[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Cinayətlər (1-ci hissə) (Cinayətlər (1-ci hissə))
Cinayətlər (1-ci hissə)
TeraneTarix: Çərşənbə, 13.06.2012, 12:49 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CİNAYƏTİN TƏRİFİ:
Müsəlmanın dəyəri çox əzəmətlidir:
İntihar etməyin haram olması:
Qətli mübah edən hallar:
Qətlin növləri:
Qətldən doğan nəticələr:
Qisasın vacib olması üçün şərtlər:
Dəstə, qətlə yetirdikləri bir nəfərə görə öldürülməlidirlər:
Qisasın isbatı:
Qisasın icrası üçün gərəkli şərtlər:
Qisas necə icra olur?

Tərifi:
Ərəb dilində "Cinayət" sözü, günahı özünə cəlb etmək mənasını verir. Cinayət cana, yaxud hansısa bədən üzvünə qarşı qəsdən və ya səhvən törədilə bilər.[1]
Şəriət terminologiyasında mənası: "Qisasa və ya maddi cəriməyə əsas verən, bədən xəsarətidir"[2].

Müsəlmanın dəyəri çox əzəmətlidir:
Uca Allah buyurur: "Ey iman gətirənlər! ... özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!"[3]
Digər ayədə isə buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!"[4]
Başqa bir ayədə isə belə buyurur: "Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur..."[5].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Özünüzü yeddi böyük günahdan qoruyun". Orada olanlar dedilər: Ey Allahın elçisi, onlar hansı günahlardır? O dedi: "Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, döyüş meydanından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək"[6].
Abdullah ibn Ömər ibn əl-Xəttab (Allah onlardan razı olsun) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yetirilməsindən daha yüngüldür"[7].
Əbu Səid əl-Xudri və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edirlər: "Əgər göy və yer əhli bir nəfər möminin qanına şərik olsalar, Allah onların hamısını cəhənnəmə atar"[8].
Abdullah ibn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "(Qiyamət günü)İnsanlar arasında ilk mühakimə olunacaq hüquq, qan haqqları olacaqdır"[9].
Digər hədisdə isə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Qiyamət günü bir kişi digərinin əlindən tutub gəlcək və deyəcəkdir: Ey Rəbbim, bu məni qətlə yetirib. Allah da ona deyəcəkdir: Onu nə üçün öldürmüşdün? O deyəcəkdir: Səni izzətləndirmək üçün onu öldürmüşəm. Allah deyəcəkdir: İzzət də mənə məxsusdur. Sonra başqa bir nəfər birinin əlindən tutub gələcək və deyəcəkdir: Bu məni qətlə yetirmişdir. Allah ona deyəcəkdir: Onu nə üçün öldürmüşdün? O deyəcəkdir: Filankəsi izzətləndirmək üçün onu öldürmüşəm. Allah deyəcəkdir: İzzət filankəsə məxsus deyil. Beləliklə qətlin günahını daşıyacaqdır"[10].

