[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Quran ve Sunnede motedillik.
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 13:28 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Qurani-Kərimdə mötədillik (orta yol): “Orta yol” (vəsət) sözü və ondan düzələn leksik vahidlərə Qurani-Kərimdə aşağıdakı kimi rast gəlinir:

- Dini ayinlərin yerinə yetirilməsində orta yol:

“(Ya peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut!” (əl-İsra, 110).

- Xərcləmədə orta yol:

“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar” (əl-Furqan, 67); “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (əl-İsra, 29).

- Davranış və əxlaqda orta yol:

“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19); “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Ə`raf, 31).

- Qarşılıqlı münasibətlərdə orta yol:

“Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!” (əl-Ən`am, 152).

- Hökmkəsmədə orta yol:

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!” (əl-Hucurat, 9).

- Xeyirxahlıqda orta yol:

“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun” (əl-Bəqərə, 143). “Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” (əl-Qələm, 28).

- Vaxt xüsusunda orta yol:

“(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)” (əl-Bəqərə, 238). Burada nəzərdə tutulan məqam vaxt məsələsində orta yola əməl etməkdir. Təfsirlərdə bildirildiyi kimi burada sübh və ya ikindi namazı (sonuncunun orta namaz olma ehtimalı daha çoxdur) ya da digərləri nəzərdə tutulsa belə, bu, heç nəyi dəyişmir. Çünki söhbət vaxt xüsusunda orta yoldan gedir.

- Məkanda orta yol:

“Sonra da onunla (tozanaqla) ortalığa (düşmən dəstəsinin mərkəzinə) təpinən atlara ki...” (əl-Adiyat, 5). Ayədə yerin, məkanın orta məziyyətli olmasına toxunulub. Belə ki, ayədən hasil olan mənaya görə, atlar toplu halda mərkəzə, ortaya daxil olmuş, oradakıları pərən-pərən etmişlər.

Sünnədə mötədillik (orta yol): Sünnədə bu prinsipin həm ümumi məfhum olaraq həm də konkret sözlə ifadə edildiyi hədislər mövcuddur. Məsələn, Peyğəmbərin (s) bir hədisində deyilir: “Həqiqətən, din asanlıq üzərində qurulub. Bu din xüsusunda (əməlləri kamil olsun deyə) özünə əziyyət verən elə bir kəs yoxdur ki, nəticədə din ona üstün gəlməsin (özünə etdiyi əziyyətdən dolayı ibadətdən soyumasın, əl çəkməsin). Elə isə orta yolu tutun. (Əgər dinə kamil şəkildə əməl edə bilməzsinizsə), ona yaxınlaşın, (az da olsa, davamlı, mütəmadi ibadətdən dolayı) sevinin. Səhər, axşam və gecənin bir çağında (ibadətinizə uğur verməsi üçün Allahdan) kömək istəyin!” (Səhih əl-Buxari. “Vəhyin gəlməyə başlaması” kitabı. “Din asanlıq üzrə qurulub” babı. Cild I. səh. 23). Eləcə də Allahın rəsulu (s) dualarının birində deyərdi: “Allahım, Səndən kasıblıq və zənginlik, qəzəb və məmnunluq arası bir məqam istəyirəm!” (İbn Hibban. Səhih. Cild V. səh. 305). Həmçinin, Rəsulullah (s) dində ifrata varan bəzi səhabələrə demişdi: “Allaha and olsun ki, sizdən daha çox Allahdan qorxuram və sizdən də daha təqvalıyam. Ancaq mən də həm oruc tutur həm də yeyirəm, gecələri həm yatır həm də ibadət edirəm, ət də, piy də yeyirəm, zövcələrimin yanına da gedirəm. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyildir!” (Kitab ət-tərğib vət-tərhib (Rəğbətləndirmə və qorxutmağa dair kitab). Cild III. səh. 30; Əhməd. Müsnəd. Cild III. səh. 285). Səhabələrdən Hz. Ənəs rəvayət edir ki, Allahın rəsulu (s) elə aylar olurdu ki, səhərlər yemək yeyər, oruc tutmazdı. Elə aylar da olurdu ki, oruc tutar, yemək yeməzdi. Fikirləşsəydik ki, yatıb, görürdük ki, gecələr namaz qılır. Güman etsəydik ki, təhəccüd namazını qılır, görərdik ki, yatıb” (Səhih əl-Buxari. “Vəhyin gəlməyə başlaması” kitabı. “Peyğəmbər namazı necə qılardı?” babı. Cild I. səh. 283). Eləcə də eyni adlı səhabə belə rəvayət edir: “Bir dəfə Peyğəmbər (s) yanımıza gəlmişdi. İki dirək arasında bağlanmış ip gördü. Nə olduğunu soruşdu. Dedilər ki, ip Zeynəbindir. Namaz qıldığı zaman yorulduğu təqdirdə yatmasın deyə ona bağlı olduğunu hiss etməsi üçün belə edib. Bunu eşidən Peyğəmbər (s) bizə buyurdu: “Onu açın. Namazınızı rahat və gümrah halda qılın. Əgər yorğun olsanız, yatın” (Səhih əl-Buxari. “Vəhyin gəlməyə başlaması” kitabı. “İbadətdə ifrata varmağın məkruh olması” babı. Cild I. səh. 386).

Hz. Aişə belə rəvayət edir: “Yanıma Xüveylə bint Hakim ibn Ümeyyə ibn Harisə ibn əl-Övqas əs-Səlmiyə gəlmişdi. Yanımızda Osman ibn Məz`un da vardı. Osman onun üst-başını çirkli görüb dedi: “Aişə, gör onun üst-başı nə çirklidir!” Mən bunu Peyğəmbərə (s) danışdım və dedim: “Ey Allahın rəsulu, o, əri olmayan, gündüzləri oruc tutub gecələri ibadətlə keçirən qadındır. Əri onu özünə yaxınlaşmağı qadağan edib. Qadın da bu səbəbdən özünü başlı-başına buraxıb”. Bunu eşidən Peyğəmbər (s) Osmanın dalınca adam göndərdi. Osman gəldikdə ona dedi: “Mənim sünnəmdən üz çevirmişsənmi?” Osman: “Xeyir, ey Allahın rəsulu, sənin sünnən üzrəyəm” deyə cavab verdikdə Peyğəmbər (s) buyurdu: “Mən gecələri həm yatır, həm də namaz qılıram. Oruc da tutur, yemək də yeyirəm. Qadınlarla evlənirəm. Allahdan qorx, Osman! Ailənin, qonağının və nəfsinin sənin üzərində haqqı vardır. Elə isə, oruc da tut, yemək də ye. Gecələri yat, namaz da qıl” (Məcme Əz-zəvaid. Cild III. səh 301).

Məlum olduğu kimi, Peyğəmbər (s) Əbu Dərda və Salman əl-Farisini bir-biri ilə qardaş elan etmişdi. Bir dəfə Salman Əbu Dərdanın anasını saçları dağınıq görür. Səbəbini soruşduqda qadın deyir: “Qardaşın Əbu Dərda gecələri namaz qılır, gündüzləri isə oruc tutur”. Salman Əbu Dərdanı gördükdə ona deyir: “Rəbbinin də, ailənin də, nəfsinin də sənin üzərində haqqı vardır. Haqq sahibinin haqqını ver”. Baş verənlər Peyğəmbərə (s) çatdıqda buyurur: “Salman doğru deyib”. Möminlərin əmiri Hz. Əli vəfatı əsnasında oğlu Həsənə belə nəsihət etmişdi: “Qənaətkar ol, oğlum, yaşayışında, ibadətində qənaətkar ol. Bir işi mütəmadi olaraq və imkanın daxilində et”. Bu, o deməkdir ki, görüləcək, ediləcək iş, əməl orta, mötədil təbiətə malik olmalıdır. Yəqin ki, bu dediyimiz Peyğəmbərin (s) bir işi edərkən az da olsa onu davamlı olaraq etdiyini göstərir.

(Məqalə İsam əl-Bəşirin “İslam mədəniyyətinin xüsusiyyətləri: mötədillik” kitabından tərcümə edilmişdir.)

Tərcümə etdi: Məmmədov Elvüsal Nurullah oğlu


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru