömər, Allah ona rəhmət etsin xəlifə olana qədər davam etdi. O, insanlara müraciət edərək dedi: Artıq dəvələrin qiyməti bahalaşıb... Sonra Ömər (A.R.O.) diyənin dəyərini, qızıl sahibləri üçün min dinar, gümüş sahibləri üçün on iki min dirhəm miqdarında, inəyi olanlara iki yüz inək, qoyunu olanlara iki min qoyun, paltar[7] sahiblərinə isə iki yüz paltar diyə verməyi təyin etdi.
Rəvayətçi deyir ki, zimmilərin diyəsini isə olduğu kimi saxladı və onu artırmadı[8].

Diyə vermək vacib olan qətl növləri:
Alimlərin yekdil rəyinə əsasən diyə, səhvən və ya qəsdə oxşar qətl hadisələrində vacib sayılır. Həmçinin, mükəlləf� (məsuliyyət daşımaq iqtidarında) olmayıb qəsdən qətl törədən adama da diyə vermək vacib sayılır. Buna, uşağı və ya dəli insanı misal çəkmək olar. Həmçinin, qətlə yetirilən insan, qətli törədənlə eyni səviyyədə olmadıqda diyə vermək vacib sayılır. Buna, köləni qətlə yetirən azad insanı misal çəkmək olar. Həmçinin yuxuda olarkən başqasının üzərinə çevrilib, yaxud başqasının üzərinə düşüb onu qətlə� yetirənə diyə vermək vacibdir.

Diyənin növləri:
Diyə, çətinləşdirilmiş və ya asanlaşdırılmış olur. Asanlaşdırılmış diyə, səhvən törədilən qətllərdə olur. Çətinləşdirilmiş diyə isə qəsdə oxşar qətllərə aiddir. Qəsdən törədilən qətl hadisəsində əgər qan sahibləri qisası bağışlasalar, onların diyəsi özlərinin razılığı ilə təyin olunur. Buna dəlil, Amr ibn Şueybin atasından, onun da babasından rəvayət etdikləri hədisdir. Rəvayətdə deyilir ki, "Kim qəsdən adam öldürərsə o, ölənin ailəsinə təslim edilər. Onlar istəsələr onu öldürər, yaxud diyə götürərlər. Diyənin miqdarı, otuz baş dörd yaşa keçmiş, otuz baş beş yaşa keçmiş və qırx baş boğaz dəvədir. Onlar istədikləri qiymətə də razılaşa bilərlər. Bu, çətinləşdirilmiş diyədir"[9].
Çətinləşdirilmiş diyə, qırxı boğaz olmaq şərti ilə, yüz dəvədən ibarət olmalıdır. Demək Peyğəmbər (S.A.V.) demişdir ki, "Qəsdə oxşar törədilən qətl qırmanc və ya əsa ilə olur. Belə qətlin diyəsi, qırxı boğaz olmaqla, yüz dəvədir"[10]. Bu diyə, yalnız cinayətkarın öz mal-dövlətindən verilməlidir.
Səhvən və ya qəsdə oxşar şəkildə törədilən qətlin diyəsi qatilin qohumlarının üzərinə düşür. Qatilin qohumları dedikdə, onun atası tərəfdən, həddi büluğa çatmış kişi qohumları nəzərdə tutulur.
Bura, var-dövlət sahibi olan kor, xronik xəstəliyi olan və taqətdən düşmüş yaşlı qoca qohumlar da aiddir. Amma, qadın, kasıb, azyaşlı, dəli və qatilin dinində olmayanlar bu hökmə aid olunmurlar. Çünki diyənin qatilin qohumları tərəfindən ödənilməsində əsas məqsəd köməkdir. Sadalanan qrup insanlar isə kömək edəcək deyillər.
Diyənin qohumlara vacib olmasının əsası Əbu Hureyrənin (A.R.O.) hədisidir. Hədisdə deyir ki, "Huzeyl qəbiləsindən iki nəfər qadın dava edərkən onlardan biri digərini daşla vuraraq qadını bətnindəki körpə ilə birlikdə öldürmüşdü. Peyğəmbər (S.A.V.): ölən körpənin diyəsini bir qul və ya bir qadın kölə olması, qadının diyəsinin isə qatilin qohumlarının boynuna düşməsi barədə - hökm verdi"[11].

