[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Xurafatcilar yeniden dirilibler.
Xurafatcilar yeniden dirilibler.
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 14:01 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
XURAFATCILAR YENIDEN DIRILIBLER.

Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu: "Azanın mikrafonla oxunuşuna qadağanı eşidəndə, texnika yeni-yeni inkşaf edərkən bunu şeytan əməli adlandıranlar yadıma düşdü"

- Azərbaycanda insanların dinə qayıdışı və dinə münasibəti sizi qane edirmi?
- Ümumiyyətlə Azərbaycan xalqı çox dindar və mənəviyyatına düşkün bir xalqdır. Sovet dövründə çox mübarizələr aparıldı ki, insanlar milli mənəvi dəyərlərindən uzaq düşsünlər. Bunun üçün hətta xüsusi qurumlar da yaradılmışdı ki, insanları dindən uzaqlaşdırsınlar. Bu geyim, yemək və danışıq tərzində öz əksini tapırdı. Bunlar din adına öyrədilirdi. Bu vəziyyət demək olar ki İslama qarşı ən təsirli mexanizm olmuşdu. Bu proses sovet inqlabından əvvəl çar rusiyası dövründə başlamışdı. Onlar xüsusi olaraq “din xadimləri” yetişdirlər ki, bunlar bütün bir həyat tərzi ilə ətrafına örnək olacaq və ona baxanlar tədricən dindən uzaqlaşacaq. Müasir Azərbaycanın da ən böyük problemi budur. Biz dinlə dindarı səhv salırıq. Həqiqi İslamla, sovet dövründən qalmış İslam adına danışanı səhv salırıq. Burda ərz etməliyik ki İslam ən gözəl dindir. İslam ən elmi, insanın mənəvi ehtiyaclarını ən yaxşı qarşılaya bilən, onun həyatının hər bir cəhətini, hardan gəldiyini, harda olduğunu, hara getdiyini nə etməli olduğunu öyrədən bir dindir. Bu gün bütün dünya intelektualları İslama tərəf gəlir. Sadəcə Amerikada hər il 20 min insan İslam dinini qəbul edir. Bizim öz araşdırmalarımız nəticəsində də məlum olub ki, İslam dinini qəbul edənlər əsasən intelekt səviyyəsi yüksək olan insanlardır. Bu Avropaya da aiddir. Təkcə Almaniyada hər il 5 minə yaxın alman islamı qəbul edir. Fransada bu rəqəm daha da yüksəkdir. Dinimizin ən böyük gözəl xüsusiyyəti budur ki, bütün dünya görüşü məsələlərinin bünövrəsini əqldə görür. Bu çox mühüm məsələdir. İslamda əql və rasionallıq ən ciddi məsələlərdən biridir. Bundan başqa dinimizin ən özəl xüsusiyyətlərindən biri də budur ki, özündə modernləşmə mahiyyəti var. Hər zaman üçün ən təravətli məfkurədir. Çünki bunun kökündə modernlıəşmə var, çünki bu Allah tərəfindən gəlib. Onun hökmləri hər zamana və hər məkana şamil edilir. Bu gün İslam dini hansısa vəziyyətdədirsə bunu insanlar özü etmişdir. Din özlüyündə isə hər zamankı kimi ucadadır, bu gün dünya bir mənalı olaraq İslama tərəf yönəlməkdədir və bu gün bunları nəzərə alsaq görərik ki, dünya nə qədər inkşaf edərsə, Quranı, İslamı tanımağın imkanları çoxalacaq. Bu gün Azərbaycanda dinə maraq, xüsusilə elmi, şüurlu, xürafatdan uzaq formada, intellektual formada kifayət qədərdir. Mən açıq deyirəm ki hal-hazırda biz İslamın təlimi, tədrisi ilə bağlı gələn tələblərin ancaq 5 faizini qarşılaya bilirik. Vaxtımız bu qədərə çatır. Ancaq tələb həddindən artıq çoxdur. Onun üçün də biz fərqli metodların tətbiqindən istifadə edirik. Qəzet vasitəsi ilə, ölkənin aparıcı mətbuat orqanları ilə. Hər cümə günü İslam maarifi ilə bağlı bizim yazılarımız gedir. Bundan başqa internet sayt vasitəsi ilə və müxtəlif forumlarda, hər həftə müəyyən vaxt ayırmışıq verilən sualları cavablandırmağa. Və düşünürəm ki bizim əsr süni maneələri aradan qaldıran əsrdir. Biz maksimum dərəcədə çalışırıq insanlara yaxın olaq. Gün ərzində sayısız-hesabsız müraciətlər olur. İnsanlarda dinimizə qarşı hədsiz maraq var. İnsanlar mənəvi duyğuları ilə bağlı, inancları ilə bağlı məsələləri axtarır və xüsusilə də özünün intellektual, fəlsəfi yöndə olan suallarının cavablamaq istəyir. Bu sahədə çalışırıq. Müəyyən işlər gedir. Sözsüz ki ölkədə dini jurnalistika adlanan bir istiqamət formalaşmalıdır. Bu sahədə ciddi boşluq var. Biz uzun müddətdir bunun üzərində düşünürük. Müəyyən araşdırmalar apardıqdan sonra belə bir məktəbin, dini jurnalistika məktəbinin təsis olunmasının zəruriliyinə gəlib çatmışıq. Bu çox mühüm məsələdir. Qəzetlərin və telekanalların çatşmayan və problemli məsələsi budur. Peşəkar, dini jurnalistlər yoxdur.

