Cavab:
Həmd Allaha məxsusdur.
İmam Əbu Hənifə İraq bölgəsinin dahi fəqih və alimi, Əbu Hənifə əl-Nömən ibn Sabit əl-Teymi əl-Kufidir. Hicrətdən sonra 80-ci ildə bəzi gənc səhabələrin yaşadığı dövrdə anadan olub və Kufəyə onları yanına gəldikdə Ənəs bin Maliki görmüşdür.
Onun ən böyük şeyxi, müəllimi Ata ibn Əbi Rabəhdən və Əl-Şubindən və digərlərindən rəvayət etmişdir.
Hədisləri araşdırmaq, axtarmaq işinə böyük maraq göstərmiş və bu məqsədlə səfər etmişdir. Fiqh, hədislərin yoxlanması və tədqiqinə gəldikdə, o bu sahədə dahi olmuşdur və insanlar bu məsələdə ondan asılı idilər. Necə ki, bu barədə İmam Zəhəbi demişdir: "Onun həyat hekayəsini danışmaq üçün iki cild lazımdır, Allah ondan razı olsun və ona rəhmət etsin.”
O, fəsih, bəlağətli və ədəbi nitqdə danışmaq qabiliyyəti olan bir imam olmuşdur. Tələbəsi Əbu Yusuf ondan aşağıdakı şəkildə bəhs edir: " O insanlar arasında ən yaxşı, səlist danışan, ən gözəl nitqi olan və fikirlərini ən aydın şəkildə ifadə edən biri idi. O təqva sahibi və Allahın müqəddəs hüdudlarına təcavüz edilməsinə, aşılmasına qarşı çox qısqanc, qeyrətli idi. Ona dünya mənfəəti, qazancı və bol-bol var dövlət təklif edilmiş, lakin o bunlara arxa çevirmişdir. Qazi və ya beytü-l mala nəzarətçi vəzifəsini qəbul etməsi üçün hətta buna məcbur edilərək qamçılanmışdır, lakin bunu qəbul etməmişdir.
Bir çoxları ondan hədis rəvayət etmiş və yetmiş yaşında hicrətdən sonra 150-ci ildə hidrops (bədənə su yığılma xəstəliyindən) şəhid kimi vəfat etmişdir. (Siyar Ə`lam əl-Nubala, 6/390-403; Usul əd-Din ində əl-İmam Əbu Hənifə, səh.63)
Hənəfi məzhəbi məşhur dörd məzhəbdən biridir və fiqhi məzhəblərdən birincisi olmuşdur. Belə demişdirlər: "İnsanlar fiqh məsələsində Əbu Hənifədən asılıdırlar.”
Hənəfi məzhəbinin və digər məzhəblərin əsası, kökü budur ki, bu dörd imam-yəni, Əbu Hənifə, Malik, Şafi və Əhməd- Quran və Sünnədə olan dəlilləri başa düşmək üçün səy göstərmişdirlər, ictihad etmişdirlər və onlara çatan dəlillərə əsaslanaraq insanlara fətva vermişdirlər. Daha sonra bu imamların ardıcılları onların fətvalarını götürmüş, nəql etmiş və bunların əsasında digər fətvalar vermişdirlər, bunlardan qaydalar çıxarmış, mətnləri başa düşmək və nəticəyə varmaq üçün qaydalar tərtib etmişdirlər. Beləcə, fiqhi məzhəb (məktəb) formalaşmışdır; Hənəfi, Şafi, Maliki, Hənbəli və Əvzai, Süfyan kimi digər məzhəblər (fiqhi məktəblər). Lakin sondakı iki məzhəb (Əvzai və Süfyan) davam etməmişdir.
Gördüyünüz kimi, bu fiqhi məktəblərin əsaslandıqları Quran və Sünnəyə tabe olmaqdır.
İmam Əbu Hənifə tərəfindən mənimsənilən rəy və qiyas məsələsinə gəldikdə, bu həva və arzulara, istəklərə əsaslanan rəy mənasına gəlmir, əksinə bu rəy dəlilə və yaxud qiyasa və ya şəriətin ümumi prinsiplərinə əsaslanan bir rəydir. Sələf mürəkkəb məsələlərdə ictihad etməyi rəy kimi vəsf etmişdir. Onlardan bir çoxu Allahın Kitabından bir ayəni şərh edərkən belə söyləyərdilər: "Bu barədə mənim rəyim (ictihadım) budur”, lakin bu yuxarıda da qeyd olunduğu kimi həva, istək və arzualara əsaslanan bir rəyə aid deyil.
İmam Əbu Hənifə hədd cəzaları,kəffarədən başqa digər şəri məsələlərdə rəy və qiyasa çox-çox baş vurmuşdur. Səbəbi budur ki, digər imamlardan fərqli olaraq onun əlində olan hədislərin sayı az idi. Çünki o digər imamlardan əvvəl olmuşdur və hədisləri qəbul etmək məsələsində çox ciddi, şiddətli idi. Çünki həmin dövrdə İraqda uydurma hədislər geniş yayılmışdı və çoxlu fitnə var idi.
