Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19624 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16671 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13820 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9095 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Aprel » 30 » Corablara məsh çəkmək. Alimlərin görüşü.
    Corablara məsh çəkmək. Alimlərin görüşü.
    00:03
    Bismilləhir-Rahmənir-Rahim

    Corablara məsh çəkmək. Alimlərin görüşü.

    Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.
    Əziz müsəlmanlar! "Corablara məsh çəkmək" mövzusunda qeyd olunan hədislərin səhihliyi barədə məlumat vermək istəyirik. Müvəffəqiyyət Allahdandır.
    İlk hədis əl-Muğira bin Şubənin hədisidir:
    "əl-Muğira bin Şubədən rəvayət olunur ki, Allahın Elşisi - salləllahu aleyhi va səlləm - dəstəmaz aldı və corablarına və ayaqqabılarına məsh çəkdi."
    Hədisi Əbu Davud (159), ət-Tirmizi (99), İbn Macə (559) və Əhməd (4/252) rəvayət etmişdir. ət-Tirmizi hədisin həsən səhih olduğunu söyləmişdir.

    Bu barədə ət-Tirmizinin "əs-Sünən" əsərini şərh edən Şeyx Əbul-Ali Muhamməd Abdur-Rahmən əl-Mubarək-Furi (doğ. hicri 1283 - öl. hicri 1353) - rahiməhullah - deyir:
    "Birinci müzakirə: Bil ki, ət-Tirmizi bu babdakı hədisi həsən və səhih saymışdır. Lakin hədis imamlarının çoxu bunu zəif sayıblar. ən-Nəsai "Sünən əl-Kubra" əsərində dedi: "Əbu Qeysə bu rəvayətdə tabe olan birini tanımırıq və əl-Muğiradan səhih olaraq rəvayət olunan budur ki, peyğəmbər - aleyhis sələm - xuflarına məsh çəkmişdir." Əbu Davud "əs-Sünən" əsərində dedi: "Abdur-Rahmən bin Mehdi bu hədisi rəvayət etməzdi, çünki əl-Muğiradan bilinən budur ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - xuflara məsh çəkmişdir. Dedi: Əbu Musa əl-Əşari də peyğəmbərin - salləllahu aleyhi va səlləm - corabları üzərinə məsh çəkdiyini rəvayət etmişdir. Lakin sənədi muttasil və güclü deyildir." əl-Beyhəqi, əl-Muğiranın bu hədisini zikr etdikdən sonra dedi: "Bu hədis münkərdir, bu hədisi Sufyan əs-Səvri, Abdur-Rahmən bin Mehdi, Əhməd bin Hənbəl, Yəhya bin Main, Əli əl-Mədini və Muslim bin əl-Haccəc zəif sayıblar və əl-Muğiradan məlum olan isə xufların üzərinə məsh çəkməkdir." Bir camaatdan onların corablara məsh etdiyi rəvayət edilmişdir. ən-Nəvəvi dedi: "Bunlardan istənilən biri tək olaraq hədisi zəif saysaydı, yenə ət-Tirmizinin hökmündən üstün olacaqdı", beləki tədildən qabaq cərhə üstünlük verilməlidir. Dedi: "Hafiz alimlər bu hədisin zəif olmasında ittifaq etdilər və ət-Tirmizinin "hədis həsən səhihdir" sözü qəbul olunmamalıdır." Şeyx Taqi əd-Din "əl-İməm" kitabında deyir: "Əbu Qeys əl-Əvdi, adı Abdur-Rahmən bin Sərvandır, əl-Buxari "əs-Səhih"ində onun hədislərini rəvayət etmişdir. əl-Beyhəqi "əs-Sünən" əsərində zikr edir ki, Əbu Muhamməd Yəhya bin Mənsur dedi: əl-Muslim bin Haccəci bu xəbərin zəif olduğunu deyərkən gördüm. Dedi: Əbu Qeys əl-Əvdi və Huzeyl bin Şurahbil təhamül olunmazlar, xüsusilə əgər bu ikisi hədisi əl-Muğiradan "xuflarına məsh etdi" deyərək rəvayət edən böyük kəslərə müxalifət ediblərsə. Dedilər: Quranın zahiri mənası Huzeyl və Əbu Qeys kimilərə görə tərk olunmaz. Dedi: Muslimdən gələn bu hekayəni Əbul-Abbas Muhamməd bin Abdur-Rahmən əd-Dəğuliyə danışdım və onu belə deyərkən eşitdim: Əli bin Muhamməd bin Şeybanı belə deyərkən eşitdim: Əbu Qudamə əs-Sərxasi delə deyirdi: Abdur-Rahmən bin Mehdi edi: Sufyan əs-Səvriyə dedim: əgər mənə Əbu Qeysin Huzeyldən bir hədisini rəvayət etsəydin səndən qəbul etməzdim. əs-Sufyan dedi: Hədis zəifdir.