İntihar etməyin haram olması:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kim özünü dağtan atıb intihar edərsə, o, əbədi olaraq cəhənnəm atəşində diyirlənə-diyirlənə yanar. Kim zəhər qəbul edib intihar edərsə, zəhəri əlində ola-ola əbədiyyən cəhənnəmdə yanar. Kim özünü dəmir alətlə vurub intihar edərsə, həmin dəmir alətlə özünə zərbə yetirə-yetirə əbədi olaraq cəhənnəmdə yanar"[11].
Cundub ibn Abdullah (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralı idi. O ağrıya dözə bilməyib, bıçaqla əlini kəsdi. Sonra axan qanın qarşısını almayıb öldü. Uca Allah isə belə dedi: "Qulum öz nəfsini mənə tez təslim etdi. Mən isə cənnəti ona haram etdim"[12].
Cabir deyir ki, Tufeyl ibn Amr əd-Dovsi Peyğəmbərin (S.A.V.) yanına gəldi və dedi: Ey Allahın elçisi, sən özünə cangüdən, hami götürmək istəyirsənmi? (cahiliyyət dövründə cangüdənlik Dovs qəbiləsinin əlində idi). Peyğəmbər (S.A.V.) bundan imtina etdi. Bu (Peyğəmbərin müdafiəsi), Allah tərəfindən ənsarlar üçün qorunub saxlanılan bir nemət idi. Peyğəmbər (S.A.V.) Mədinəyə hicrət edəndə, Tufeyl ibn Amr və tayfasından olan bir kişi onun yanına hicrət etdilər. Onlar Mədinəyə gəldikdə çətinliklə üzləşdilər. Tayfasından olan kişi xəstələndi. Xəstəliyə dözə bilməyib nizə ucluğu ilə barmaqlarının uclarını kəsdi və əllərini qan apardı və öldü. Sonra Tufeyl ibn Amr onu yuxusunda gördü. Onun zahiri görünüşü gözəl idi. Amma əllərini örtmüşdü. Tufeyl ona dedi: Rəbbin sənə nə etdi? O dedi: Onun Peyğəmbərinin (S.A.V.) yanına hicrət etdiyim üçün məni bağışladı. Tufeyl dedi: Əllərini nə üçün örtmüsən? O dedi: Mənə dedilər ki, biz, sənin korladığını düzəldən deyilik. Sonra Tufeyl bu hadisəni Peyğəmbərə (S.A.V.) danışdı və o dedi: "Allahım onun əllərini də bağışla"[13].

Qətli mübah edən hallar:
Uca Allah buyurur: "Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin..."[14].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "İnsanlar lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla, canlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır"[15].
Peyğəmbər (S.A.V.) öldürməyə əsas verən İslam haqqını belə açıqlamışdır: "Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verən müsəlmanın qanı, üç hal istisna olmaqla, haramdır: nəfsə nəfs olaraq qisas alma, zina edən evli adam və camaatı tərk edib dinindən üz çevirən adam"[16].

Qətlin növləri:
Qətl üç növdür: Qəsdən, qəsdə oxşar və səhvən.
Qəsdən öldürmək: Bu, həddi büluğa çatmış insanın, qanı halal olmayan başqa bir insanı, öldürücü olduğu daha çox ehtimal edilən alətlə qətlə yetirməsidir.
Qəsdə oxşar qətl: Bu, adətən öldürücü olmayan bir alət ilə vurub başqasını qətlə yetirməkdir.
Səhvən öldürmək: Bu, həddi büluğa çatmış insanın mübah sayılan bir işlə məşğul olduğu halda, məsələn, (ov ovlayarkən, maşını idarə edərkən və s. belə hallarda) başqasını qətlə yetirməsidir.

Qətldən doğan nəticələr:
Qəsdə oxşar və səhvən baş verən qətl hadisəsində kəffarə qatilin, qanbahası (diyə) isə qohumlarının boynuna düşür.
Uca Allah buyurur: "Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"[17]
Qəsdən törədilən qətl hadisəsində, ölən şəxsin varisləri qatildən qisas, yaxud onu bağışlayıb qanbahası ala bilərlər.
Uca Allah buyurur: "Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) "diyə" (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir!"[18]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kimin yaxını qətlə yetirilərsə o daha xeyirli saydığı seçimi edə bilər. Ya diyə alar ya da qisas tələb edər"[19].
Bu diyə qətlə görə vacib edilməmişdir. Sadəcə olaraq qisasın əvəzində verilir. Ona görə ölənin ailəsi diyədən başqa istədikləri şərtlə razılaşa bilərlər. Hətta təyin olunmuş diyədən artıq istəyə bilərlər.
Demək Peyğəmbər (S.A.V.) demişdir: "Kim qəsdən adam öldürərsə o, ölənin ailəsinə təslim edilər. Onlar istəsələr onu öldürər, yaxud diyə götürərlər. Diyənin miqdarı, otuz baş dörd yaşa keçmiş, otuz baş beş yaşa keçmiş və qırx baş boğaz dəvədir. Onlar istədikləri qiymətə də razılaşa bilərlər. Bu, çətinləşdirilmiş diyədir"[20].
Amma havayı əfv etmək isə daha yaxşıdır. Uca Allah buyurur: "...(Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır..."[21].
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: "Allah, bağışlayan bəndəni yalnız yüksəldər, izzətləndirər"[22].
Qisasın vacib olması üçün şərtlər:
Qisas, yalnız bu şərtlərlə vacib sayılır:
1.����������� Qatilin mükəlləf (məsuliyyət daşımaq iqtidarında) olması: Azyaşlı, dəli və ya yatmış (yuxuda olarkən cinayət etmiş) insana qisas vacib sayılmır. Çünki Peyğəmbər (S.A.V.) demişdir: "Üç insandan: həddi büluğa çatmamış uşaqdan, ağıllanmamış dəlidən və yuxudan oyanmayan kimsədən - qələn qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur)"[23].
2.����������� Ölən insanın canının qorunması:
Yəni, öldürülən insanın qanı, aşağıdakı hədisdə deyilən səbəblərə görə halal olmamalıdır. Peyğəmbər (S.A.V.) demişdir: "Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verən müsəlmanın qanı, üç hal istisna olmaqla, haramdır: nəfsə nəfs olaraq qisas alma, zina edən evli adam və camaatı tərk edib dinindən üz çevirən adam"[24].
3.����������� Öldürülən insan qatilin övladı olmamalıdır: Çünki Peyğəmbər (S.A.V.) demişdir: "Ata, övladını öldürdüyünə görə qisasla oldürülmür"[25].
4.����������� Öldürülən insan kafir, qatil isə müsəlman olmamalıdır:
Demək Peyğəmbər (S.A.V.) demişdir: "Müsəlman qətlə yetirdiyi kafirə görə, qisasla öldürülmür"[26].
5.����������� Öldürülən kölə, qatil isə azad insan olmamalıdır:
Həsən əl-Basri demişdir: "Azad insan qətlə yetirdiyi köləyə görə qisasla öldürülmür"[27].

Dəstə, qətlə yetirdikləri bir nəfərə görə öldürülməlidirlər:
Əgər bir dəstə insan toplaşıb kimisə öldürsələr, onların hamısından qisas alınmalıdır. Demək İmam Malik (Allah ona rəhmət etsin) Səid ibn əl-Museyyibdən rəvayət edir ki, "Ömər ibn əl-Xəttab (A.R.O.) dəstə tərəfindən hiyləgərliklə qətlə yetirilmiş bir nəfərə görə, beş və ya yeddi nəfəri qisasla öldürdü və dedi: Əgər Səna şəhərinin əhalisi onun qətlində iştirak etsəydilər onların hamısından qisas alardım"[28].

Qisasın isbatı:
Qisas, iki şeydən biri ilə isbat olunur.
Birinci; Etiraf: Ənəs (A.R.O.) deyir ki, bir nəfər Yəhudi bir qızın başını iki daşın arasına qoyub döyəcləmişdi. Ondan: Bunu kim edib? - soruşdular və bir-bir filankəs, filankəs deyərək ad çəkməyə başladılar. Yəhudinin adı çəkiləndə, qız başı ilə işarə etdi və sonra yəhudini gətirdilər. O, bunu etiraf etdi və Peyğəmbər (S.A.V.) onun da başının iki daşın arasında döyülməsini əmr etdi[29].