Əzaların diyəsi:
İnsan bədənində elə əza var ki, ondan yalnız bir dənədir. Məsələn, burun, dil və cinsiyyət orqanı kimi. Elə əzalar var ki, onlar qoşadır. Məsələn, iki göz, qulaq və əl kimi.
Əgər bir insan digərinin tək və ya cüt olan əzasını tələf edərsə diyə tam şəkildə verilməlidir. Yox əgər qoşa əzadan birini tələf edərsə o zaman diyənin yarısı verilməlidir.
Məsələn, tələf olunmuş buruna, yaxud iki gözə görə diyənin hamısı, bir gözə görə isə yarısı verilməlidir. Bir gözün alt və üst qapağına görə diyənin yarısı, gözün bir qapağına görə diyənin dörddə biri verilməlidir. Əl və ayaq barmaqlarına görə tam diyə verilməlidir. Tələf olunan hər bir barmağa görə isə on dəvə verilməlidir. Bütün dişlərə görə tam, bir dişə görə isə beş baş dəvə verilməlidir.
Əbu Bəkr ibn Ubeydullah ibn Ömər, Ömərdən rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: "Əgər burun tam şəkildə tələf olunarsa yüz dəvə diyə verilməlidir. Bir ələ, yaxud bir ayağa və ya bir gözə görə əlli dəvə verilməlidir. Başı, yara ilə beyin arasında bir pərdə qalmışa qədər yarmağa (ərəb. əl-Əmə) görə diyənin üçdə biri, bədən boşluğuna qədər vurulan yaraya (ərəb. əl-Cəifə) görə diyənin üçdə biri qədər diyə verilir. Sümüyü çıxarmağa (ərəb. əl-Munqalə) görə on beş dəvə, sümüklər görsənən həddə vurulan yaraya görə beş dəvə, dişə görə beş dəvə, hər bir barmağa görə isə on dəvə verilməlidir"[12].
Əbu Bəkr ibn Muhəmməd ibn Amr ibn Həzm atasından, o da babasından rəvayət edir ki, "Peyğəmbər (S.A.V.) Yəmən camaatına məktub yazmışdı. Orada vərəsəlik payları, dəvələrin say fərqi və diyə haqqında danışılırdı. Orada belə bir məqam var idi: İnsan qətlinə görə yüz dəvə miqdarında diyə verilməlidir. Tam şəkildə tələf olunmuş buruna, dilə, dodaqlara, xayalara, cinsiyyət orqanına, onurğa sümüyünə, iki gözə görə tam diyə verilməlidir. Bir ayağa görə diyənin yarısı, başı, yara ilə beyin arasında bir pərdə qalmışa qədər yarmağa (ərəb. əl-Əmə) görə diyənin üçdə biri, bədən boşluğuna qədər vurulan yaraya (ərəb. əl-Cəifə) görə diyənin üçdə biri qədər diyə verilir. Sümüyü çıxartmağa (ərəb. əl-Munqalə) görə on beş dəvə verilməlidir. Əl və ya ayağın hər bir barmağına görə on dəvə, bir dişə görə beş dəvə, sümüklər görsənən həddə vurulan yaraya görə beş dəvə diyə verilməlidir"[13].