    Daha sonra əl-Beyhəqi sənədi ilə Əhməd bin Hənbəlin belə dediyini rəvayət etdi:
    Bu hədis heç kəsdən rəvayət olunmamışdır, yalnız Əbu Qeys əl-Əvdinin rəvayətindəndir və Abdur-Rahmən bin Mehdi bunu rəvayət etməyə etiraz etmişdir və bunun münkər olduğunu söyləmişdir. əl-Beyhəqi eləcədə Əli əl-Mədinidən belə dediyini sənədi ilə rəvayət etmişdir: əl-Muğira bin Şubənin məsh barədəki hədisini ondan Mədinə əhli, Kufə əhli və Basra əhli rəvayət etmişdir, bunu Huzeyl bin Şurehbil, əl-Muğiradan rəvayət etmişdir, lakin orada deyir: "Corablarına məsh etdi" və bununla da digər ravilərə müxalifət etmişdir. Eləcədə Yəhya bin Maindən belə dediyini sənədi ilə rəvayət etmişdir: "Əbu Qeysdən başqa ravilərin hamısı bunu "xuflərinin üzərinə məsh çəkdi" şəklində rəvayət ediblər. əş-Şeyx dedi: "Bunu səhih sayanlar Əbu Qeysin adilliyinə əsaslanaraq səhih sayıblar, üstəlik onlar deyirlər ki, bu, digər hədislərə tam zidd olacaq şəkildə bir müxalifət deyildir, əksinə bu ravinin əlavəsidir və ziddiyət təşkil etmir, xüsusilə bu, Huzeylin əl-Muğira yolu ilə tam fərqli və sərbəst bir sənəd ilə rəvayət olunmuşdur və sənədində digər sənədlərdə mövcud olan məşhur ravilər mövcud deyildir." "Nəsb ər-Rayə" (1/57) kitabında bu şəkildədir.

    Buna cavab olaraq deyirik: Onun "əksinə bu ravinin ziyadəsidir" sözündə tənqidi bir məqam vardır. Əgər digər ravilərin hamısı əl-Muğiradan "xuflarının üzərinə məsh etdi" sözü ilə rəvayət edirsə və Əbu Qeys bunların hamısına müxalif olaraq Huzeyldən, o da əl-Muğiradan "corabları və ayaqqabıları üzərinə məsh etdi" şəklində rəvayət edirsə, bu zaman rəvayət olunana ziyadə etmiş sayılmır, əksinə müxalif olmuş sayılır. Bəli! Əgər "xuflarına, corablarına və ayaqqabılarına məsh etdi" şəklində rəvayət etsəydi, o zaman bunun ravinin rəvayətə ziyadəsi olduğunu söyləmək olardı. Əgər belə deyilsə, o zaman bu şəkildə cavab vermək olmaz. Bu barədə düşün! Bütün bunları bildikdən sonra sənə aydın olacaq ki, hədis əhlindən imamların əksəriyyəti bu hədisin zəif olduğuna hökm ediblər. Bununla belə onlar siqa ravinin ziyadəsi məsələsindən qafil deyildilər və onların hökmü bizə görə - doğrusunu Allahu Təalə bilir - ət-Tirmizinin "hədis həsən səhihdir" hökmündən üstündür." "Tuhfətul-Əhvazi bi Şərh Cami ət-Tirmizi", 1/330-331. Dar əl-Fikr.

    Çox əhəmiyyətli bir fiqhi məsələ barədə bildiklərimizi bölüşmək istəyirik. Çünki bu məsələdə yalnız bir tərəfli məlumat verilmişdir. Yaxınlarda qardaşlarımdan biri ilə söhbət əsnasında bu barədə danışdıq və o, hənəfilərin bu məsələyə görə arxalarında namaz qılmamasından şikayət etdi. Çünki onlara (hənəfilərə) görə məsh qalın, su keçirməyən materialın üstündən çəkilməlidir. Lakin biz bilirik ki, zamanımızda "sələfi" camaatı bu məsələdə yalnız bir rəyə üstünlük verir və bu rəyi müsəlmanlara öyrədirlər. İşin qapalı tərəfi budur ki, insanlara öyrədilən rəyin az bir qrup alimin rəyi olduğunu bilmirlər.

    Çox zaman da ayaqlarda həddindən artıq nazik corab olduqda, kapron və ya digər asanlıqla su keçirə biləcək materiallar olduqda belə məsh edilir. Bu məsələ barədə məlumat vermək bir çox səbəbdən faydalıdır.

    Hənəfi alimlərindən İmam Alə ud-Din Əbu Bəkr bin Məsud bin Əhməd əl-Kəsəni - rahiməhullah - (öl: hicri 587/miladi 1191) mövzu barədə deyir:
    "Corablara məsh çəkməyə gəldikdə isə, əgər dəridən hazırlanıbsa və ya altına dəri/sərt qabıq vurulubsa, məsh çəkmək caizdir və əshabımız arasında bu barədə ixtilaf yoxdur, hətta dəridən hazırlanmasa, altına dəri çəkilməsə belə! Lakin əgər su keçirəcək dərəcədə nazikdirsə, onların üzərində məsh çəkmək icma ilə caiz deyildir. Lakin əgər qalın olarsa, Əbu Hənifəyə görə caiz deyildir, Əbu Yusufa və Muhammədə görə isə caizdir.

    Əbu Hənifədən rəvayət olunur ki, o, həyatının sonunda o ikisinin (yəni Əbu Yusuf ilə Muhammədin) görüşünə yönəlmişdir, beləki xəstə olduğu zaman corablarının üzərinə məsh çəkmiş və onu ziyarət edənlərə söyləmişdir: "İnsanlara qadağan etdiyim şeyi özüm etdim." Bunu onun bu görüşündən əl çəkməsinə dair dəlil gətirirlər. Şafi məzhəbinə görə isə hətta altı dəri/sərt qabıq ilə örtülü olsa belə corabların üzərinə məsh çəkmək caiz deyildir, yalnız gərək topuqlara qədər dəri ilə örtülü olsun. Əbu Yusuf və Muhamməd öz görüşləri üçün əl-Muğira bin Şubənin hədisini dəlil gətirirlər: "Peyğəmbər - salləllahu aleyhi va səlləm - dəstəmaz aldı və corablarının üstünə məsh çəkdi." Həm də xuflara məsh çəkməyin caiz olması, onları çıxarmaqda qarşılanan əziyyətə görədir və bu məna sarıqlardan fərqli olaraq corablarda mövcuddur, çünki sarğıları çıxarmaqda bir əziyyət yoxdur. Əbu Hənifəyə görə isə xufların üzərinə məsh çəkmək qiyasa görə deyil, dəlilə əsasən caizdir və daim ayaqda geyinilən və onunla gəzilən və onunla səfər etməyin mümkün olduğu hər bir şey də bu növə aiddir, bu xüsusiyyətləri daşımayanlar isə bu növə aid deyildir. Məlumdur ki, dəri ilə qaplanmayan və altına sərt qabıq çəkilməyən bütün corablar xufa aid olan bu xüsusiyyətlərə şərik deyildir, ona görə də onları bu növə aid etmək imkansızdır. Üstəlik məshin rahatlığa görə məşru olduğu sabitdir, lakin rahatlıq isə çox vaxtı geyinilən şeylər üçündür, corablar isə çox vaxt geyinilən şeylərdən deyildir və bunda rahatlıq üçün ehtiyac yoxdur. Beləliklə burada Kitabda qeyd olunan vaciblik əsli qalır, bu isə ayaqları yumaqdır.