- Son vaxtlar mətbuatda tez-tez eşidirik, “ölkədə vəhhabizm təhlükəsi var, nurçuluq təhlükəsi var, fundamentalizm təhlükəsi var”. Sizcə belə bir təhlükə varmı?
- Ümumiyyətlə belə bir fobbiya var. Bu nəinki bizim ictimaiyyətdə, dünya ictimaiyyətində də var. Bəziləri bunu islamafobbiya adlandırırlar. Bəzən görürük ki nəinki Azərbaycanda, dünyada belə İslamın hər hansı bir mənada inkşafına mane olmaq üçün müəyyən təqsirləndirmələr ortaya çıxarılır. Vəhhabiliyə aidiyəti olmayan çevrələri də aparmaq üçün vəhhabilik damğasını vuraraq aradan götürürlər. Bizim ölkəmizdə isə bu məsəl öz-özlüyündə ciddi yanaşılması lazım olan mövzulardandır. Sözsüz ki, Azərbaycanda tarixdən gələn müsəlmanların qarşılıqlı sevgi və anlaşması ilə yaşanan bir təcrübəsi mövcuddur. Lakin təəssüflər olsun ki, son illərdə doğurdan da dini söhbətlərin mövzuları məzhəblər arası istiqamətə yönəlib. Sanki kimsə məhz bu məsələdə maraqlıdır. Biz görürük ki, doğurdan da ölkədə vəhhabilik cərəyanına məxsus elementlər göz qabağındadır. Dözümsüzlük, bütün digər İslam məzhəblərini və təriqətlərini dindən çıxmış bilmək onların hamısını dindən kənar bilmək qadınlara münasibətdə çox kobud davranış, valideynlərə münasibətdə kobud davranış, əqlə, fəlsəfəyə, məntiqə münasibətdə hörmətsizlik, musiqinin qeyri-haram mahiyətinə kobud münasibət, ümumiyyətlə Taliban obrazlı cərəyanın elementləri müşahidə olunur. Ona görə də biz burda bir mənalı olaraq istisna etməli deyilik ki, belə mövzular ölkədə yoxdur. Amma onlarla aparılan mübarizə forması ən uğursuz mübarizədir. Tut ha tut, qov ha qov, bu uğursuz formadır. Bunun ən uyğun şəkli yenə də insanları maarifləndirməkdir, intellektual müstəvidə bu məsələlərin üstünə getməkdir. İslami təhsili artırmaqdır. Bundan sonra İslamın intibah dövrü ölkəmizdə yaşanmaya başlayacaq.