İkinci; iki nəfər ədalətli kişinin şahidliyi:
Rafi ibn Xədic deyir ki, Ənsarlardan bir nəfər xeybərdə öldürülmüş halda tapıldı. Onun qohumları Peyğəmbərin (S.A.V.) yanına gəlib baş verənləri danışdılar. O dedi: Sizin bu qətlə şahidlik edəcək iki nəfər ədalətli şahidiniz varmı? Onlar dedilər: Ey Allahın elçisi, orada müsəlmanlardan heç kəs olmayıb. Onlar yəhudidirlər. Onlar bundan da pis iş gərə bilərlər. Peyğəmbər (S.A.V.) dedi: Onlardan əlli nəfər gətirin və and içmələrini tələb edin. Onlar isə bundan imtina etdilər. Peyğəmbər (S.A.V.) də onun qanbahasını özündən verdi.[30]

Qisasın icrası üçün gərəkli şərtlər:
Qisasın icra olunması üçün üç şərt vardır:
1.����������� Qisas alınacaq cinayətkarın mükəlləf (məsuliyyət daşıyan) olması: Əgər qisas alınacaq qatil, uşaq və ya dəli olarsa, cinayətkar mükəlləf sayılana qədər həbs edilməlidir.
2.����������� Ölənin qohumlarının qisasın icra edilməsi haqqında yekdil rəyə gəlmələri: Əgər ölənin bəzi qohumları qisasdan imtina etsələr, qisas icra olunmur.
Zeyd ibn Vahb deyir ki, "başqasını öldürmüş bir kişini Ömər ibn əl-Xəttaba (A.R.O.) şikayət etdilər. Ölənin qohumları onun öldürülməsini tələb edirdilər. Ölənin bacısı, qatilin isə arvadı olan bir qadın dedi: mən ərimin boynuna düşən haqqımı bağışlayıram. Ömər dedi: Kişi qisasdan azad olundu"[31].
Zeydin digər rəvayətində deyilir ki, bir nəfər kişi öz arvadının yanına yad kişinin olduğunu görüb, arvadını öldürdü. Onun işi Ömər ibn əl-Xəttaba (A.R.O.) çatdı. Qadının bəzi qardaşları bacılarına qəzəblənib öz paylarını qatilə bağışladılar. Ömər (A.R.O.) qatilin digər qohumlara diyə verməsini əmr etdi[32].
3.����������� Cinayətkarın ölümü başqasına zərər verməməlidir. Məsələn əgər hamilə qadın qisas cəzasına məhkum edilibsə, o, hamiləliyini bitirib, ilk günlərdə uaşağına süd verənə qədər qisas icra olunmur[33].
Abdullah ibn Bureydə atasından rəvayət edir ki, Ğamid qəbiləsindən bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Mən zina etmişəm. Peyğəmbər (S.A.V.) dedi: "Qayıt get!". Qadın qayıdıb getdi. Səhərisi gün qadın yenə gəldi və dedi: Deyəsən Maiz ibn Maliki[34] qaytardığın kimi, məni də qaytarmaq istəyirsən? Allaha and olsun ki, mən hamilə qalmışam. O, qadına dedi: "Qayıt get!". Qadın qayıdıb getdi və səhərisi gün yenə gəldi və Peyğəmbər (S.A.V.) ona dedi: "Get, uşaqdan azad olandan sonra gələrsən". Qadın getdi və uşağı dünyaya gələn kimi onu götürüb gəldi və dedi: Budur uşağım, artıq doğmuşam. Peyğəmbər (S.A.V.) dedi: "Qayıt uşağı yemək yeyənə qədər, ona süd ver". Qadın uşaq ilə gəldi və o əlində nə isə yeyirdi. Peyğəmbər (S.A.V.) uşağı müsəlmanlardan birinə (övladlığa) verdi və onun üçün bir çuxur qazıtdırıb daşqalaq olunmasını əmr etdi. Xalid də həmin qadını daşqalaq edənlərin arasındaydı. O qadına bir daş vurdu və qadının qanı onun yanağına sıçradı. Xalid isə onu söydü. Peyğəmbər (S.A.V.) ona dedi: "Ey Xalid, tələsmə. Nəfsim əlində olana and olsun ki, bu qadın elə bir tövbə etmişdir ki, əgər insanlara zülm edib onların haqqlarını əllərindən alan insan belə bir tövbə etsəydi onun da günahı bağışlanardı". Sonra Peyğəmbər (S.A.V.) onun üçün cənazə namazı qıldı və basdırıldı.[35]