    (Dəlil gətirilən) hədisə gəldikdə isə, (hədisdə qeyd olunan) corablar ilə dəridən hazırlanmış və ya altı sərt qabıqla örtülmüş corablara aid olması mümkündür və biz bunu deyirik: Burada ümumi məna yoxdur, çünki xüsusi haldır. Məgər nazik materialın corab qismindən sayılmadığını görmürsənmi?! Lakin yundan hazırlanmış xuflara gəldikdə isə, rəvayətin məzmununda bu, zikr olunmamışdır. Alimlərdən bəziləri dedilər: bu da zikr etdiyim izahata və ixtilafa əsaslanır. Digərləri isə dedilər: əgər onunla səfər etməyə yararlıdırsa, məsh çəkmək caizdir, əks təqdirdə caiz deyilıdir. Doğru olan da bu görüşdür."
    "Bədai əs-Sənai fi Tərtib əş-Şərai", 1/10

    Gördüyümüz kimi əl-Kəsəni kimi alim və müctəhid biri bu məsələdə icmanın olduğunu söyləyir. Lakin bildiyimiz kimi bu məsələdə tam bir icmanın olduğunu söyləmək çətindir. Bəlkə də əl-Kəsəni bununla dörd məzhəbin görüşünü qəsd etmişdir, çünki dörd məzhəbin görüşünə görə məsh çəkildiyi zaman asanlıqla su keçirə biləcək corabların üzərinə məsh çəkmək caiz deyildir.

    Yuxarıda hənəfi məzhəbinin görüşünü nəql etdik. Maliki məzhəbinin müctəhidlərindən olan əl-Hafiz Əbu Ömər bin Abdil-Bərr əl-Qurtubi - rahiməhullah - mövzu barədə deyir:
    "Heç kəsin corablara məsh çəkməsi caiz deyildir, lakin əgər corablar xuflar kimi dəridən hazırlanıbsa, onların üzərinə məsh çəkmək olar. Malikdən isə hətta dəridən hazırlanmış olsa belə corablara məsh çəkməyin qadağan olduğu rəvayət edilmişdir. Lakin doğru olan birinci görüşdür."
    "əl-Kəfi fi fiqhi Əhl əl-Mədinə", səh: 27. Dar əl-Kutub əl-İlmiyyə, üçüncü nəşr; 1413/1992

    Şafi məzhəbindən İmam Əbu İshaq İbrahim bin Əli bin Yusuf əl-Feyruzabadi əş-Şirazi - rahiməhullah - "əl-Mühəzzəb" əsərində deyir:
    "Müəllif - rahiməhullahu təalə - dedi: "Əgər corab geyinərsə onun üzərinə iki şərt ilə məsh çəkmək olar: birinci: qalın olmalıdır və şəffaf (işığı keçirən, arxası görünən) olmasın. ikinci: alt hissəsi sərt dəri qabıqla örtülməlidir. Əgər bu iki şərtdən biri yoxdursa, onun üzərinə məsh çəkmək olmaz."

    İmam Əbu Zəkəriyya Muhyiddin Yəhya bin Şərəf ən-Nəvəvi - rahiməhullah - bu sözlərin şərhində deyir:
    Şərh: “Bu məsələ məşhurdur və bu məsələdə əshabımızın görüşləri qarışıqdır və əş-Şafi - Allah ondan razı olsun - müəllifin qeyd etdiyi kimi "əl-Umm" əsərində bu barədə demişdir ki, corablara məsh çəkmək o şərtlə caizdir ki, corablar qalın və altı sərt qabıqla örtülü olsun. Bu görüşü bir qrup alim mənimsəmişdir, onların arasında əş-Şeyx Əbu Həmid, əl-Məhamili, İbn Sabbağ, əl-Mutəvalli və başqaları vardır. əl-Muzəni isə (əş-Şafidən) nəql edir ki, corablara məsh çəkmək yalnız ayaqları tam örtəcək şəkildə dəridən hazırlandığı halda caizdir. əl-Qadi Əbu Tayyib dedi: Corablara məsh çəkmək yalnız o vaxt caizdir ki, corablar ayağın fərz olan hissəsini tam şəkildə örtsün və onlar (çöldə) gəzmək üçün yararlı olsun. Dedi: əl-Muzəni'nin ondan (əş-Şafidən) nəql etdiyi "yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda" sözü əslində bir şərt deyildir, lakin əş-Şafi - Allah ondan razı olsun - bunu qeyd etməsinin səbəbi budur ki, əksər hallarda corab yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda (çöldə) gəzmək üçün yararlı olur. Bu, əl-Qadi Əbu Tayyibin sözləridir və muhaqqiqlərdən bir çox alimlər bunun bənzərini söyləmişdir. "əl-Havi" və "əl-Bəhr" əsərlərinin sahibləri və bu ikisindən başqaları isə başqa bir görüş nəql edirlər və onlara görə corablar (çöldə) gəzməyə yararlı olacaq şəkildə qalın olsa belə, bütün ayaq boyu dəri ilə örtülmədiyi halda ona məsh çəkmək caiz deyildir. Lakin səhih və doğru olan əl-Qadi Əbu Tayyibin, əl-Qaffalın və mühəqqiqlərdən bir çox alimin qeyd etdiyi görüşdür, yəni necə olmasından asılı olmayaraq (çöldə) gəzməyə yararlı olduğu halda, məsh çəkmək caizdir, əks təqdirdə caiz deyildir. Bunu bu şəkildə əl-Furabi "əl-İbanə" kitabında bütün əshabımızdan nəql etmişdir və demişdir: "Əshabımız dedi: Əgər corablar (çöldə) gəzmək üçün yararlıdırsa, onların üzərinə məsh çəkmək olar, əks təqdirdə olmaz. Corab sözü ilə fəthəli "cim" hərfi ilə yazılıb.