Faydasını itirmiş əzalara görə verilən diyə:
Əgər bir nəfər başqasını vurub onun ağlını, yaxud görmək, eşitmək, iyləmək, dad bilmək kimi hansısa hissiyyatını, yaxud danışıq qabiliyyətini tam şəkildə tələf edərsə buna görə tam şəkildə diyə verməlidir.
Ovf deyir ki, İbn əl-Əşəsin fitnəsindən öncə bir nəfər yaşlı kişinin belə dediyini eşitdim. Sonra o həmin kişini vəsf etdi və ona dedilər ki, həmin adam Əbu Qilabənin əmisi Əbul Mühəlləbdir. O, belə dedi: "Bir nəfər kişinin başına daş ilə vurmuşdular. Nəticədə o, eşitmə və danışma qabiliyyətini, ağlını və şəhvət hissiyyatını itirmişdi. Qadına şəhvətlə yaxınlıq edə bilmirdi. Ömər (A.R.O.) bu cinayətə görə dörd diyə verməyi əmr etdi"[14].
Əgər təkgöz insanın sağlam gözü tələf olunarsa buna görə tam diyə verilməlidir. Bu hökm, Ömər, oğlu Abdullah və Əli ibn Əbu Talib (Allah onlardan razı olsun) tərəfindən verilmişdir.
Qatadə deyir ki, mən Əbu Micləzin belə dediyini eşitdim: "Mən Abdullah ibn Ömərdən təkgöz adamın gözünün çıxarılması haqqında soruşdum.
Bu zaman Abdullah ibn Səffan dedi: Ömər (A.R.O.) belə halda tam diyə verməyi əmr etmişdi. Mən dedim: Mən İbn Ömərdən soruşuram? O isə dedi: Məgər o sənə Ömərdən danışmırmı?!"[15].
Qatədə Xəllasdan o isə Əlidən (A.R.O.) rəvayət edir ki, o, gözü çıxarılmış təkgöz adam haqqında belə deyərdi: "Əgər istəsə tam şəkildə diyə götürər, yaxud istəsə diyənin yarısını götürər, yarısının əvəzində isə onun gözünü çıxaranın bir gözünün çıxardılmasını tələb edər"[16].

Baş və üzə vurulan yaraların diyəsi:
Bu yaralar on növdür:
1.����������� Əl-Xarisə: Dərinin cızılıb, qanamaması.
2.����������� Əd-Damiyə: Dərinin cızılıb qanadılması.
3.����������� Əl-Badiə: Dəri altında ətin dərin şəkildə yarılması.
4.����������� Əl-Mütəlahimə: Ətə keçmiş zədə.
5.����������� Əs-Simhaq: Sümük ilə yara arasında nazik pərdənin qalması.
Bu beş növ yaraya görə qisas[17] və ya müəyyən edilmiş diyə yoxdur. Belə halda mühakimə lazımdır[18].
6.����������� Əl-Mudihə: Bu, sümüyə qədər çatan yaradır. Buna görə beş dəvə diyə verilməlidir.
7.����������� Əl-Haşimə: Bu, sümüyün sındırılmasıdır. Buna görə on baş dəvə verilməlidir.
8.����������� Əl-Munqalə: Bu, sümüyü olduğu yerdən çıxarmaqdır. Buna görə on beş dəvə verilməlidir.
9.����������� Əl-Məmumə, yaxud əl-Əmə: Bu, beyinə bir pərdə qalmışa qədər başın yarılmasıdır. Buna görə tam diyənin (yəni, yüz dəvənin) üçdə biri qədər diyə verilməlidir.
10.������� Əd-Damiğə: Bu, beyinə qədər çatan yaradır. Buna görə də tam diyənin üçdə biri qədər diyə verilməlidir.

Bədən boşluğuna qədər daxil olan (ərəb. əl-Cəifə) yaranın diyəsi:
Şəriət istilahında "əl-Cəifə" sözü bədən boşluğuna: qarın, kürək, sinə, boğaz və ya sidik kisəsi kimi orqanlara - qədər daxil olan yaraya deyilir.
Buna görə tam diyənin üçdə biri verilməlidir. Bu haqda Amr ibn Həzmin məktubunda deyilirdi ki, "Bədən boşluğuna qədər daxil olan (ərəb. əl-Cəifə) yaranın diyəsi, tam diyənin üçdə biri qədərdir".

Qadının diyəsi:
Əgər qadın səhvən qətlə yetirilərsə onun diyəsi, kişinin diyəsinin yarısı qədərdir. Həmçinin qadının bədən üzvlərinin və toxunulan yaralarının diyəsi, kişinin diyəsinin yarısı qədərdir[19].
Şureyh deyir ki, Urvə əl-Bəriqi Ömərin yanından gəldi və dedi: Dişə və sümüyə qədər çatan yaralara (ərəb. əl-Mudihə) görə kişi və qadınların diyəsi eynidir. Bundan artıq baş verənlərə görə qadının diyəsi, kişinin diyəsinin yarısı qədərdir[20].