- İraqda sünni və şiə liderlərinin tez-tez sülhə çağırışları olur, müsəlmanların qardaşlığı barədə uğunu göstərən bəyanatlar verirlər. Buna baxmayaraq məzhəblər arası mübarizə səngimək bilmir.
- Araşdırmalar göstərir ki, bunun arxasında işğalçılar özü var və bu cinayətləri də onlar özləri törədirlər. Orda daxili qarşıdurma yaradıb, "parçala, hökm sür" məfkurəsi ilə yanaşırlar. Düşünürəm ki, bu vəziyyət bumeranq olaraq həmin işğalçıların başına qayıdacaq. Artıq qayıtmağa başlayıb. Virginiada baş verən hadisələr bunun ən geniş misalıdır. Ümumiyyətlə dünyada müsəlman kimliyini anlama prosesi gedir. Ölkəmizdə də bu proses güclənməkdədir. Elə insanlar var ki, nə namaz qılır, nə oruc tutur, amma özünü müsəlman hesab edir. Bu çox maraqlı prosesdir, çox müsbət prosesdir. Xüsusən peyğəmbərimizə olan həqarət prosesində, papanın çıxışları dönəmində, "Əbu-qreyb", "Quantanamo" məsələlərində gördük ki, müsəlmanın özünü müsəlman kimi qəbul etmə, özünü müsəlman kimi dərk etmə məsələsi gedir.

- Son iki gündür Bakı şəhərinin məscidlərində əzanın mikrofonla oxunması qadağan edilib. Bu nə qədər doğrudur və müsəlman bir cəmiyyət əzandan narahat olar?
- Burda bir neçə məsələ var. Bu məsələyə sırf teoloji baxımdan yanaşmaq olar, sırf hüquqi baxımdan yanaşmaq olar, sırf ictimai baxımdan yanaşmaq olar. Teoloji baxımdan yanaşdıqda xüsusilə QMİ bunu icra edir. Ona görə də burda teoloji yanaşma da mütləq olmalıdır. Ümumiyyətlə əzanın fəlsəfəsi insanlara namazın vaxtının çatdığını bildirməkdir. On dörd əsr boyu bunun fəlsəfəsi bu olub. Bu prosesin çoxalması, yayılması üçün minarələr ucaldılıb və daha sonra da texnika inkşaf etdikdən sonra mikrofonla oxunub. Necə ki müəllimlər dərsdə danışır, əvvələr auditoriya balaca idi. Sonra böyük auditoriyalar oldu. Bu auditoriyalara toplaşmış 300, 500 adama səsini çatdırmaq üçün mikrofondan istifadə edildi. O zaman İslamın içindən bəzi hoqqabazlar, bəzi xürafatçılar çıxdı ki, mikrofon şeytan əməlidir. Mən açığı dədə-baba qaydasına qayıdış şüarlarını eşidəndə o yadıma düşdü ki, o zaman da texnika yeni-yeni inkşaf edərkən bunu şeytan əməli adlandırırdılar. Yox, biz məscidlərimizdə mikrofondan istifadə etməyəcəyik! Mən nə qədər inanmaq istəməsəm də, sanki o xürafatçılar yenidən diriliblər. Bir dövrlər maşına, təyyarəyə minmirdilər ki şeytan əməlidir. İndi görürük ki, bu dədə-baba qaydası deyən adamlar özləri bahalı maşınlara minirlər. Heç də dədə-baba qaydasına riayət edərək ata-arabaya minmirlər. Həccə gedərkən burdan minirlər təyyarəyə orda düşürlər. Hava isti olarkən evlərində soyuducudan, kondisionerdən istifadə edirlər. Bu misalları sayaraq çoxaltmaq mümkündür. Dədə-baba sözü qulağa xoş gəlsə də, bunun təməlində geriçilik durur. Birmənalı olaraq QMİ-nin bu məsələni icra etməsi gülünc görünür. Əksinə QMİ buna qarşı çıxmalı idi ki, bu yanlışdır. Ona görə də onun bu işi icra etməsi müəyyən qədər suallar yaradır. Mən nidiyə qədər bu qədər atılmış səhv addım xatırlamlram. Bu idarənin rəhbərləri indiyə qədər çox ehtiyatlı davranırdılar. Amma indi kifayət qədər ehtiyatsızlıq ediblər. İkinci tərəfə gəldikdə məsələnin hüquqi tərəfidir. Bunun hüquqi tənzimlənməsi olmalıdır. Tənzimlənmə məsələsi də belə olmalıdır ki, insanın azadlıqları var. O cümlədən vicdan azadlığı var. İstər dünya təcrübəsi, istər qonşu ölkələrdə, istər qardaş Türkiyədə, istərsə də ərəb ölkələrində, istərsə də şərqdən qərbə gedək. Mən dünən araşdırma aparmışam. Amerikada yaşayan dostlardan xahiş etdim ki, gedin baxın görün əzan necə verilir? Mən özüm olmuşam o ölkələrdə və görmüşəm ki, orada əzan mikrofonla verilir. Yəni, istər müsəlman dünyasında, istər Qərb dünyasında qəbul edilmiş məsələdir. Necə ki, kilsələrin səsi bayırda yayılır. Heç kim bundan qıcıqlanmır, qıcıqlananlar da buna dözümlü yanaşır, ola bilər ki, kilsə səsi də kiminsə xoşuna gəlmir amma yenə də davam edir, o cümlədən əzan üçün də situasiya belədir. Burda nəsə yeni bir şey ixtira etməyə çalışmaq gülməlidir. Burda hüquqi baxlımndan Azərbaycan dövlətinin, istiqlaliyyətinin atributlarından biri də əzandır. Sovet dövründən qurtulmağımızın bir əlamətidir əzan və o dövrdən bəri əzanlar bu cür oxunur. Birdən birə bunun qarşısının alınması hüquqi baxımdan yanlışdır. Söhbət burda yalnızca səs gücləndiricilərin düzgün istifadə normativlərinin ortalığa çıxmasından gedir. Bu məqbuldur. İstər Türkiyədə, istər Avropada müəyyən normativlər var. Sübh vaxtı bunun səsi fərqli, günorta fərqli axşam da fərqli olmalıdır. Bunun üçün qəbul edilmiş standartlar var. Hesab edirəm ki, bununla bütün narahatçılıqları, xəstələrin də körpələrin də narahatçılıqları aradan qalxmış olardı. Heç kim də mahiyətcə əzanın səsucaldanla çölə verilməsinin əleyhinə olmazdı. Bir söz də atıblar ortaya canlı. Təbii ki biz əzanı canlı oxuyuruq. Burda söhbət əzan oxuyanın gəlib mikrofonla əzan oxumasından gedir. Heç kim kasetlə əzan oxumur. Bəzən deyirlər bundan sonra canlı oxunacaq. Məgər indiyə qədər canlı oxunmurdu? Hər halda belə deyənlərin özündə belə bir naqislik olub. Varsa bu səhvlərini düzəltsinlər. Amma biz namaz vaxtı əzanlı canlı olaraq oxuyuruq. Mikrofonla verilsə də, oxuyan varsa canlı sayılır. Çünki mən inana bilmirəm ki, bu, hakimiyyətin dinə qarşı strategiyasıdır. Mənə elə gəlir ki, bu bəzi məmurların işə qeyri-peşəkar yanaşma tərzidir. Problemin həllini bilmirlər, kökündən kəsirlər. Bu gözü təmizləmək yerinə çıxartmaq kimi bir şeydir. Məncə bunun həlli yolunda Türkiyə təcrübəsindən istifadə etməliyik.