    Fərqli görüşlər: Corab barədə alimlərin məzhəblərinə gəldikdə daha əvvəl qeyd etdik ki, bizim məzhəbimizə görə səhih olan budur ki, əgər corab gəzməyə yararlı olacaq şəkildə qalındırsa, ona məsh çəkmək caizdir, əks halda caiz deyildir. İbn əl-Munzir coraba məsh çəkməyin mübah olması görüşünü doqquz nəfər səhabədən rəvayət edir: Əli, İbn Məsud, İbn Ömər, Ənəs, Ammər bin Yəsar, Bilal, əl-Bəra, Əbu Uməmə və Səhl bin Sad. Bu, eləcədə Said bin əl-Museyyəb, Ata, əl-Həsən, Said bin Cubeyr, ən-Nəxai, əl-Aməş, əs-Səvri, əl-Həsən bin Saleh, İbn Mübarək, Zufər, Əhməd, İshaq, Əbu Səvr, Əbu Yusuf və Muhəmmədin görüşüdür. Dedi: Lakin bunu Mücahid, Amr bin Dinər, əl-Həsən bin Muslim, Malik və əl-Əvzai məkruh görmüşdür. Əshabımız Ömərdən və Əlidən - Allah hər ikisindən də razı olsun - nazik olduğu halda belə corabların üzərinə məsh çəkməyin caiz olması görüşünü rəvayət edirlər və bu görüşü Əbu Yusufdan, Muhamməddən, İshaqdan və Davuddan rəvayət edirlər. Əbu Hənifədən bunu mütləq şəkildə qadağan etməsi rəvayət olunur və eləcədə daha sonra mübah olması görüşünə yönəldiyi də rəvayət olunmuşdur. Bunu qadağan edənlər dəlil gətirirlər ki, corablar xuf sayılmır və ayaqqabı kimi üzərilərinə məsh etmək caiz deyildir. Bizim əshabımız isə dəlil gətirir ki, ayağa geyinilən corab ayağın fərz olan hissəsini örtərək gəzmək üçün yararlı ola bilər və bunda xufa bənzəyir. Corabın dəridən və ya başqa materialdan hazırlanmasında bir problem yoxdur və bu, ayaqqabıdan fərqlidir, çünki ayaqqabı ayağın fərz olan hissəsini örtmür. Corab nazik olduğu halda belə üzərinə məsh çəkməyi mübah sayanlar əl-Muğiranın - radiyallahu anhu - hədisini dəlil gətirirlər: "Peyğəmbər - salləllahu aleyhi va səlləm - corabına və ayaqqabısına məsh çəkdi." Əbu Musadan da mərfu olaraq bunun bənzəri rəvayət olunmuşdur. Əshabımız (bunun qarşısında) dəlil gətirirlər ki, belə bir corab - cırıq bez, qumaş kimi - gəzmək üçün yararsız olduğu üçün caiz deyildir. əl-Muğiranın hədisinə isə cavab bir neçə yöndəndir:

    birinci: Hədis zəifdir və bunu hafiz alimlər zəif sayıblar. əl-Beyhəqi hədisi zəif saymışdır və hədisin zəif olması görüşünü Sufyan əs-Səvri, Abdur-Rahmən bin Mehdi, Əhməd bin Hənbəl, Əli əl-Mədini, Yəhya bin Main, Muslim bin əl-Həccacdan nəql etmişdir və bunlar hədis imamları içində ən alim olanlarıdır. Hətta ət-Tirmizi "hədis həsəndir" söyləsə də, bu alimlərin sözü onun sözündən üstündür, hətta elm əhlinin ittifaqına görə bu alimlərdən istənilən biri yalnız başına hədisi zəif saysaydı, onun sözü ət-Tirmizinin sözündən keçərli sayılacaqdı.

    İkinci: Əgər hədis səhihdirsə, o zaman dəlillərin arasını birləşdirərək bunu gəzmək üçün yararlı olan növlərə yozmaq lazımdır və hədisin ləfzində ümumiliyə dəlalət edən bir şey yoxdur.