Əhli Kitabın diyəsi:
Səhvən qətlə yetirilən əhli kitabın diyəsi, müsəlmanın diyəsinin yarısı qədərdir. Demək onlardan qətlə yetirilən kişinin diyəsi müsəlman kişinin, onlardan qətlə yetirilən qadının diyəsi isə müsəlman qadının diyəsinin yarısı qədərdir.
Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, "Peyğəmbər (S.A.V.) əhli kitabın diyəsinin müsəlmanın diyəsinin yarısı qədər olduğu barədə hökm çıxarmışdır. Əhli Kitab, yəhudilər və xaçpərəstlərdir"[21].

Ana bətnində olan uşağın diyəsi:
Əgər anaya qarşı qəsdən, yaxud səhvən törədilən cinayət səbəbi ilə ana deyil, uşaq ölərsə buna görə bir kölə diyə vermək lazımdır. Uşağın ölüb ana bətnində qalması, yaxud ölü çıxması, kişi və ya qadın cinsli olması fərq etmir. Əgər bu cinayət zamanı ana da ölərsə o zaman diyə tam verilməlidir.
Əbu Hureyrə (A.R.O.) deyir ki, "Huzeyl qəbiləsindən iki nəfər qadın dava edərkən onlardan biri digərini daşla vuraraq qadını bətnindəki körpə ilə birlikdə öldürmüşdü. Onlar işin mühakiməsi üçün Peyğəmbərə (S.A.V.) müraciət etdilər. Peyğəmbər (S.A.V.): ölən körpənin diyəsini bir qul və ya bir qadın kölə olması, qadının diyəsinin isə qatilin qohumlarının boynuna düşməsi - barədə hökm verdi. Ölən uşağın miras payını da qohumlarına payladı"[22].
Əgər belə halda uşaq anadan olub sonra ölərsə o zaman diyə tam şəkildə verilməlidir. Əgər uşaq oğlan olarsa yüz dəvə, qız olarsa əlli dəvə verilməlidir. Çünki bu halda biz onun birbaşa cinayətlə ölməsinə əminik deyə, qətlə yetirilən bətndəki uşaq sayılmır.
*�� *�� *