Bunu da qeyd etmək lazımdır ki, İmam Əbu Hənifəyə istinad edilən Hənəfi məzhəbinin rəy və görüşlərinin heç də hamısı Əbu Hənifənin öz sözləri deyil və yaxud bunları ona nisbət etmək doğru deyil. Bu rəy və görüşlərin bir çoxu Əbu Hənifənin özünün söylədiklərinə ziddir, lakin bunlar onun məzhəbinin bir hissəsi kimi qəbul edilmişdir, çünki bunlar imamın digər mətnlərindən çıxarılan məzhəb qaydalarına müvafiq olaraq işlənmişdir. Eynilə, Hənəfi məzhəbi ola bilsin ki, İmam Əbu Hənifənin tələbəsi Əbu Yusuf və Muhəmmədin rəylərini də götürmüş olsun. Eləcə də, bura imamın tələbələrin ictihadları da daxildir ki, sonradan məzhəbin bir hissəsini təşkil etmişdir. Bu sadəcə Əbu Hənifənin məzhəbinə aid deyil, əksinə eynisini digər məşhur məzhəblər barədə də söyləmək olar.
Belə deyilə bilər: Bir halda ki, bu dörd məzhəb Quran və Sünnəyə əsaslanır, elə isə fiqhi məsələlərdə nə üçün onların arasında ixtilafların olduğunu görürük?
Cavab:
Hər bir imam ona çatan dəlillər əsasında fətva vermişdir. Ola bilsin ki, bir hədis İmam Malikə çatmış və bunun əsasında fətva vermişdir, bu hədis Əbu Hənifəyə çatmamışdır və ona görə də, o başqa bir şey söyləyərək fətva vermişdir və yaxud əksinə. Eynilə, hədis səhih isnad ilə Əbu Hənifəyə çatmışdır və buna əsasən fətva vermişdir. Eyni hədis zəif olan müxtəlif isnad ilə İmam Şafiyə çatmışdır və ona görə də, o bunun əsasında fətva verməmişdir və yaxud çatdığı nəticəyə əsaslanaraq hədisə zidd bir fətva vermiş ehtimalı ola bilər. Ona görə də, alimlər arasında ixtilaflar baş vermişdir, lakin bütün bu məsələlərdə istinad mənbəyi Quran və Sünnədir.
Həqiqətən də, İmam Əbu Hənifə və digər imamlar Quran və Sünnə mətnlərinə tabe olmuşdurlar. Baxmayaraq ki, onların bəzi fətvaları bunlara əsaslanmaya bilər. Bunun səbəbi budur ki, dörd imamın hamısı bildirmişdir ki, ‘hədis səhihdirsə, o zaman bu mənim məzhəbimdir.’ Bu onların tabe olduğu yol idi və öz fətvalarını buna əsaslandırmış və dəlilləri bunlardan çıxarmışdırlar.
İmam Əbu Hənifə demişdir: "Əgər hədis səhihdirsə, o halda o mənim məzhəbimdir.”
Həmçinin demişdir: "Dəlilini haradan götürdüyümüzü bilmədən, bizim söylədiyimizə tabe olmaq heç kəsə halal deyil.”
Digər bir rəvayətə görə belə demişdir: "Mənim dəlilimi bilmədən mənim sözlərimə əsaslanaraq fətva verənə bu cür etmək haramdır.”
Digər bir rəvayətə görə belə demişdir: "Biz insanıq, bu gün bir söz söyləyə bilərik və sabah bu rəyimizi geri götürə bilərik.”
Həmçinin demişdir: "Əgər mənim söylədiklərim Quran və Sünnəyə zidd olarsa, o zaman mənim sözümü tərk edin.”
İmam Malik, Allah ona rəhmət etsin, demişdir: "Mən sadəcə bir insanam, bəzən səhv edirəm və bəzən doğru edirəm. Mənim rəyimə baxın, Quran və Sünnəyə müvafiq olanı götürün, Quran və Sünnəyə müvafiq olmayanı tərk edin.”
Həmçinin demişdir: "Peyğəmbərdən sonra elə bir insan yoxdur ki, onun sözləri götürülüb tərk olunmasın, yalnız Peyğəmbərin sözü götürülür.”
İmam Şafi, Allah ona rəhmət etsin, demişdir: "Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sünnəsinin bəzilərindən xəbərdar olmayan elə bir insan yoxdur. Mənim söylədiyim hər bir şey və yaxud qoyduğum qaydalar ilə bağlı, Allah Rəsulundan (Ona Allahın salavatı və salamı olsun) mənim söylədiklərimə zidd olan bir rəvayət varsa, o zaman mühüm olan Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) söylədiyidir ki, elə mənim rəyim də budur.”
İmam Əhməd demişdir: "Məni kor-koranə təqlid etməyin və Maliki və ya Şafini və ya Əvzaini və ya Səvrini kor-koranə təqlid etməyin. Onların götürdüklərin yerdən siz də götürün.”
Həmçinin demişdir: "Əvzai və Malik və Əbu Hənifənin rəyi, bunlar hamısı sadəcə rəydir və bunların hamısı mənim üçün eynidir. Əksinə, dəlil-hüccət əsərdədir -yəni, şərii dəlillərdə.”
Bu İmam Əbu Hənifənin, Allah ona rəhmət etsin, həyatına və məzhəbinə qısa baxışdır. Nəticədə, müsəlman bir şəxsin bu imamların fəzilətini, tutduğu uca məqamını və yerini təsdiq etməkdən başqa yolu yoxdur, lakin bu o mənaya gəlmir ki, onların rəylərinə Allahın Kitabı və Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) səhih hədisləri üzərində üstünlük verilməlidir. Çünki prinsip olaraq biz Quran və Sünnəyə tabe olmalı və insanların rəylərinə tabe olmalı deyilik; hər bir insanın rəyi götürülə və tərk edilə bilər, yalnız Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sözündən başqa, necə ki, İmam Malik, Allah ona rəhmət etsin, bu cür söyləmişdir.
Ən doğrusunu Allah bilir.