    Üçüncü: əl-Beyhəqi - rahiməhullah - rəvayət edir ki, Ustaz Əbul-Vəlid ən-Neysəburi hədisdəki ləfzi tək bir corab və tək bir ayaqqabı deyil, altı sərt qabıqla örtülmüş (həm ayaqqabı vəsfini, həm də corab vəsfini özündə birləşdirən ayaqqabı tipli) corab növünə aid edirdi, sanki hədisdə deyilir: "altı ayaqqabı kimi sərt qabıqla örtülmüş coraba məsh çəkdi". Və əl-Beyhəqi buna dəlalət edəcək bir anlamı Ənəs bin Malikdən - radiyallahu anhu - rəvayət etmişdir. Əbu Musanın hədisinə cavabımız yenə bu üç yöndən olacaqdır və eləcədə bunun bəzi rəvayətlərində zəiflik vardır və bu, eləcədə mürsəldir. Əbu Davud "əs-Sünən" əsərində dedi: "Hədis muttasil (sənədində qopuq olmayan) deyildir və nə də güclü deyildir." Doğrusunu Allah bilir!" "Məcmu Şərh əl-Muhəzzəb", 1/526-528. Mətbəə əl-Munira.

    Hənbəli alimlərindən İmam Muvaffəq əd-Din Abu Muhamməd ibn Qudamə əl-Maqdisi - rahiməhullah - deyir:
    "Məsələ: (əl-Xarqi əl-Hənbəli) dedi: "Eləcədə gəzdikdə ayaqdan düşməyən qalın corab." Coraba məsh çəkmək xuflarla əlaqədar olaraq zikr etdiyimiz iki şərt ilə caizdir: birinci: gərək elə qalın olsun ki, ayaqdan heç bir şey görünməsin. İkinci: onunla (çöldə ayaqqabısız) gəzməyə yararlı olsun. Bu, əl-Xarqinin sözünün zahiri mənasıdır. Əhməd ayaqqabısız corabların üzərinə məsh çəkmək barədə dedi: "Əgər onlarla gəzmək mümkündürsə və bu zaman ayaqda tam oturursa/sabitdirsə, bunda bir bəis yoxdur.

    Başqa yerdə dedi: Topuqda tam oturacaq şəkildə durursa/topuqdan düşmürsə məsh çəkmək olar. Bir başqa yerdə də deyir: Əgər onlarla gəzdikdə ayaqda (sürüşmədən) durursa, onlara məsh çəkməkdə bir bəis yoxdur. Çünki əgər düşərsə ayağın dəstəmaz yeri açılacaqdır. Onların dəridən hazırlanması vacib deyildir. Əhməd dedi: Corablara məsh çəkmək Allah Elçisinin - salləllahu aleyhi va səlləm - səhabələri içindən yeddi nəfərdən və ya səkkiz nəfərdən rəvayət edilmişdir.

    İbnul-Munzir dedi: Corablara məsh çəkməyin mübah olması Allah Elçisinin - salləllahu aleyhi va səlləm - səhabələrindən doqquz nəfərdən rəvayət olunmuşdur: Əli, Ammər, İbn Məsud, Ənəs, İbn Ömər, əl-Bəra, Bilal, İbn Əbi Əvfə və Səhl bin Sad. Bu görüş Ataya, əl-Həsən (əl-Basriyə), Said bin əl-Museyyəb, ən-Nəxai, Said bin Cubeyr, əl-Aməş, əs-Səvri, əl-Həsən bin Saleh, İbn əl-Mübarək, İshaq, Yaqub və Muhəmmədə aiddir. Əbu Hənifə, Malik, əl-Əbzai, əl-Mücahid, Amr bin Dinar, əl-Həsən bin Muslim və əş-Şafi dedi: Corablara məsh çəkmək caiz deyildir, yalnız altı sərt qabıqdan örtüldüyü halda olar. Çünki adi halda onlar - nazik corablarda olduğu kimi - gəzmək üçün yararlı deyildir və buna görə də onların üzərinə məsh çəkmək caiz deyildir. Bizim dəlilimiz isə əl-Muğira bin Şubənin rəvayət etdiyi hədisdir: "Peyğəmbər - salləllahu aleyhi va səlləm - corablara və ayaqqabılara məsh çəkdi." ət-Tirmizi dedi: "Bu hədis həsən səhihdir." Bu dəlalət edir ki, ayaqqabılar corabların üzərində olmamışdır (yəni ayrı-ayrı olmuşdur), çünki corablar bu şəkildə olsaydı, o zaman ayaqqabıları zikr etməzdi. Çünki heç zaman belə deyilməz: "Mən xufa və ayaqqabıya məsh etdim." Həm də səhabələr corabların üzərinə məsh çəkmişdilər və onların zamanında heç bir başqa səhabədən buna müxalif görüş gəlməmişdir və beləliklə icma olmuşdur. Həm də (bu növ qalın corablar) dəstəmazda fərz olan yeri tam örtdüyü üçün və ayaqda (sürüşüb düşməyəcək şəkildə) sabit oturduğu üçün - ayaqqabıda olduğu kimi - onlara məsh çəkmək caizdir. Onların "gəzmək üçün yararlı deyildir" sözlərinə gəldikdə isə, biz deyirik: Bu növ corablara məsh çəkmək yanlız (heç bir vasitə olmadan) özlüyündə ayaqda möhkəm durduğu halda və gəzməyə yararlı olduğu halda caizdir. Lakin nazik coraba gəldikdə isə, fərz olan yeri örtmüş sayılmaz.

    Fəsl: İmam Əhməddən (toxunulmamış) nazik parçalarla corab şəklində sarılmış sarqı barədə soruşurlar, onlara məsh çəkmək olarmı? (İmam Əhməd) belə bir sarğıya məsh çəkməyi məkruh görmüşdür. Ola bilsin ki, Əhmədin bunu məkruh görməsinin səbəbi, əksər hallarda belə sarğıların üzərinə xuf geyinilməsi idi. və çünki belə bir sarğı özlüyündə ayaqda qala bilməz. Əgər yundan toxunulmuş qalın və ayaqda dura biləcək corab kimidirsə, heç bir fərq qalmaz. Əhməd bir yerdə dedi: Corab xuflar kimi qalın deyilsə, ayaqda tam oturaq şəkildə oturmursa və ayaqdan (cırılıb və ya sürüşüb) düşürsə, belə coraba məsh çəkmək olmaz. Əgər onlar (səhabələr) coraba məsh çəkibsə, bunun səbəbi onlardakı corabların xuflar kimi olması idi və ayaqlarında xuflar kimi düşmədən qalardı və onunla insanlar gedib gələrdilər." "əl-Muğni alə Muxtəsar əl-Xarqi", 1/181-182. Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr; 1405/1985.