- Sizcə bu dövlət tərəfindən xalqın nəbzini yoxlamaq hesab edilə bilərmi?
- Mən bu hadisəni hansısa məmurun özbaşınalığı kimi qiymətləndirirəm. Mən inanmıram ki, bu, dövlətin dinə qarşı münasibətidir. Çünki, bunun üçün heç bir əsas yoxdur. Düşünürəm ki, bu problemin həllində Bakı şəhər İcra Hakimiyyətinin qeyri-peşəkar yanaşması QMİ-nin bu məsələdə prinsipsizliyindən və məsələnin yalnız qəbul edib, icra etmə kimi dərk etməsindən irəli gələn problemdir. Normal ölkələrdə debatlar keçirilir, müzakirələr olur. Məncə topluma aid olan bu cür məsələlərdə ümumi müzakirələr olmalıdır. Müxtəlif ekspertlər çıxışlar etməlidir və ümumi rəylərlə dünya təcrübəsi öyrənilməlidir. Bu kimi məsələlərdə Azərbaycan dövlətçiliyi çox gəncdir. Mən hesab edirəm ki, bu addım hökmən dayandırılacaq, biz yaxın vaxtlarda fərqli situasiya görəcəyik. Nəbz tutmağın başqa yolları da var. Bu ona bənzəyir ki, iki qardaşdan biri, digərinin qeyrət hissini yoxlamaq üçün atasına söyür və deyir ki, istəyirdim öyrənim atamı söyəndə qardaşım neyləyəcək. Bu, dövlət içində kəmfürsət çinovniklərin məsələyə həll yolu tapa bilməməsindən irəli gəlir.

ANSPRESS.COM


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Müxtəlif məsələlər » Xurafatcilar yeniden dirilibler.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru