Uşağa oruc nə zaman vacibdir?
Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil
Sual:
Sual soruşan deyir ki, o, qohumlarının yanına gedib. Ramazan ayında onlarda qonaq qalıb, onlarda oğlanlı və qızlı bir toplu uşaq görüb və ona elə gəldi ki, o uşaqların oruc tutmağa taqətləri var. Buna görə də onlara oruc tutmağı əmr etdi və uşaqların valideynlərinə uşaqlara orucu qıldırmaq yönündə xəbərdarlıq etdi, onlar isə uşaqların az yaşlı olmaqlarını üzr gətirdilər. Lakin o, bu üzr ilə qane olmadı, buna görə də yazaraq soruşur: “Bu cür uşaqlar orucla nə vaxt əmr olunurlar? Bunun üçün təyin olunmuş bir yaş varmı? ...Bu barədə fətva verin!
Cavab:
Allahu Təalə deyir: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun!”[1] Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Diqqət edin! Sizin hamınız çobansınız və hər biriniz öz sürüsü üzərində məsuliyyət daşıyır.” Bu hədisdə deyir: “Kişi öz ailəsi üzərində çobandır və öz rəiyyəti üçün məsuliyyət daşıyır, qadın isə ərinin ailəsi və uşağı üzərində çobandır və onlar üçün məsuliyyət daşıyır.”[2] Bu uşaqlar vəlilərinin əlində bir əmanətdir və onlara dinlərində və dünyalarında fayda verəcək, dinlərində və dünyalarında onlara zərər verəcək işlərdən onları çəkindərəcək şeylər öyrətmək ona vacibdir.
Əgər oğlan uşağı yeddi yaşına – qız uşağı da bunun kimidir – çatarsa, uşağın vəlisinə ona namazı və namaz üçün lazım olan təharəti və təharətdən başqa şeyləri əmr etmək, namazın əhkamlarını öyrətmək vacibdir və namazı onun üçün praktiki olaraq uyğunlaşdırmalıdır, çünki bir vacibin yalnız onunla tamamlanacağı şey də vacibdir. Uşaq on yaşına çatana qədər bu şəkildə davam etməlidir. Uşaq on yaşına çatanda namazı tərk etdiyinə görə vurmalıdır, çünki hədisdə gəlir: “Yeddi yaşında uşaqlarınıza namazı əmr edin, on yaşında isə namazın üstündə onları vurun və onların yataqlarını ayırın!”[3]
Oruca gəldikdə isə gücü çatarsa mumeyyiz olana əmr edilməlidir. Mumeyyiz uşağın kim olması haqqında bəziləri deyib: o, yeddi yaşına dolmuş uşaqdır. “əl-Mutli” kitabında (müəllif)[4] deyir: “O, ona edilən xitabı anlayan və cavab verə bilən bir uşaqdır, dəqiq yaşla müəyyən edilməz, əksinə anlayışların fərqli olması ilə (yaşları) fərqlənə bilər.”[5] Bunu “əl-İnsaf” kitabında (müəllif)[6] doğru sayaraq demişdir: “Sözün quruluşu, kök etibarı ilə əmələ gəlməsi bu mənaya işarə edir.”[7]
Alimlərdən bəziləri deyir: əgər uşaq on yaşına çatarsa və güc yetirərsə, vəlisi ona oruc tutmağı əmr etməlidir. (Onun güc yetirib yetirmədiyi) üç gün ard-arda oruc tutması ilə bilinir, əgər bundan zərər görməzsə, oruca güc yetirmiş sayılır, bu zaman orucla əmr olunmalıdır və (oruca) adət etməsi üçün bunun üstündə vurulmalıdır.
“əl-İqna” kitabında və “şərhində”[8] deyir:[9] “Mumeyyiz uşağın tutduğu oruc qıldığı namaz kimi səhihdir, və güc yetirdiyi halda onun – yəni mumeyyiz uşağın – vəlisinə ona orucu əmr etmək və bu zaman onu – yəni orucu - tərk etdiyi təqdirdə namazda olduğu kimi adət etməsi üçün onu vurmaq vacibdir. Lakin oruc daha çətindir, ona görə də oruc üçün uşağın taqəti nəzərə alınmışdır, çünki oruca tab gətirə bilməyən namaza tab gətirə bilir. Oruc tutarsa savabı uşağa aiddir. Etdiyi bütün xeyir əməllər də bunun kimidir, yəni bütün savab ona aiddir, necəki həcc haqqında gəlmiş mənası açıq-aşkar hədisdə qeyd olunmuşdur ki, “bu yaşda bütün yaxşı əməllər ona yazılır, lakin pis əməllər yazılmır.” [10]” Sitat bir qədər qısaldılmış olaraq burada bitdi.
əl-Məcd İbn Teymiyyə’nin “Muntəqa əl-Əxbar” kitabında və onun əş-Şəvkani tərəfindən yazılmış “Neylul-Əvtar” şərhində deyilir: “Bab: Uşaq tab gətirərsə oruc tutmalıdır;[11] ər-Rubeyyi bint Muavviz dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – aşurə günü səhər tezdən Mədinə şəhərinin ətrafındakı ənsar kəndlərinə adam göndərərək buyurdu: “Kim oruclu olaraq oynayıbsa orucunu tamamlasın, kim iftarlı oyanıbsa günün qalan hissəsini (oruclu olaraq) tamamlasın!” Bundan sonra həmişə aşurə orucunu tutar və onu balaca uşaqlarımıza da tutdurardıq. Məscidə gedərdik və uşaqlar üçün yundan oyuncaq düzəldərdik, onlardan kimsə yemək üzündən ağlasaydı iftar gəlib çatana qədər onu ona verərdik.” Onlar ikisi rəvayət ediblər.[12]
əl-Buxari dedi[13]: Ömər ramazan ayında bir nəfər sərxoşa dedi: “Sənə vay olsun, uşaqlarımız oruclu olduğu halda?! Sonra onu vurdu...” Bu əsəri Said bin Mənsur və əl-Bəğavi “əl-Cadiyat”da sənədi ilə Abdullah bin Huzeyl’dən rəvayət etmişdir ki, Ömər bin əl-Xattab’ın yanına ramazanda içki içmiş birini gətirdilər. Ona yaxınlaşdıqda “ağzı-burnu üstə”[14] deməyə başladı. əl-Bəğavi’nin rəvayətində[15] isə deyir: “Onun yanına gətiriləndə ayağı büdrədi və Ömər dedi: “Üzün üstə yıxılasan! Vay sənin halına, uşaqlarımız oruclu olduğu halda?!” Sonra əmr etdi və ona səksən qamçı vuruldu, sonra onu Şama yolladı.” Sitatın sonu.
Hədisi, əgər tab gətirsələr alışdırmaq məqsədilə uşaqlara orucu əmr etməyin müstəhəb olması üçün dəlil gətirirlər. Bunun müstəhəb olmasını sələfdən bir qrup alim söyləmişdir. Onların arasında İbn Sirin, əz-Zuhri, əş-Şafi və başqaları vardır. Şafinin əshabı uşağa orucun əmr ediləcəyi vaxtın təyin edilməsində ixtilaf ediblər. Onlardan kimisi yeddi yaş olduğunu dedi. Kimisi on yaş demişdir. Əhməd də bu yaşı söyləyib. əl-Əvzai dedi: “Əgər üç gün ard-arda zəif düşmədən oruca tab gətirə bilərsə, oruc tutması əmr olunmalıdır. əl-Hadi “əl-Əhkam”da zikr edir ki, üç gün oruca tab gətirməsi şərtilə uşağa oruc vacibdir və bunun üçün peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi bu sözləri dəlil göstərdi: “Əgər uşaq üç gün oruca tab gətirsə bütün ayın orucu ona vacib olar.”[16] Bu hədisi əs-Suyuti “əl-Cami əs-Sağir”də[17] zikr edir və deyir: “Bunu əl-Murhibi[18] İbn Abbas’dan rəvayət edib.” Sözləri belədir: “Ağlı dərk etdikdə namaz, tab gətirdikdə oruc, ihtilam olduqda isə hədlər və şəhadətlər uşağa vacibdir.”[19] əl-Murtəda burada əl-Hadi’nin sözlərini davamlı ədəbləndirmək olaraq yozmuşdur, əl-Hədəviyyə məzhəbinin öndərləri isə bunu uşağa adət etdirmək, alışdırmaq məqsədi ilə əmr etmək olaraq yozublar.”[20] Sitat müxtəsər olaraq bitdi. Doğrusunu Allah bilir!
Mənbə:
“Fətava İbn Aqil”, 1/467-470; Darut-Tasil, Qahirə, birinci nəşr: 1421/2000
[1] ət-Təhrim, 6
[2] əl-Buxari (7138), Muslim (1829)
[3] Əbu Davud (495), Əhməd (2/187), əl-Beyhəqi (2/14) və başqaları rəvayət edir. Şeyx əl-Albani “əl-irva” kitabında (1/266 və 2/7) hədisi səhih saymışdır.
[4] İmam Əbu Abdilləh Şəmsud-Din Muhamməd bin Əbil-Fəth əl-Bəali əl-Hənbəli; hicri 645 - 709
[5] “əl-Mutli alə Əbvabil-Muqni”, səh: 67; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1421/2000
[6] Alləmə Aləud-Din Əbul-Həsən Əli bin Suleyman əl-Mərdavi əl-Hənbəli, hicri 817-885
[7] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 1/396; Muhamməd Həmid əl-Fiqi’nin təhqiqi və təshihi ilə, birinci nəşr: 1374/1955
[8] “əl-İqna” kitabı Dəməşqin qazisi Alləmə Əbun-Nəcə Şərəfud-Din Musa əl-Həccavi əl-Maqdisi’yə aiddir, hicri 968-ci ildə vəfat etmişdir. Digər böyük hənbəli alimi Şeyx Mənsur bin Yunus əl-Bəhuti əl-Hənbəli “Kəşşəful-Qina an Mətnil-İqna” adı ilə məşhur olmuş kitabını “əl-İqna” kitabına şərh olaraq yazmışdır. Şeyx əl-Bəhuti hicri 1051-ci ildə vəfat etmişdir.
[9] “Kəşşəful-Qina an Mətnil-İqna”, 2/132; Dar Aləmil-Kutub, Beyrut, birinci nəşr: 1417/1997
[10] Uşağın həcc etməsi ilə əcr qazanması haqqında İbn Abbasın bu hədisini Muslim (1336, 2645) rəvayət edib.
[11] “Muntəqa əl-Əxbar”, 4/198
[12] Yəni əl-Buxari (1960) və Muslim (1136) rəvayət edib.
[13] Bax: “Fəthul-Bari”, 5/365; Dar Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005
[14] Yəni, “Allah onu ağzı üstə çevirsin!” bax: Əbul-Hiləl əl-Həsən bin Abdilləh bin Səhl əl-Askəri, “Kitəbu Cəmhəratil-Əmsəl”, 2/80; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1408-1988
[15] Əbul-Qasim Abdullah bin Muhamməd əl-Bəğavi ( hicri 134 – 230 ) “əl-Cadiyat” kitabında (1/195; rəqəm 598) rəvayət edir.
[16] “əl-Məcruhin” (3/116) ; Eləcədə Əbu Nueym “əl-Marifə”də (2/170 ب ) Əhməd əs-Səlisin nüsxəsi.
[17] əs-Suyuti ”əl-Cami əs-Sağir”də (3238) rəvayət edir və zəifliyinə işarə etmişdir. əl-Munəvi “Feydul-Qadir”də (3/229) deyir: “Sənədində Cuveybir bin Said əl-Əzdi adlı ravi var. İbn Main dedi: “Bir şey deyildir.” ən-Nəsai – “əd-Duafə val-Mətrukin”də (rəq: 106) - dedi: “Tərk olunub.” əz-Zəhəbi – “əl-Mizan” kitabında (1/427) – bu ravi üçün bu xəbəri gətirmişdir.” Bax: Şeyx əl-Albani, “Daiful-Cami”, (2392)
[18] “Neylul-Əvtar” kitabının “Dar İbnil-Cəvzi” tərəfindən nəşrində kitabı təhqiq etmiş Muhamməd Subhi bin Həsən əl-Hallaq bu zatın adını əl-Məvhibi olaraq dəqiqləşdirmişdir. Bu ad haqqında açdığı qeyddə əl-Munəvinin onun adını “əl-Məvhibi” olaraq təsbit etdiyini qeyd edir.
[19] İbn Adiy (2/545) rəvayət etmişdir; hədis “Kənzul-Umməl” də (45326) rəqəmi ilə gəlir.
[20] “Neylul-Əvtar min Əsrari Muntəqa əl-Əxbar”, 8/265-269; Dar İbnil-Cəvzi, Səudiyyə Ərəbistan, birinci nəşr: hicri 1427, şəvval ayı