    Gördüyümüz kimi hənbəli məzhəbinin alimləri də corablara məsh çəkməyi caiz görürlər, lakin bununla belə onlar corabın mütləq işi şərti ödəməsini tələb edirlər. Corablar qalın olmalıdır və həmən suyu keçirəcək şəkildə nazik olmamalıdır və ayaqda möhkəm durmalıdır. Çöldə ayaqqabısız gəzdikdə ayaqda durmalı, cırılmamalı, ayaqdan çıxmamalıdır.

    Çox təəssüf ki, zamanımızdakı corabların çoxu bu şərtləri ödəmir. Xüsusilə qadınların ayaqlarına geyindikləri "kapron" corablar isə heç bu vəsflərə yaxın belə düşmür.

    əl-Hafiz əl-Qadi Əbul-Həsən bin əl-Qattan əl-Fasi əl-Məliki (doğ. h. 562- öl. h. 621)- rahiməhullah - ümmətin alimlərinin icma etdiyi məsələlər barədə yazdığı kitabında deyir:
    "Bütün alimlər icma ediblər ki, əgər corablar yoğun/qalın olmazsa, onların üzərinə məsh çəkmək caiz deyildir. "
    "əl-İqna fi Məsəil əl-İcma", səh: 227 (məsələ: 351)

    Əndəlus alimlərindən İbni Rüşd Əl Hafid (520-595 h/1126-1198 m) “Əl Bidayə” adlı xilaf kitabında bu barədə dedi:
    “Məsələ 3: Məshin mahalının növünə gəlincə, məshi caiz görən Fəqihlər xufların üzərinə məsh çəkilməsinin caiz olduğunda ittifaq etmişlər. Corabların üzərinə məsh çəkməkdə isə ixtilaf etmişlər. Bir qrup alim buna icazə verir, bir qrupu isə bunu qadağan edir.

    Bunu qadağan edənlərdən Malik, Şafi və Əbu Hənifə var. Əbu Hənifənin iki yaxını, Əbu Yusuf və İmam Muhəmməd, həmçinin Sufyan Əs Səvri buna icazə vermişdir.

    İxtilafın səbəbi Nəbidən - sallallahu aleyhi və səlləm - onun corabları və nalinləri üzərinə məsh çəkdiyi haqda gələn rəvayətin sihhətidir.
    Həmçinin, başqa bir şey xufa qiyas edilərmi? Yoxsa bu ibadət olduğu üçün qiyas edilməz, bununla mahalı aşılmaz? deyə ixtilaf etmişlər.
    Kimə görəki hədis səhih deyil və ya hədis ona çatmayıb və xufa qiyas eləməyi uyğun görmür, məshi ancaq xufla məhdudlaşdırıb.
    Kim hədisi səhih görürsə və ya corabı xufa qiyas eləməyi caiz görürsə, o coraba məsh çəkməyə icazə verir. Bu hədisi iki şeyx – Buxari və Muslim təxric etməyib. Lakin, Tirmizi bu hədisi səhih sayıb.

    Dəri örtülmüş olan corab, həm xufa həm də dərisiz coraba bənzədiyi üçün bu haqda İmam Malikdən iki görüş var. Birinə görə qadağan, digərinə görə caizdir.”
    Qaynaq: İbni Rüşd: Əl Bidəyətul Muctəhid: 1/19-20. Beyrut: Darul Fikr: 1415/1995.

    Əhli-sünnə alimlərin görüşünə İmam Əbu Muhamməd İbn Həzm əl-Əndəlusi - rahiməhullah - deyir:
    “Xuflarda və ya ayağa geyinilən geyimlərdə kiçik və ya böyük, uzun və ya geniş deşik olarsa və ayağın istər az bir hissəsi, istər çox hissəsi, istər hər iki ayağı görünərsə, - bunların hamısı eynidir, aralarında heç bir fərq yoxdur – ayaqda onlardan bir şeylər durduğu müddətdə bütün bunlara məsh çəkmək caizdir. Bu, Sufyan əs-Səvri, Davud, Əbu Səvr, İshaq bin Rahaveyh və Yezid bin Harunun görüşüdür.

    Əbu Hənifə dedi: Əgər xuflardan hər birində geniş bir deşik varsa və hər deşikdən iki barmaq və ya daha az çıxırsa və ya iki barmaq miqdarı və daha az görünürsə, onların üzərinə məsh çəkmək caizdir. Lakin əgər onlardan yalnız birində üç barmaq və ya üç barmaq miqdarı və daha çox hissəsi görünərsə, onların üzərinə məsh çəkmək caiz deyildir. Lakin əgər deşik uzundursa, onu açdıqda ondan üç barmaqdan çox görünərsə, məsh çəkmək caizdir.
    Malik dedi: Əgər deşik ayağı göstərməyəcək qədər kiçikdirsə, məsh çəkmək caizdir. Lakin əgər çox pis şəkildə böyükdürsə, istər birində olsun, istərsə də hər ikisində, məsh çəkmək caiz deyildir.