Qisas necə icra olur?
Əslində, qatil başqasını necə öldürübsə, həmin qaydada da onadan qisas alınmalıdır. Çünki bu, bərabər və eyni ölçüdə verilən cəzanı əks etdirən haldır.
Uca Allah buyurur: "...Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin)..."[36].
Uca Allah buyurur: "(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin..."[37].
Həmçinin, qadının başını daş ilə vurub əzən yəhudini Peyğəmbər (S.A.V.) eyni şəkildə cəzalandırmışdı.[38]

[1] Subulus Səlam: 3/ 231.
[2] Mənarus Səbil: 2/ 315.
[3] ən-Nisa: 29-30.
[4] ən-Nisa: 93.
[5] əl-Maidə: 32.
[6] Buxari: 5/ 393/ � 2766. Müslim: 1/ 92/ � 89. Əbu Davud: 8/ 77/ � 2857. Nəsai: 6/ 257.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 5077. Tirmizi: 2/ 426/ � 1414. Nəsai: 7/ 82.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 5247. Tirmizi: 2/ 427/ � 1419.
[9] Buxari: 12/ 187/ � 8664. Müslim: 3/ 1304/ � 1678. Tirmizi: 2/ 427/ � 1418. Nəsai: 7/ 83.
[10] Hədis səhihdir. Səhih Sünən Nəsai: � 3732. Nəsai: 7/ 84.
[11] Buxari: 10/ 247/ � 5778. Müslim: 1/ 103/ � 109. Tirmizi: 3/ 260/ � 2116. Əbu Davud: 10/ 354/ � 3855. Nəsai: 4/ 67. O, ancaq özünü zəhərləyərək intihar edəni qeyd etmişdir.
[12] Buxari: 6/ 496/ � 3463. Müslim: 1/ 107/ � 113.
[13] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 97. Müslim: 1/ 108/ � 116.
[14] əl-İsra: 33.
[15] �Buxari: 1/ 75 / � 25. Müslim: 1/53/ � 22.
[16] Buxari: 12/ 201/ � 6878. Müslim: 3/ 1302/ � 1676. Əbu Davud: 12/ 5/ 4330. Tirmizi: 2/ 429/ � 1423. Nəsai: 7/ 90. İbn Macə: 2/ 847/ � 2534.
[17] ən-Nisa: 92.
[18] əl-Bəqərə: 178
[19] Buxari: 12/ 205/ � 6880. Müslim: 2/ 988/ � 1355.
[20] Hədis həsəndir. Səhih Sünən Tirmizi: � 1121. Tirmizi: 2/ 423/ � 1406. İbn Macə: 2/ 877/ � 2626.
[21] əl-Bəqərə: 237.
[22] Hədis səhihdir. Səhih Sünən Tirmizi: � 1894. Müslim: 4/ 2001/ � 2588. Tirmizi: 3/ 254/ � 2098.
[23] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 3512.
[24] Buxari: 12/ 201/ � 6878. Müslim: 3/ 1302/ � 1676. Əbu Davud: 12/ 5/ 4330. Tirmizi: 2/ 429/ � 1423. Nəsai: 7/ 90. İbn Macə: 2/ 847/ � 2534.
[25] Hədis səhihdir. əl-İrva: � 2214. Tirmizi: 2/ 428/ � 1422. İbn Macə: 2/ 888/ � 2661.
[26] Həsənun səhih. Səhih Sünən Tirmizi: � 1141. Buxari: 12/ 260/ � 6915. Tirmizi: 2/ 432/ � 1433. Nəsai: 8/ 23.
[27] Rəvayət tabiinin sözü olaraq səhihdir (ərəb. Səhihun Məqtu). Səhih Sünən Əbu Davud: � 3787. Əbu Davud: 12/ 238/ � 4494. Cümhur (əksər) alimlərin rəyi belədir. Onlar bu barədə bir çox dəlillər gətirmişlər. Amma bütün dəlillərdə irad tutulan məqamlar vardır. Şeyx Şinqiti (Allah ona rəhmət etsin) "Ədvaul Bəyan" adlı kitabında bunları qeyd etmiş və sonra demişdir: "Sayca çox olan bu rəvayətlərin hər birinə irad tutmağa əsas olsa da, bu rəvayətlər bir-birinə güc verir və bu toplu dəlil olaraq yararlı olur. Azad insanın qətlə yetirdiyi köləyə görə qisasla öldürülməməsini deyən bu dəlilləri gücləndirən digər amil isə budur ki, bütün alimlər yekdilliklə demişlər ki, azad insanın köləyə yetirdiyi bədən xəsarətlərinə görə qisas düşmür. Əgər ondan bədən üzvlərinə görə qisas alınmırsa, demək onu öldürməyə görə də qisas alınmamalıdır. Kölənin bədən üzvlərinə zərər vuran azad insandan qisas alınmasının zəruri olmasını deyənlər, yalnız Davud əz-Zahiri və İbn Əbu Leyla olmuşdur. Azad insanın qətlə yetirdiyi köləyə görə qisasla öldürülməməsini dəstəkləyən digər amil budur: Demək, bütün alimlərin yekdillik rəyinə əsasən, azad insan səhvən qətlə yetirdiyi köləyə görə, onun sahibinə diyə deyil, kölənin qiymətini verməlidir. Bəziləri bu məsələni həmin kölənin qiymətinin diyədən çox olmaması ilə əlaqələndirmişlər. Məsələyə əsas verən digər amil budur: Əksər alimlərin rəyinə əsasən, köləni zinada ittiham edən azad insana cəza düşmür. Yalnız İbn Ömər, Həsən əl-Basri və Zahirilər belə halda cəzanın tətbiqini vacib saymışlar. Ələlxüsus əgər uşağın anası ittiham olunarsa" (müxtəsər şəkildə tərcümə edilmişdir).
[28] Rəvayət səhihdir. əl-İrva: � 2201. Malik: 628/ 1584. Şafii: 6/ 22 (bu mənbəni dəqiqləşdir: فع). Beyhəqi: 8/ 41.
[29] Buxari: 12/ 198/ � 6876. Müslim: 3/ 1299/ � 1672. Əbu Davud: 12/ 267/ � 4512. Tirmizi: 2/ 426/ � 1413. Nəsai: 8/ 22. İbn Macə: 2/ 889/ � 2666.
[30] Səhihun Liğeyrihi. Səhih Sünən Əbu Davud: � 3793. Əbu Davud: 12/ 250/ � 4501.
[31] Səhihdir. əl-İrva: � 2222. Əbdürrəzzaqın "əl-Müsənnəf" kitabı: 10/ 13/ 18188.
[32] Səhihdir. əl-İrva: � 2225. Beyhəqi: 8/ 59.
[33] Mətndə deyilən südvermə, doğuşun ilk günlərində uşağa verilən süddür. Bu süd, uşağın həyatı üçün çox zəruridir. Cinayətkar ananın doğduğu uşağa bu südü vermədən öldürülməsi, uşağa ziyandır. Qadın bu südü verdikdən sonra əgər uşağa süd analığı edə biləcək bir qadın tapılarsa uşaq həmin qadının himayəsinə verilir və qisas hökmü icra olunur. Buna əsas Müslimin hədisidir. Əgər uşağa süd analığı edən bir qadın tapılmazsa onda uşağı iki il müddətində əmizdirmək üçün anaya möhlət verilməlidir. Buna əsas isə Əbu Davudun aşağıda qeyd olunacaq rəvayətidir.
[34] Bu, az öncə haqqında danışdığımız, zina edib zinasını etiraf edən kişi idi. (tərc.)
[35] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: � 3733. Müslim: 3/ 1321/ � 1695. Əbu Davud: 12/ 123/ � 4419. Rəvayətin bu mətni onundur.
[36] əl-Bəqərə: 194.
[37] ən-Nəhl: 126.
[38] Yuxarıda qeyd olunmuşdur.





انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Cinayətlər (1-ci hissə) (Cinayətlər (1-ci hissə))
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru