Dəstəmazın bəyənilən əməlləri (sünnələri) 1. Dəstəmaza başladıqda «bismilləh» demək ;
Əbu Hureyrə (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm – rəvayət etmişdir: «Dəstəmazsız namaz qılmayın, "bismilləh" demədən dəstəmaz almayın!». («Müsnəd» 2/418; İrvau-l-Ğalil, 1/122 – 81-ci hədis. [Hədis həsəndir])
2. Misvakla dişləri təmizləmək;
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Ümmətimə əziyyət olmasaydı, hər namaz üçün dişlərini misvakla təmizləməyi onlara əmr edərdim». (Səhihu-l-Buxari, 887; Səhih Müslim, 1450)
3. Dəstəmaza başladıqda əlləri yumaq;
Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu… (Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554)
4. Barmaqların arasını yumaq;
Sələmə ibn Qeys əl-Əşgəi (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Dəstəmaz aldıqda əl və ayaq barmaqlarının arasını yu!» («Müsnəd» 1/287; «Silsilətu-l-əhadisi-s-sahihə» 3/291 – 1306-cı hədis)
5. Sıx saqqalın dibinə su çatdırmaq (seyrək saqqalın dibinə suçatdırmaq isə vacibdir);
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dəstəmaz alarkən su götürüb onu saqqalının dibinə çatdırdı və dedi: «Rəbbim mənə belə əmr etdi». («Sünənu Əbi Davud» 1/167 – 145-ci hədis; İrvau-l-Ğalil 1/130 – 92-ci hədis. [Hədis səhihdir])
6. Əzaları iki və ya üç dəfə yumaq;
Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu. Sonra sağ əli ilə qabdan su götürərək üç dəfə ağzını yaxaladı və burnunu (burnuna su alıb çıxarmaqla) təmizlədi. Sonra üç dəfə üzünü, iki dəfə də qollarını dirsəklərə qədər yudu, sonra əllərini suya saldı və yaş əllərini başının önündən arxasına doğru və əksinə çəkməklə bir dəfə məsh etdi və daha sonra ayaqlarını yudu. (Səhihu-l-Buxari, 186; Səhih Müslim, 554)
7. Əzaları sağ tərəfdən başlayaraq yumaq;
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – geyindikdə, darandıqda, yuyunduqda və hər bir işində sağdan başlamağı xoşlayardı» (Səhihu-l-Buxari, 426; Səhih Müslim, 615)
8. Dəstəmazdan sonra aşağıdakı duanı oxumaq;
Ömər ibnu-l-Xəttab (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət etmişdir: «Sizdən biriniz dəstəmaz aldıqdan sonra bu duanı oxuyarsa: "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə muhammədən abduhu va rasuluhu"- onun üçün Cənnətin səkkiz qapısı açılar və o istədiyi qapıdan daxil olar.» («Müsnəd» 4/145; Səhih Muslim, 552; İrvau-l-Ğalil, 1/134 – 96-cı hədis. [Hədis səhihdir])
Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir».
9. Suyu israf etməmək.
Əlinin (r.a) nəvəsi Məhəmməd rəvayət edir ki, o, atası Hüseyn (r.a) və bir dəstə camaat Cabir ibn Abdullahdan (r.a) qüsl haqqında soruşdular. O dedi: «Bir saa(Yəni, dörd ovuc) kifayət edər». Bir kişi: «Mənə kifayət etmir» – dedikdə, Cabir ona: «Səndən çox saçı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə - səllallahu aleyhi və səlləm -) kifayət edərdi» – deyib sonra bizə imamlıq edib namazı qıldırdı. (Səhihu-l-Buxari, 252; Səhih Müslim, 731)
Əlixan Musayev (Şəriət Risaləsi)