    əl-Həsən bin Həyyə, əş-Şafi və Əhməd dedi: Əgər ayağdan bir şey deşikdən görünərsə məsh çəkmək caiz deyildir, lakin əgər görünməzsə məsh çəkmək olar.
    əl-Həsən bin Həyyə dedi: Əgər deşiyin altından ayağı örtən kiçik və ya böyük corab olarsa, məsh çəkmək caizdir.
    əl-Əvzai dedi: Əgər xufun deşiyindən ayağın bir hissəsi görünürsə, o zaman xuffa məsh çəksin və ayaqdan görünən hissəni isə yusun və namaz qılsın. Əgər görünən hissəni yumasa, namazını iadə etsin!

    Əli (İbn Həzm) dedi: Əgər ixtilaf edilsə hər qrupun öz görüşü üçün gətirdikləri dəlillərə nəzər salmaq lazımdır. Görürük ki, Malikin sözünün heç bir anlamı yoxdur, çünki o, bir halda məshi qadağan edir, digər halda isə mübah görür. Onu təqlid edənə və onun müridinə və ya onun fətvasını tələb edənə onun görüşünə görə hansı halda məshin halal olduğu, hansı halda isə haram olduğunu bilməsi bəyan edilməmişdir. Bunda isə bilmədiyi şeydə fətva tələb edən biri üçün anlaşılmazlıq/qarışıqlıq vardır. Üstəlik bu, səhihliyinə dair bir dəlil olmayan görüşdür və heç bir burhana əsaslanmayan iddiadır. Bu görüş etibarsızdır.
    Sonra Əbu Hənifənin görüşünə nəzər salaq. Bu, dəlilsiz hökm verməkdir və heç bir burhana əsaslanmadan fərq qoymaqdır. Belə bir fətvanı hər kəs verə bilər! Dində bu şəkildə fətva vermək halal deyildir. Üstəlik böyüklər ilə kiçiklərin fərqləri çox böyük bir fərqlə bir-birilərindən fərqlənirlər. Həm də kaş ki, hansı barmaqları qəsd etdiyini bilsəydim?! Ondan əvvəl belə bir fəsadlı görüş bildirən birini tanımırıq. Şübhəsiz ki, bu görüş də etibarsızdır.
    Sonra əl-Həsən bin Həyyə, əş-Şafi və Əhmədin görüşlərinə diqqət edək! Görürük ki, onların dəlilləri budur ki, ayaqlar açıq olduqda fərz olan yumaqdır və əgər bağlıdırsa məsh edilməlidir. Əgər az da olsa ayaqdan bir şey açılarsa, demək ki, yuyulması fərz olan bir yer açılmışdır. Dedilər ki, bir ayaqda yeni zamanda ayağı həm yumaq, həm də məsh etmək olmaz. Onların bundan başqa dəlillərini bilmirik.

    Əli (İbn Həzm) dedi: Onların “əgər ayaqdan bir şey açılarsa, demək ki, yuyulması fərz olan bir yer açılmışdır” şəklindəki sözlərindən başqa dediklərinin hamısı səhihdir. Bu söz isə doğru deyildir. Əgər nə Quran, nə Sünnət və nə də icma belə bir şey demirsə, bu görüşü qəbul etmək olmaz. Lakin bu məsələdə haqq, Quranı bəyan edən Sünnətdə gəlmişdir ki, üzərinə məsh çəkiləcək bir geyimi olmayan ayaqların hökmü yumaqdır və əgər üzərilərinə geyinilmiş bir şey varsa hökmü həmin şeyin üzərinə məsh çəkməkdir. Sünnət bunu söyləmişdir. “Rəbbin unudan deyildir” (Məryəm, 64)

    Allahın Rasulu – salləllahu aleyhi va səlləm – xuflara və ayaqlara geyinilən hər hansı bir şeyə məsh etməyi və corablara məsh etməyi əmr edərkən bilirdi ki, ayaqlara geyinilən xuflar, corablar və sair geyimlər arasında çox pis şəkildə cırılmış, az cırılmış və ya heç cırılmamış, qırmızı, qara və ya ağ, yeni və ya köhnə olanlar vardır. Bununla belə peyğəmbər – aleyhi əssələm – bu hökmü bəzilərini istisna edərək digərlərinə xas etməmişdir. Əgər dində bunun hökmü fərqli olsaydı, Allahu Təalə bunu vəhy etməkdən qafil qalmazdı və peyğəmbər - salləllahu aleyhi va səlləm – bəyan edilməsi fərz olduğu şeyi ihmal etməzdi.
    Haşa! O, bundan uzaqdır! Doğru olan görüş budur ki, məshin hökmü hər bir hala aiddir. Məsh isə, bizə xitab olunan dildə idrak edilməsini tələb etmir. Sufyan əs-Səvridən bizə bu şəkildə dediyi rəvayət olunmuşdur: “Bir şey xuf adlandığı müddətdə, ona məsh edilsin! Məgər mühacirlərin və ənsarların xufları cırılmış, deşilmiş və yırtılmış deyildimi?!” əl-Əvzainin sözünü isə - inşə Allah – növbəti məsələdə zikr edəcəyik. Tövfiq Allahdandır! "əl-Muhallə", 1/334-336.

    Müasir alimlərdən Şeyx Abdullah bin Abdurrahmən bin Cibrin mövzu barədə deyir:
    "Məsələ; ət-Tirmizi'də əl-Muğria bin Şubənin - radiyallahu anhu - rəvayətindən varid olmuşdur ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - corablarına və ayaqqabılarına məsh etdi. Bu hədisi ət-Tirmizidən başqa heç kəs səhih saymayıb, alimlərin əksəri bunu zəif sayıblar və deyiblər ki, burada doğru olan corab yerinə xuf sözü olmalıdır. Çünki ravilərin çoxu əl-Muğiradan rəvayət etmişdir ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - xuflarının üzərinə məsh etdi. Yalnız bir ravi tək olaraq rəvayət etmişdir ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - corablarının üzərinə məsh çəkmişdir. Adı Əbu Qeys olan bu ravi "əs-Səhih"in ravilərindəndir. Lakin onun tək başına rəvayəti qəbul olunmaz, buna görə də alimlərin çoxu onun xəta etdiyini söyləyiblər. Necəki Muslim bunu "ət-Təmyiz" adlandırdığı risaləsində zikr etmişdir və başqa alimlər də bunu qeyd ediblər. Lakin əl-Albani kimi bəzi son dövr alimlər bunu səhih sayıblar və deyiblər ki, bu ayrı bir hədis sayılır. Əgər bizə bu isnad ilə daha bir hədis rəvayət olunsaydı, hətta bunda digər ravilərə müxalif olsa belə qəbul edərdik və xəta etdiyinə hökm verməzdik. Lakin istənilən halda corabların üzərində məsh etmək barədə yalnız bu zəif hədis vardır ki, onun barəsində də belə bir mübahisə mövcuddur.

    Lakin Əbu Davudun rəvayət etdiyinə görə corabların üzərində məsh etmək səhabələrdən bir qrupdan rəvayət olunmuşdur və buna görə də İmam Əhməd bu görüşü qəbul etmişdir, yəni corabların üzərinə məsh çəkməyi caiz görmüşdür. Digər səhabələr isə bunu caiz görməyiblər və onlar kimi tabiinlərdən bəziləri və başqaları bunu caiz görməyiblər. Eləcədə hənəfi məzhəbi kimi bəziləri corablara məsh çəkməyi caiz görməyiblər, lakin bir şərt ilə caiz görüblər ki, həmin corablar tək başına gəzmək üçün yararlı olsun.

    Corab (الجورب - əl-Cəvrab) isə əslən yundan və bənzəri materialdan xuf şəklində toxunan və ayağa geyinilən geyimə deyilir. Adətə görə tək başına belə gəzmək üçün yararlı idi və altından coraba yapışan dəri altlıq vurar və həmin altlığın bağlarını corabın üzərində bağlayardılar. Səhabələrin corabları isə əslən yundan, yəni qoyun yunundan toxunardı və bir qayda olaraq bərk olardı ki, daşlardan və bənzəri şeylərdən ayağın qorunmasını gücləndirsin və (ayaqqabı olmadan) tək corabla gəzə bilirdilər. Beləliklə corablarının üzərinə məsh edən səhabələrin çoxu o corablara məsh çəkirdilər ki, (ayaqqabısız) təklikdə gəzmək üçün yararlı olsun. Əvvəldə dediyimiz kimi, hənəfilər bu görüşü qəbul ediblər, beləki onlara görə (gəzmək üçün) ayaqqabıya ehtiyacı olmayan bərk corablardan başqa heç bir corabın üzərinə məsh çəkmək olmaz.

    Lakin əl-Muğiranın hədisində peyğəmbərin - salləllahu aleyhi va səlləm - corablarının və ayaqqabılarının üzərinə məsh çəkdiyi qeyd olunduğu üçün, Əhmədə görə hətta ayaqqabısız gəzməyə yararsız olan corablara belə məsh çəkmək olar. Bizim zamanda corab (الشراب - əl-Şurab) kimi tanınan corablara məsh çəkməkdə əməl bu görüşə əsaslanır. Lakin gördüyümüz kimi ixtilafın güclülüyü səbəbi ilə bu məsələdə ehtiyat etmək, corabı xuf ilə eyni tutmamaq və cırılmış, yırtılmış corabların üzərinə məsh çəkməkdə diqqətsizlik etməmək lazımdır, çünki corab nə termin olaraq, nə də hökm olaraq xuf kimi deyildir və çünki bunda belə bir ixtilaf mövcuddur.

    İkinci: Corablar qalın olmalıdır, çünki bildiyimiz kimi səhabələrin corabları qalın olardı. Çünki yundan toxunardı. Ona görə də corablar gərək yundan, ya da bərk/qalın kətandan olmalıdır. Amma əgər corab nazik pambıqdandırsa, üstündən əlavə bir corab geyinib ayağı kamil şəkildə bağlayana qədər məsh çəkmək olmaz.

    Bizim zamanımızda insanlar bu məsələdə diqqətsiz davranırlar. Hətta onlardan bəzilərini elə şəffaf corab geyərkən görürsən ki, corabın altından ayağının çuxur hissəsini görə bilirsən, ayaq barmaqlarının oynaqlarını görə bilirsən və hətta corabın kənarına çıxmış ayaq tüklərinə baxa bilirsən. Belə corabların üzərinə məsh çəkmək olmaz.

    Xülasə: İnsanların çoxunun diqqətsizlik etdiyi bu məsələdə ehtiyatlı olmaq lazımdır. Gərək müsəlman ayağını kamil şəkildə bağlayan corabların üzərinə məsh çəkməlidir." İbn Cibrin, "Şifəu'l-Alil Şərh Mənar əs-Səbil", 1/260-263. Dar əl-Qasim, birinci nəşr; 1420, Riyad.

    Göründüyü kimi əhli-sünnə alimlərin görüşünə görə dəridən və yaxud da asan su keçirtməyən yun və parçadan hazırlanmış altı qalın olan xüfləlrin üzərinə məsh çəkmək caizdir.

    Doğru olanı Allah bilir!

    Allahdan haqqı haqq olaraq görüb ona tabe olmağımızı və batili batil olaraq görüb ondan çəkinməyimizi və bizi doğru yoluna yönəltməyini diləyirik. Həqiqətən, Allah Lütfkar və Kərimdir. Allahın salamı, bərəkəti peyğəmbərinin, onun ailəsinin, səhabələrinin və ona tabe olan bütün insanların üzərinə olsun!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 1683 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru