Sual: Rəcəb ayında oruc tutmağın müəyyən fəziləti barədə bir şey varid olubmu? Cavab:
Həmd Allaha məxsusdur.
Birinci:
Rəcəb ayı Allah təalanın barəsində: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu )da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin.” [ət-Tövbə 9:36] buyurduğu haram aylardan biridir.
Haram aylar bunlardır: Rəcəb, Zül-Qadə, Zül-Hiccə və Muhərrəm (Məhərrəm).
Buxari (4662) və Müslim (1679) Əbu Bəkrədən (Allah ondan razı olsun) onun Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyini rəvayət edir: “İl on iki aydan ibarətdir. Onlardan dördü haramdır: bunlar arda-arda gələn üç ay: Zül Qadə, Zül Hiccə və Muhərrəm; Cumədə və Şaban ayının arasında olan Rəcəb Mudar ayı.”
Bu aylar aşağıdakı iki səbəbdən haram sayılır:
• Belə ki, düşmən tərəfindən başlanmadıqca bu aylarda döyüşmək qadağandır.
• Belə ki, bu aylarda Allah təalanın qoyduğu müqəddəs hədlərin çeynənməsi, həddi aşmaq digər vaxtlardan daha şiddətlidir.
Ona görə də, Allah təala bu aylarda günah işləməyi bizə qadağan edərək buyurur:
“Odur ki, bu aylarda özünüzə zülm etməyin” [ət-Tövbə 9:36]
Bu aylarda və digər vaxtlarda günah işləmək haram və qadağan olmasına baxmayaraq, bu aylarda bu daha şiddətli qadağa təşkil edir.
Əl-Sadi (Allah ona rəhmət etsin) (səh.373) demişdir:
“Odur ki, bu aylarda özünüzə zülm etməyin”, cümləsində işlənən əvəzliyin on iki ayın hamısına aid olduğu şəklində başa düşmək olar. Allah təala bəyan edir ki, qulları üçün bu ayları vaxt ölçüsü, vaxtı təyin etmək üçün etmişdir ki, Ona ibadət etmək üçün istifadə etsinlər və Allahın nemətlərinə görə Ona şükür etsinlər və bu aylar Allahın bəndələrinin mənafeyinə xidmət edir, ona görə də, bu aylarda özünüzə zülm etməyin.
Cümlədə işlənən əvəzliyin eləcə də, bu dörd haram aya aid olduğu şəklində başa düşmək olar. Ona görə də, bütün digər vaxtlarda da özünə zülm etmək qadağan edildiyi kimi, bu dörd ayda özlərinə zülm etməyi xüsusi şəkildə qadağa edir, çünki bu vaxtda zülm etmək daha şiddətli qadağa təşkil edir, çünki digər vaxtlara nisbətən bu aylarda zülm etmək daha ağırdır. Sitatın sonu.
İkinci:
Rəcəb ayında oruc tutmağa gəldikdə bu ayı hamısı və yaxud yarısını oruc tutmağın xüsusi fəziləti olduğuna dəlalət edən heç bir səhih hədis yoxdur.
Bəzi insanların Rəcəb ayının müəyyən günlərini xüsusiləşdirərək oruc tutması və bunların digərlərindən daha fəzilətli olduğu barədə inanclarına gəldikdə, bunun şəriətdə heç bir əsası yoxdur.
Bununla belə haram aylarda oruc tutmağın müstəhəb olduğuna dəlalət edən Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) bir rəvayət var (və Rəcəb ayı da haram aylardan biridir). Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Haram aylardan (müəyyən qədər) oruc tutun və (müəyyən hissəsini də) tərk edin.” Hədisi Əbu Davud, 2428 rəvayət etmişdir. Əlbani “Daif Əbi Davud” əsərində hədisi zəif olaraq təsnif etmişdir.
Hətta bu hədis səhih belə olsa idi, bunun özü dəlalət edir ki, haram aylarda oruc tutmaq bəyənilir. Beləliklə, bir kəs bu səbəbdən Rəcəb ayında və eynilə digər haram aylarda olduğu kimi oruc tutursa, bu cür etməkdə bir xəta yoxdur. Lakin, Rəcəb ayını bunların içindən xüsusiləşdirmək doğru deyil.
İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir:
Rəcəb ayında oruc tutmaq və rəcəb ayının bəzi gecələrində namaz qılmaqdan bəhs edən hər bir hədis yalan və iftiradır. Əl-Mənar əl-Munif, səh.96
Əl-Hafiz ibn Həcər “Təbyin əl-Əcəb” (səh.11) əsərində deyir:
Rəcəb ayının fəzilətindən və ya bu ayı və ya ayın bir hissəsini oruc tutmaq və yaxud bu ayın hər hansı xüsusi bir gecəsini ibadətlə keçirmək barədə buna dəlalət edəcək heç bir səhih hədis yoxdur.
Şeyx Seyyid Sabiq, Allah ona rəhmət etsin, Fiqh əs-Sünnə əsərində (1/282) deyir:
Rəcəb ayında oruc tutmağın bu və ya digər ayda oruc tutmaqdan əlavə bir fəziləti yoxdur. Burada istisna sadəcə ondan ibarətdir ki, Rəcəb ayı haram aydır. Bu ayda oruc tutmağı xüsusiliyinə Səhih Sünnədə dəlalət edəcək heç bir rəvayət yoxdur. Bu barədə rəvayət olunanların hamısı dəlil qismində irəli sürülməsi üçün uyğun deyil. Sitatın sonu.
Muhammad Saleh əlMunəccid