Ana Səhifə » 2010 » Mart » 30 » Əlindən qan daman tarix: 92 il əvvəlin erməni vəhşiliyi səhifə-səhifə
Əlindən qan daman tarix: 92 il əvvəlin erməni vəhşiliyi səhifə-səhifə
20:27
Bu fakt 1988-ci il fevralın 13-ü - ermənilərin Xankəndində başlayan ilk
mitinqinin tarixi ilə üst-üstə düşür. Görünür, ermənilərin bu tarixi
seçməsi təsadüfü deyildi. Çünki 3 gün müddətində gerçəkləşdirilən
erməni köçü sübut edirdi ki, Qafqazın türklərdən təmizlənməsi və
Ermənistan dövlətinin yaradılması ideyasının kökü daha öncəki tarixlərə
gedir və 1828-ci ilə qədər ilkin hazırlıqlar artıq başa çatmışdı…
***
Türkmənçay müqaviləsindən sonrakı 3 il müddətində 130 min erməni
İrandan köçürülərək Qarabağda, o cümlədən İrəvan quberniyasında
məskunlaşdırıldı. Nəticədə İrəvan xanlığı ərazisində ermənilərin sayı
1831-ci ilin sonlarına aid statistikaya əsasən 161,7 min nəfərə
çatdırıldı.
Ancaq bu tədbirlər bölgənin demoqrafik vəziyyətinə ciddi təsir etmədi.
Həm Qarabağ, həm də İrəvan quberniyalarında əhalinin böyük
əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Hətta bir müddət sonra
Azərbaycanın qərb torpaqlarında yaradılan "erməni vilayəti” adlı
ərazidə belə ermənilər etnik azlıq idilər, "erməni vilayəti”nin mərkəzi
kimi göstərilməyə cəhd edilən İrəvan şəhərinin əhalisinin isə 87 faizi
türklərdən ibarət idi. Bu, təbii ki, Birinci Pyotrdan başlayan və
Rusiya imperiyasının cənub siyasətinin başlıca qayəsi olan "erməni
amilindən Qafqazda etibarlı dayaq kimi istifadə edilməsi” üçün kifayət
deyildi. Ona görə də erməni terror şəbəkəsinin inkişafına geniş şərait
yaradıldı.
Ermənilər yaradılan şəraitdən istifadə edərək, yeni məskunlaşdıqları
Azərbaycan ərazilərini, eyni zamanda, Türkiyənin şərq torpaqlarının bir
hissəsini əhatə etməklə "dənizdən-dənizə böyük Ermənistan” yaratmaq və
bölgəni türksüzləşdirmək məqsədilə 19-cu əsrin sonlarına doğru bir neçə
terror təşkilatı – Armenakan, Hnçak və Daşnaksütyun partiyalarını yaradırlar.
Türkü öldür!
Yaradılan hər 3 partiya terror fəaliyyətini rəsmən qəbul edir:
- 1887-ci ildə Cenevrədə yaradılan Hnçak partiyasının Nizamnaməsinin 4-cü bəndində "məqsədə çatmaq üçün terror və dağıdıcılıq fəaliyyəti” nəzərdə tutulur;
- 1885-ci ildə yaranan Armenakan partiyası Türkiyənin Van, Muş, Bitlis,
Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror
fəaliyyətinə başlayır;
- 1890-cı ildə Tiflisdə yaradılan Daşnaksütyun partiyası da
Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu
bölgələrini əhatə eləyən Ermənistan qurmağı ideoloji əsas seçir,
1892-ci ildə keçirilən ilk qurultayında Qafqazı türksüzləşdirmək
məqsədilə qərar qəbul edir. Həmin qərarda bildirilir: "Türkü və kürdü hər yerdə, hər bir şəraitdə öldür!”
İlk qırğınlar
Ermənilər məqsədlərini həyata keçirmək üçün Rusiya hərbçilərinin
sayəsində silahlanır, sistemli hərbi təlimlər keçir və açıq soyqırıma
hazırlaşırlar. Genişmiqyaslı və aşkar soyqırım siyasətini həyata
keçirmək üçün ilk fürsət isə 1905-ci ildə Rusiyada başlayan inqilab
olur.
Həmin il erməni hərbi birləşmələri Bakı, Şamaxı, Quba, Lənkəran, Gəncə,
Qarabağ, Zəngəzur, Göycə, Basarkeçər, həmçinin İrəvanda
azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar həyata keçirirlər.
1905-ci ildə ermənilər terror təşkilatlarının Azərbaycanda törətdiyi
ilk soyqırımdan sonra İrəvan mahalının demoqrafik vəziyyəti dəyişir.
900 min türkün qovulduğu, məhv edildiyi və didərgin salındığı
Azərbaycan kəndlərində Yaxın Şərqdən köçürülən ermənilərin
məskunlaşması sürətləndirilir və artıq Birinci Dünya Müharibəsi
ərəfəsində, 1914-cü ildə İrəvan quberniyasında ermənilərin sayı 1
milyon 14 min nəfərə çatdırılır. Əvəzində isə cəmi 575 min türk indiki
Ermənistan ərazisində öz mövcudluğunu qorumağı bacarır.
"Quduz itlər körpənin əl-ayağını gəmirib yemişdi”
Ermənilərin azərbaycanlılara qarşı ikinci və daha dəhşətli soyqırımı 1918-ci ildə başlayıb və 1922-ci ilə qədər davam edib.
Birinci Dünya Müharibəsinin gedişində Rusiyada başlanan inqilabın ilk
dalğasıyla rus ordusunun Cənubi Azərbaycandan geri çəkilməsi ilə böyük
silah-sursata, o cümlədən ağır texnikaya sahiblənən ermənilər
Tiflisdəki Daşnaksütyun partiyasının təşkilatçılığı ilə müharibədən
geri dönən və silahlarını təhvil verməyən erməni dəstələri ilə birgə
hərəkət etməyə başlayırlar. Eyni zamanda, Bakı sovetinin 6 minlik
ordusuna sahib olan Stepan Şaumyan nə yolla olursa-olsun, bolşeviklərlə
azərbaycanlılar arasında münaqişə yaratmağa cəhd göstərir, bu soyqırım
aktına sinfi mübarizə və vətəndaş müharibəsi görüntüsü verməyə
çalışırdı.
Belə bir fürsət 1918-ci ilin martın 30-da məşhur mesenat Hacı
Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranışdan vəfat etmiş oğlu
Məhəmməd Tağıyevin dəfnindən sonra yaranır. H.Z.Tağyevin oğlunu Bakıya
gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir heyəti
dəfndən sonra "Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Ancaq
gəmi limandan aralanan ərəfədə Şaumyanın tapşırığı ilə silahlı
bolşeviklər azərbaycanlı əsgərlərin tərksilah olunmasını tələb edirlər.
Dəstə tələbi rədd etdikdə isə əvvəlcədən pusquda durmuş pulemyotlar
atəş açır; dəstə məhv edilir və gəmidəki silah-sursat ələ keçirilir.
Bakı Sovetində Stepan Şaumyan başda olmaqla Sako Saakyan, Arakelyan və
digər daşnaklar bu faktı müsəlmanların bolşeviklərə qarşı çıxması kimi
qiymətləndirir və səhər tezdən azərbaycanlılara qarşı hücum əmri
verirlər. Beləliklə, martın 31-də Bakıda azərbaycanlıların soyqırımına
başlanılır.
***
1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
soyqırım faktlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması həmin dövrün dəhşətlərinin əks olunmasında misilsiz
xidmətlər göstərib. Komissiyaya vəkil Ələkbər bəy Xasməmmədov rəhbərlik
edib.
Komissiyanın üzvü A.Y.Kluge "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazır:
"Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda
pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların
evlərinə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə
doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin
alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda
oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir,
hamısını öldürürdülər”.
Təhqiqat Komissiyasının məlumatına görə, bu 3 günlük qırğınlar
nəticəsində Bakıda 11 minə qədər müsəlman-türk öldürülüb. Ancaq
komissiya üzvləri özləri də bu məlumatı səhih rəqəm saymamış və
qeyri-rəsmi olaraq 30 minə yaxın türkün qətlə yetirildiyini təxmin
ediblər. Çünki öldürülənlərin çoxunun meyiti tapılmamışdı. Şahidlərin
dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə,
quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Təkcə "Vulkan” cəmiyyətinin yanalma körpüsünə müsəlman kişilərin, qadın
və uşaqların 6748 meyiti toplanmışdı. "Nikolay Bunyatov” gəmisinin
komandir köməkçisi Kazım Axundov texnik dostu Vladimir Sokolovu
"Kərpicxana” deyilən yerə aparıb və orada işgəncələrlə öldürülən
insanların şəklini çəkməyi xahiş etmişdi. Vladimir Sokolov 3 fotoşəkil
çəkə bilib:
Birinci fotoşəkildə başında güllə, bədənində 5 süngü yarası olan və sağ
çiyninə qılınc yarası vurulmuş ananın sağ döşündə hələ sağ olan körpə
uzanıb. Anasının döşünü əmən körpənin ayağında süngü yarası görünür.
İkinci şəkildə iri mismarla divara mıxlanmış 2-3 yaşlı uşaq təsviri
var. Üçüncü şəkil isə 13-14 yaşlı qızın meyitidir. Qızın cırılmış
paltarları və qançırlardan onun zorlanaraq öldürüldüyü görünür.
Sokolov 4-cü otağa girəndə 22-23 yaşlı bir qadının, iki qarının, 9
yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitlərini görür.
Quduz itlər körpənin əl-ayağını gəmirib yeyibmiş.
Bu mənzərədən dəhşətə gələn Vladimir Sokolov daha heç bir şəkil çəkə bilmir…
"Öldürülənlərin dəfni aylarla davam etdi…”
Dəhşətli qırğınların əhatə etdiyi ərazilərdən biri də Şamaxı idi.
Ermənilər şəhərin axundu Cəfərquluya işgəncələr vermiş, onun saqqalının
tüklərini bir-bir yolmuş, gözlərini çıxarmış, burnunu kəsmişdilər,
axundun yanında sığınacaq tapmış saysız-hesabsız qadın və uşaqları da
öldürmüşdülər.
Təkcə Şamaxı qırğınlarıyla bağlı Təhqiqat Komissiyası 925 səhifədən
ibarət 7 cildlik şahid ifadələri və materiallar toplamışdı. Sənədlərdən
Şamaxı qəzasının 53 kəndinin dağıdıldığı, 8027 azərbaycanlının qətlə
yetirildiyi məlum olur. İşgəncələr altında öldürülənlərdən 4190 nəfəri
kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub.
Komissiyanın sədri Ə.Xasməmmədov 1919-cu il martın 30-da "Azərbaycan” qəzetində çap etdirdiyi "Çağırış”da bildirirdi:
"Şamaxının yalnız xarabalıqları qalmışdır... Şəhərin 15 minlik
əhalisindən sağ qalanlar bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq
ağacı və bellərində torba qapı-qapı düşüb dilənirdilər ki, acından
ölməsinlər... Onlar türk qoşunları Azərbaycana gəldikdən sonra öz
el-obalarına qayıtmışlar”.
Qafqaz İslam ordusunun gəlişindən sonra Şamaxı küçələrindən iri
sümüklər yığılaraq basdırılmışdı. Ancaq komissiya üzvlərinin 1918-ci
ildə hazırladıqları hesabatda göstərilir ki, öldürülənlərin
basdırılması aylarla davam etsə də, bəzi yerlərdə qalaqlanmış və
çürümüş meyitlər hələ də qalmaqdadı.
"Məscidi dağıdıb, din xadimlərini qırdılar”
Ermənilər Quba qəzasında soyqırıma xüsusilə hazırlaşmışdılar. Çünki ilk
qırğını törədən Muradyana qarşı əhali müqavimət göstərə bilmişdi.
Birinci Dünya Müharibəsində iştirak edən ermənilərdən ibarət iki min
nəfərlik dəstə Muradyanın rəhbərliyi ilə 1918-ci ilin birinci rübündə
Qubaya hücuma keçmiş və dəhşətli qırğınlar törətmişdi. Həmin ərəfədə
Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din
xadimi Möhübəli Əfəndi və Çağar kəndinin sakini Hətəm Sərkarov yerli
əhalini daşnaklara qarşı mübarizəyə qaldıra bilirlər. Ləzgilərin də
köməyi ilə qırğınların qarşısı alınır və Muradyan 100 nəfərlə qaçır.
Möhübəli Əfəndi 200 nəfər daşnak terrorçunu həbs etdirib, Quba
türməsinə saldırır. Ancaq 10 gün sonra top və pulemyotlarla silahlanmış
erməni ordusu yenidən Qubaya hücum edir. Hamazaspın başçılıq etdiyi
dəstə şəhəri od vurub yandırmağa, tarixi abidələri dağıtmağa, insanları
vəhşicəsinə qətlə yetirməyə başlayır.
Şahidlərin bildirdiyinə görə, Hamazasp Quba camaatının qalan hissəsini meydana yığıb bildirir ki, "mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam”.
Hamazaspın daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun
Hayrapetovdan Qubanın varlı adamlarının siyahısını istədiyini yazan
şahid qeyd edir ki,
"Həmin siyahıda Qubanın varlılarından 26 adamın adı vardı. Hamazasp
silahlı əsgəri həmin ailələrin dalınca göndərdi. Silahlı əsgərlər 6
nəfərlə geri qayıtdılar. Gətirilənlərin 4-ü qadın, 2-si uşaq idi.
Hamazaspın tapşırığı ilə uşaqların başlarını kəsdilər, qadınları isə
uşaqlarının qanını içməyə məcbur etdilər. Qadınlar şivən qoparıb
daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra
qılıncla onları tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə
Hamazasp əsgərləri cərgə ilə düzdürüb, günahsız əhaliyə atəş açmağı əmr
etdi. Yüzlərlə adam qırıldı...”
Ermənilər bu qırğınlara sünni-şiə davası donu geyindirməyə də cəhdlər
edir, xarici dövlətlərdə müsəlmanların erməniləri qırdıqları barədə
şayiələr yayırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər
naziri M.H.Hacınski 1918-ci il iyulun 15-də hökumətin iclasında çıxışı
zamanı bildirmişdi ki, erməni cəlladları dinc müsəlman əhalisinin
həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədir, bununla
yanaşı yalan xəbərlər yayaraq Avropa ictimaiyyətində əks əhval-ruhiyyə
yaradırlar.
Quba qırğınlarına da don geyindirməyə çalışan Hamazasp meydana yığdığı
əhalinin içindən bir sünni və bir şiə seçərək onlara silah verdirir və
bir-birinə atəş açmağa məcbur edir. Bildirir ki, silahlar növbə ilə
sünni və şiələrə veriləcək, sonda sağ qalanlar isə öldürülməyəcək.
Komissiyanın dindirdiyi şahidlərin dediyinə görə, "ilk olaraq
Ləzgi Məhəmməd və şiələrin ağsaqqalı Məşədi Mirsadıqı irəli çıxardılar.
Onların heç biri əlinə silah almaq istəmirdi. Qundaqla başlarına vurub,
onları silah götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb
bir-birini nişan aldılar. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan
Məhəmməd heç kəsin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə
sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini
öldürdü. Bunun ardınca qırğın başlandı. Qaçmaq istəyən yüzlərlə adamı
ermənilər pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar
idi. Hamı dayanandan sonra Məhəmmədin qollarını, ayaqlarını kəsdilər.
Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar.
Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını, axırda da boynunu
sındırdılar. Daşnaklar həmin gün məscidi dağıdıb həm sünnilərdən, həm
də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”.
A.Novatski bildirir ki, ermənilər təkcə Quba, Qusar və Xaçmaz
ərazisində 26 məscidi yandırmışdılar. Hadisələrin canlı şahidi İbrahim
Aydəmirov isə xatırlayır ki, Digah məscidində alban və ərəb əlifbası
ilə yazılan kitablar yandırıldıqdan sonra kəndin yaxınlığındakı
müqəddəs pirin daşını da partlatdılar. Həmin nəhəng daşın üstündə alban
hərflərilə yazılar vardı.
Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində
Qubada 16 mindən çox insan qırılmış, 162 kənd yerlə-yeksan edilmişdi.
Eyni qırğınlar Lənkəran və Göyçayda, Kürdəmirdə də törədilmişdi.
Rusların təlim keçdiyi erməni qatilləri
Ermənilər Şimali Azərbaycanla paralel olaraq, Cənubi Azərbaycanda –
Urimiya, Salmas, Sulduz və Xoyda da kütləvi qətliamlar törədirdilər.
Urmiyadakı soyqırıma erməni dini rəhbəri Benyamin Marşimon rəhbərlik
edirdi. Marşimon Osmanlı torpağından 12 min çilov ailəsi ilə birlikdə
gəlmişdi, Urmiya, Salmas və Sulduzun 20 min erməni və assur ailəsi isə
onlara qoşulmuşdular. Nəticədə böyük bir ordu yaranmışdı ki, bunun da
20 min nəfəri təlim keçmiş peşəkar hərbçilər idi. Əlavə olaraq 800
nəfər rus və 72 fransız zabiti də onlara hərbi hazırlıq keçirdi.
Rusiyanın Urmiyadakı konsulu Nikitinin siyasi, Petros ağanın hərbi,
Marşimonun isə ideoloji dəstək verdiyi bu ordu 1918-ci il fevralın
17-dən başlayaraq azərbaycanlılara qarşı soyqırım siyasəti həyata
keçirməyə başlamışlar.
Maraqlıdır ki, Urmiya, Salmas, Sulduzda və Xoy ətrafında baş verən bu
qırğınlar nəinki Qarabağ və İrəvandan, o cümlədən Bakıdan gələn erməni
hərbi birləşmələrinin yardımı ilə həyata keçirilirdi, həmçinin Şimali
Azərbaycandakı qırğınlarla az qala eyni gündə baş verirdi. Məsələn,
Urmiyada ümumilikdə 50 min azərbaycanlının qətliylə nəticələnən
soyqırım 1918-ci ilin Novruz bayramı ərəfəsində ikinci dəfə
şiddətlənmiş və martın sonlarına qədər davam etmişdi.
Andronikin başçılıq etdiyi 8 minlik quldur dəstəsi Arazın həm
şimalında, həm də cənubunda erməni daşnaklarının azərbaycanlılara qarşı
apardıqları soyqırıma yardım edir, soyğunçuluq törədir, kəndləri
xarabazara çevirir və "Böyük Ermənistan” kimi nəzərdə tutduqları
əraziləri türklərdən təmizləməyə cəhd göstərirdi.
Ermənilər bu məqsədlə Salmasda 30 min, Sulduzda isə 10 mindən çox
azərbaycanlını qətlə yetirmiş, yüzlərlə kəndi xarabazara çevirmişdilər.
Qafqaz-İslam ordusunun yaxınlaşması xəbəri ilə Naxçıvana çəkilən
Andronik qarşısına çıxan bütün kəndləri dağıtmışdı. Daha sonra
Çəmbərəkənd rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir,
Yanıqtəpə, Qaraqoyunlu, Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorça və başqa
kəndlərə hücum edən Andronik bütün əhalini qırmışdı. Eçmiədzin
rayonunun 700 nəfərlik Ayarlı və 800 nəfərdən çox əhalisi olan
Qarğabazar kəndlərinin əhalisini də Andronik bütünlüklə, son nəfərinə
qədər məhv etmişdi.
"Növbə Qarabağındır…”
Ən çox dağıdılan Zəngəzur qəzası idi. Fövqəladə Təhqiqat Komissiyasının
sənədlərinə görə, Ermənilər bu qəzada 115 Azərbaycan kəndini büsbütün
yandırmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürmüşdülər.
Ermənilər Zəngəzur qəzasının özündə və ətrafında qırğınları 1920-ci ilə
qədər sistemli olaraq davam etdirmişdilər. 1920-ci il yanvarın 21-də
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəlil Sultanov
tərəfindən Azərbaycan parlamentinə göndərilmiş teleqramda deyilirdi:
"Dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə
top və pulemyotların atəşi altında Zəngəzura hücumları davam edir.
İtkilər olduqca çoxdur, əhali vahimə içində kömək umur. Qəzanın bədbəxt
əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal işə
keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan
xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır...”
***
1918-ci ilin martına qədər Zəngəzurun 199 kəndi, 1919-cu ilin
sentyabrına qədər isə Eçmiədzin qəzasının 62 azərbaycanlı kəndi yerlə
yeksan edilmişdi. 1919-cu ilin axırında Zəngibasarın bir neçə kəndi
istisna olmaqla qalan kəndləri, İrəvan qəzasının 211 və Vedibasarın
bütün azərbaycanlı kəndləri məhv edilmişdi. 1916-cı ildə İrəvan
şəhərində və İrəvan quberniyasının kəndlərində 375 min nəfər
azərbaycanlı yaşayırdısa, 1922-ci ildə onlardan artıq 305 min nəfər
tamamilə məhv edilmişdi.
Ümumilikdə isə bu qırğınlar nəticəsində 565 min müsəlman-türk vəhşicəsinə qətlə yetirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının
topladığı materiallar əsasında azərbaycanlılara qarşı soyqırım faktını
təsdiqləmiş və 1918-ci il martın 31-ni matəm günü elan etmişdi. 1919 və
1920-ci illərdə, iki il müddətində ardıcıl olaraq martın 31-i qeyd
edilsə də, Azərbaycanın Sovet ordusu tərəfindən işğalından sonra 31
martın qeyd edilməsi qadağan olunmuşdu. Yalnız Azərbaycan müstəqillik
əldə etdikdən sonra - 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı
ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü olaraq yenidən qeyd
edilməyə başlandı.