[1] əl-Cami li-Əhkam əl-Quran: 2/ 245-246.
[2] Fiqhus Sünnə: 2/ 453.
[3] əl-Maidə: 45.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2228. Buxari: 5/ 306/ � 2703. Əbu Davud: 12/ 333/ � 4566. Nəsai: 8/ 27. İbn Macə: 2/ 884/ � 2649.
[5] ən-Nisa: 92.
[6] Hədis həsəndir. Səhih Sünən İbn Macə: � 2128. Əbu Davud: 12/ 283/ � 4518. İbn Macə: 2/ 878/ 2630. Nəsai: 8/ 43.
[7] Hədisdə "əl-Hullə" qeyd olunur. Bu sözün mənası, istənilən parçadan hazırlanmış alt və üst hissədən (izar və ridadan) ibarət olan paltar növüdür. Bu paltar həcc zamanı geyinilən ihram paltarına bənzəyir. Digər mənaya görə isə, "əl-Huləl" sözü Yəməndən gətirilən xüsusi paltar növüdür. Bax: Ovnul Məbud kitabı, 12/ 285.
[8] Hədis həsəndir. əl-İrva: � 2247. Əbu Davud: 12/ 284/ � 4519.
[9] Hədis həsəndir. Səhih Sünən Tirmizi: � 1121. Tirmizi: 2/ 423/ � 1406. İbn Macə: 2/ 877/ � 2626.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 2126. Əbu Davud: 12/ 292/ � 4524. İbn Macə: 2/ 877/ � 2627. Nəsai: 8/ 41.
[11] Buxari: 12/ 24/ � 6740. Müslim: 3/ 1309/ � 1681. Nəsai: 8/ 47-48.
[12] Hədis ona şahidlik edən digər rəvayətlərə görə səhihdir. əl-İrva: � 2238. Səhih Sünən Nəsai: � 4513. Bəzzar: 2/ 207/ � 1531. Beyhəqi: 8/ 86.
[13] Hədis ona şahidlik edən digər rəvayətlərə görə səhihdir. əl-İrva: � 2275. Səhih Sünən Nəsai: � 4513. Malik: 611/ 1545. Nəsai: 8/ 57, 58, 59.
[14] Hədis həsəndir. əl-İrva: � 2279. Şafii: 9/ 167/ � 6943. Beyhəqi: 8/ 86.
[15] Rəvayətin sənədi səhihdir. əl-İrva: � 2270. Beyhəqi: 8/ 94. Şafii: 9/ 196/ � 7060. Onun rəvayətində, "Mən dedim: Mən İbn Ömərdən soruşuram?..." sözləri yoxdur.
[16] Şafii: 9/ 197/ � 7062. Beyhəqi: 8/ 94.
[17] Çünki bu yaraların eynisini təkrarlamaq mümkün deyildir.
[18] İbn əl-Munzir deyir: Sözünü yadda saxladığımız hər bir alim demişdir ki, mühakimə sözünün mənası budur ki, əgər bir insan yaralanarsa və bu haqda təyin olunmuş diyə yoxdursa onda belə bir sual olunur: əgər alqı-satqı üçün işlədilən hansısa qul belə bir yara ilə yaralanmadan, yaxud belə zərbə almadan öncə hansı qiymətə satılardı?! Əgər, yüz dinar - desələr, onda yenə sual olunur: Bəs bu şəkildə yaralanmış və sağalmış halda qiyməti nə qədər olardı? Əgər, doxsan beş dinar - desələr, deməli təcavüzkar insan təcavüz etdiyi şəxsə diyənin iyirmidə bir hissəsini (yəni beş dəvə) verməlidir. Əgər, qiymətini doxsan dinar - desələr, onda diyənin onda birini verməlidir. Bax bu qayda ilə nə qədər azalsa və ya çoxalsa diyə də azalıb çoxalır. (əl-İcma kitabı: 151/ 698).
[19] Şəriətin bu hökmü heç də bəzilərinin iddia etdiyi kimi, qadınları kişilərdən alçaq tutmaq üçün qeyd olunmamışdır. Sadəcə olaraq şəriət sahibi hər kəsin özünə görə cəzasını və payını təyin etmişdir. Elə bu gün "İnsan hüquqları" deyənlər özləri kişi və qadın, vəzifəli və ya vəzifəsiz insanlar arasında fərq qoyurlar. Məsələn, əgər biz dünyəvi baxımdan özlərini inkişaf etmiş ölkələrdən sayan dövlətlərə baxsaq görərik ki, orada adi insana qarşı törədilən cinayətlə, vəzifəli və adlı-sanlı şəxsə qarşı törədilən cinayətlərə görə cəza kəsilərkən böyük fərq qoyulur. Yəni, adi insana və generala görə cinayətkara eyni cəza verilmir. Səbəb isə generalın adi insandan daha üstün, daha çox yararlı olmasıdır. Şəriət sahibi də kişinin daha çox məsuliyyət daşımasını, ailəsi üçün ruzi qazanmasını nəzərə alaraq onun diyəsin qadının diyəsindən nisbətən çox etmişdir. Bilin ki, Allahın şəriətində heç bir zülm, haqsızlıq ola bilməz. Daha doğrusunu Allah bilir. (tərc.)
[20] Rəvayətin sənədi səhihdir. əl-İrva: 7/ � 307. Şafii: 9/ 300/ � 7546.
[21] Hədis həsəndir. əl-İrva: � 2251. İbn Macə: 2/ 883/ � 2644. Tirmizi: 2/ 433/ � 1434. Nəsai: 8/ 45. Onlar, bir-birinə oxşar mətnlərlə rəvayət etmişlər. Əbu Davud: 12/ 323/ � 4559. Onun rəvayətində deyilir ki, "Əhd bağlayanın (ərəb. Müahid) diyəsi müsəlmanın diyəsinin yarısı qədərdir".
[22] Buxari: 12/ 24/ � 6740. Müslim: 3/ 1309/ � 1681. Nəsai: 8/ 47-48.





انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Cinayətlər (2-ci hissə) (Cinayətlər (2-ci hissə))
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru