[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Hədis » Sehih hekayeler (Sehih hekayeler)
Sehih hekayeler
SelefTarix: Çərşənbə, 22.08.2012, 16:02 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
BISMILLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:26 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
XƏNDƏK SAHİBLƏRİ
Sizdən əvvəlki xalqların birində bir hökmdar və o hökmdarın da bir kahini (Qeyri-müsəlmanlarda şərəfinə qurbanlar kəsilən, nəzirlər verilən din xadimi.) vardı. Kahin yaşlandıqda hökmdara:

– Artıq qocalmışam. Yanıma istedadlı, qabiliyyətli bir gənc göndər, ona sahib olduğum elmimi öyrədim. Qorxuram öləndə bu elmimi də özümlə aparım, – deyə müraciət edir, hökmdar da onun yanına qabiliyyətli bir gənc oğlan göndərir. Cavan oğlan hər gün kahinin yanına gələrkən yolunun üstündə bir rahiblə rastlaşarmış. Oğlan hər dəfəsində rahibdən burada nə etdiyini soruşar, o da öz növbəsində:

– Allaha ibadət edirəm, – deyə cavab verərmiş. Buna görə də oğlan onun yanında oturub söhbətini dinlər, eşitdiyi sözlərdən xoşhal olarmış. Hər dəfə də kahinin yanına gedərkən rahibin yanından keçər və burada bir qədər dincələrmiş. Kahinin yanına gəldikdə isə onun tərəfindən danlanarmış. Bir dəfə bu barədə rahibə şikayətlənincə, rahib ona belə dedi:

– Kahin niyə gecikdiyini soruşduğu zaman: “Məni ailəm buraxmadı”, ailən soruşduğu zaman isə: “Məni kahin gec buraxdı” – deyərsən, – deyə məsləhət verdi.

Gənc bir müddət bu minvalla gedib-gələrmiş. Günlərin bir günü gənc insanların yolunu kəsən böyük bir vəhşi heyvanla qarşılaşmış və öz-özünə: – Kahinin və ya rahibin daha əfzəl olduğunu bu gün biləcəyəm, – deyib yerdən bir daş götürmüş və: “Allahım! Əgər rahibin işi Sənin üçün kahinin işindən daha sevimlidirsə, onda bu vəhşini öldür ki, insanların da yolu açılsın” – deyə dua etdikdən sonra daşı atmış, vəhşini öldürmüş və bununla da insanların yolu açılmışdı. Camaat gəncin bu hərəkətindən təəccüblənmiş və demişdir: “Bu heç kəsin bilmədiyi bir elmi bilir”. Gənc hadisədən dərhal sonra rahibin yanına gəlib əhvalatı ona anlatmışdır. Əhvalatdan hali olan rahib:

– Ay oğul, bu gün sən məndən daha üstünsən. Sənin bu işindən mənim təxmin etdiyim şey gəlib-çatdı. Sən imtahana çəkiləcəksən [bəlaya düçar olacaqsan]. Başına bir bəla gəldiyi zaman məni ələ vermə, – demişdir. Beləliklə, bu gənc anadangəlmə korları, albinizm(Orqanizmdə piqment azlığı və bunun nəticəsində dəri və saçların həddən artıq ağlığı.) xəstəliyinə mübtəla olanları sağaldar və o cümlədən digər xəstəliklərə tutulan insanları müalicə edərmiş. Bu məsələni hökmdarın yanında oturan bir kor eşitmiş, çoxlu hədiyyələrlə həmin gəncin yanına gələrək:

– Əgər mənə şəfa vermiş olsan, bunların hamısını sənə verərəm, – demişdir. Gənc isə:
– Mən heç kəsə şəfa vermirəm, şəfa verən biri varsa, o da Allahdır. Əgər Allaha iman gətirsən, Ona dua edərəm və O da sənə şəfa verər, – deyə cavab vermişdir. Bu sözlərdən sonra kor Allaha iman gətirmiş və Allah da ona şəfa vermişdir. Sonra gözlərinə nur gəlmiş bu adam hökmdarın yanına gəlmiş və həmişə olduğu kimi onun yanında əyləşmişdir. Hökmdar ondan:
– Sənə gözlərini kim qaytardı, – deyə soruşmuş, o da cavabında:
– Rəbbim, – demişdir. Hökmdar ondan:
– Sənin məndən başqa rəbbinmi var? – deyə soruşduqda, kişi:
– Mənim rəbbim də sənin rəbbin də Allahdır, – deyə cavab vermişdir. Hökmdar dərhal onu zindana saldırmış və gəncin adını söyləyənəcən ona əzab vermişdir. Sonra gənci hökmdarın hüzuruna gətirmişlər və hökmdar demişdir:
– Ay oğul! Sənin sehrin anadangəlmə korları, albinizm xəstəliyinə mübtəla olanları sağaldacaq bir həddə çatmışdır. Belə-belə işlərlə məşğul olursan, deyilmi?
– Mən heç kəsə şəfa vermirəm, şəfa verən biri varsa, o da Allahdır, – deyə gənc cavab vermişdir. Hökmdar onu da dərhal zindana atdırmış və rahibin adını söyləyənəcən ona əzablar vermişdir. Sonra rahibi hökmdarın hüzuruna gətirmişlər və ona demişlər:
– Dinindən dön!
Rahib bundan imtina etdikdə isə mişar gətirilmiş və onunla rahibin başını şaqqalamışlar. Sonra hökmdarın sarayında oturanı gətirmişlər, ona da:
– Dinindən dön! – deyərək eyni şeyi əmr etmişlər. O da bunu rədd etmiş və nəticədə onun da başı mişarla şaqqalanmışdır. Daha sonra isə gənci gətirmişlər. Ona da həmçinin dinindən dönməsini təklif etmişlər. O da bunu rədd edincə hökmdar onu adamlarından bir qrupuna təhvil vermiş və onlara:
– Bunu filan dağa aparın, dağa çıxardın, elə ki, dağın zirvəsinə çatdınız, dinindən dönməsə, oradan tullayın, – deyə göstəriş vermişdir. Hökmdarın adamları onu apararaq dağa çıxartmışlar. Bu zaman gənc: “Allahım! İstədiyin tərzdə məni onlardan qoru!” – deyə Allaha yalvarmışdır. Bu zaman dağ titrəmiş və hökmdarın adamları dağdan aşağı yuvarlanmışlar. Gənc hökmdarın yanına qayıtmışdır. Hökmdar ondan soruşmuşdur:
– Yanındakılara nə oldu?
Gənc belə cavab vermişdir:
– Allah-taala məni onlardan qorudu.
Hökmdar yenə onu bir dəstə adamlarına təhvil verərək onlara:
– Bunu böyük bir gəmiyə mindirib dənizin ortasına aparın. Dinindən dönməzsə, onu dənizə tullayın, – deyə əmr etmişdir. Adamları gənci aparmışlar. Burada da gənc yenə: “Allahım! İstədiyin tərzdə məni onlardan qoru!” – deyə Allaha dua etmişdir. Bu zaman gəmi çevrilmiş və onların hamısı dənizə qərq olmuşdur. Gənc yenə də hökmdarın hüzuruna qayıtmış, hökmdar ondan:
– Yanındakılara nə oldu? – deyə soruşduqda:
– Allah-taala məni onlardan qorudu, – deyə cavab vermiş, sonra üzünü hökmdara tutaraq əlavə etmişdir:
– Sən mənim əmrimi yerinə yetirməyincə məni öldürə bilməyəcəksən.
Hökmdar:
– Əmrin nədir? – deyə soruşmuş, gənc də belə cavab vermişdir:
– İnsanları yüksək bir yerə toplayır, məni də bir xurma ağacından asdırırsan. Sonra oxluğumdan bir ox götürür və yayın ortasına yerləşdirirsən, daha sonra: “Gəncin Rəbbi olan Allahın adı ilə” – deyib məni vurursan. Əgər sən belə etmiş olsan, onda məni öldürə biləcəksən.
Hökmdar camaatı yüksək bir yerə yığmış, gənci xurma ağacından asdırmış, sonra onun oxluğundan bir ox götürüb yayın ortasında yerləşdirmiş və: “Gəncin Rəbbi olan Allahın adı ilə” – deyərək oxu atmışdır. Ox oğlanın gicgahına dəymişdir. Oğlan əlini gicgahına qoyaraq ölmüşdür. Camaat hamısı bir ağızdan: “Oğlanın Rəbbinə iman gətirdik!” – demişlər. Hökmdarın tərəfdarları onun yanına gəlib:
– Gördünmü ehtiyat etdiyin şeyi? And olsun Allaha ki, qorxduğun başına gəldi, insanlar iman gətirdilər, – demişlər. Vəziyyətdən halı olan hökmdar dərhal küçələrin başında xəndəklər qazılmasını əmr etmişdir. Qazılan xəndəklərdə tonqal qalanmışdır. Hökmdar üzünü camaata tutub demişdir:
– Kim dinindən dönsə, onu buraxacağıq. Dinindən dönməyənləri isə xəndəyə atacağıq!” Adamlar da dinlərindən dönməyincə onları xəndəyə tullamışlar. Nəhayət sıra qucağında körpəsi olan bir qadına çatmışdır. Qadın yerində dayanaraq duruxmuş, bu zaman uşaq:
– Anacan! Səbir et! Çünki sən haqq dindəsən, – deyə dillənmişdir. Beləliklə, hökmdar insanları xəndəyə tullayaraq yandırmışdır.(Müslim, 3005-ci hədis.)

Bu haqda Allah Qurani-Kərimdə buyurur:
«And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar (xəndəklərin) kənarında oturub, (öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar»(əl-Buruc, 3-8.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:26 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dua Möminin Silahıdır
Ibn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi. Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir. O ona dedi:
-Nəyin varsa qoy və mən səni öldürəcəyəm.
- Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi.
- O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm.
- Bu halda icazə ver dörd rükət namaz qılım.
- İstədiyin qədər qıl! –quldur dedi.
O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkünə görə və Ərşinin dayaqlarını dolduran Nuruna görə məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi:
-Dur!
-Atam anam sənə fəda olsun! Sən kimsən? Bu gün Allah sənin əllərinlə məni xilas etdi - o dedi.
- Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən ikinci dəfə dua etdin və mən səma əhlinin səs küyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan onu öldürməyi mənə tapşırmağı xahiş etdim.
Əl-Həsən dedi: “Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə dua ilə (Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı olmayaraq duası qəbul olar”.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:27 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
MAĞARA SAHİBLƏRİ
Allah elçisi (s) söyləmişdir: “Sizdən əvvəlki xalqlarda üç nəfər səfərə çıxmaq məqsədilə yola düzəlmişlər. Gecə yatmaq vaxtı gəlib çatdıqda bir mağaraya rast gəlmiş və gecələmək üçün ora girmişlər. Bu zaman Dağdan bir qaya qoparaq mağaranın ağzını örtmüşdü. Onlar: “Bizi buradan ancaq saleh əməllərinizlə Allaha edilən dualar xilas edə bilər” – demişlər. Birincisi söhbətə belə başlamışdır:

– Allahım, mənim çox qoca valideynlərim var idi. Onlardan qabaq nə ailəmdən, nə xidmətçilərimdən, nə də kölələrimdən heç kimə bir şey yedirtməzdim (axşamlar süd içirtməzdim). Bir gün (heyvanların otlaması və ya odun yığmaq üçün) ağaclıq axtarmaq fikrinə düşməyim məni yubatdı və mən heyvanları sağıb qayıdanda onların artıq yuxuya getdiklərini gördüm. Nə onları oyatmağa qıydım, nə də onlardan qabaq ailəmə və kölələrimə süd verməyə ürəyim gəldi. Uşaqlar ayağıma dolaşaraq acından ağladıqları halda, mən əlimdə qab sübh açılana qədər onların oyanmasını gözlədim. Sonra oyandılar, südlərini içdilər. Allahım! Əgər bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizim bu qayadan çıxmağımızı asanlaşdır.
Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış:

Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış:

– İlahi, bir əmim qızı var idi. Mən onu hamıdan çox sevirdim. Hətta ona qarşı olan bu sevgim bir kişinin qadına olan sevgisindən də artıq idi. Ondan özünü istədim, amma o buna razı olmadı. Bir il bərk quraqlıq oldu, torpaq yararsız hala gəldi, məhsul qıtlığı başladı. Bu vaxt yanıma gəldi. Məndən yüz iyirmi dinar istədi. Mən də özünü mənə təslim etməsi şərti ilə pulu ona verdim. Razılaşdı. Ona yaxınlıq etmə ərəfəsində “Allahdan qorx! Haqsızlıq edərək (qanuni nikaha girmədən) bakirəliyimi pozma, bunu sənə halal etmirəm” – dedi. Mən də onu hamıdan çox sevdiyim halda ona sahib olmaq fikrindən döndüm və ondan uzaqlaşdım. Verdiyim qızılları da geri götürmədim. Allahım, əgər mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi düşdüyümüz bu çətinlikdən qurtar!
Qaya bir qədər də aralanmış, lakin bu yenə də onların çıxa bilmələri üçün kifayət etməmişdir. Onlardan üçüncüsü demişdir:
– Allahım! Mən bir neçə adamı işə götürmüşdüm. Hamısının da haqqını vermişdim, yalnız onlardan biri haqqını almadan getmişdi. Onun pulunu işlədib dövriyyəyə buraxdım. Nəhayət, onun bu pulu ilə malım xeyli çoxaldı. Bir müddətdən sonra yanıma gəlib:
Ey Allahın qulu! Haqqımı ver, – dedi. Mən də:
– Gördüyün bu dəvələr, inəklər, qoyunlar, kölələr hamısı sənin haqqındandır, – dedim. O təəccüblənərək:
– Məni ələ salma, – dedi. Mən də:
– Səni ələ salmıram, - dedim. O, hamısını özü ilə götürüb apardı, heç nə də saxlamadı. Allahım, əgər mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi buradan qurtar!”
Bundan sonra qaya tamamilə aralanmış və nəhayət onlar çıxıb gedə bilmişlər”.
(Buxari, 4/369, 370, Müslim, 2743-cü hədis.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:27 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏNNƏT BAZARI
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Rəsulallahın (s) mənə söylədiyinə görə Cənnət əhli Cənnətə daxil olsa, öz əməlləri sayəsində ora daxil olacaqlar. Sonra hər cümə günü onlara Rəblərinin hüzuruna çıxmaq imkanı veriləcəkdir. Bu zaman Allah onlara Öz ərşini göstərəcək, Cənnət bağçalarından biri onların qarşısına çıxarılacaqdır. Bundan sonra Allahın görüşünə gələnlər üçün nurdan, qızıldan və gümüşdən minbərlər qoyulacaq, onların təbəqəcə ən aşağıda olanları isə müşk və kafurdan olan qumsal təpələr üzərində əyləşəcək və kürsü sahiblərinin yerinin onların yerindən daha yaxşı olduqlarını görməyəcəklər”. Əbu Hüreyrə deyir: “Mən bu məqamda Rəsulallahdan (s):
– Ya Rəsulallah, biz də Rəbbimizi görəcəyikmi? – deyə soruşdum, o da belə cavab verdi:
– Bəli, məgər siz bədr (1)gecəsi günəşlə ayı görməyə şəkk edirsiniz? Biz:– Xeyr, – deyə cavab verdik. Rəsulallah (s) davam etdi: “Elə isə Rəbbinizi görməyə də şübhə ilə yanaşmayın. Həmin məclisdə elə bir kişi qalmayacaq ki, Allah onunla pərdəsiz və heç bir tərcüməçisiz ünsiyyətdə olmasın. Hətta Allah onlardan birinə deyəcəkdir:
– Ay filankəsin oğlu filankəs! Filan günü xatırlayırsanmı?
Bu zaman onun dünyada tutduğu pis işlərdən bəziləri onun gözləri önünə gətiriləcək və qul acizanə bir tərzdə:
– Ya Rəbb, Məgər sən məni bağışlamadınmı? – deyə Rəbbinə müraciət edəcəkdir. Allah da:
– Əlbəttə, bağışlamışdım. Elə mənim məğfirətimin genişliyi səni bu yerə gətirib çıxarmışdır, – deyə cavab verəcəkdir. Elə bu arada onların üzərini bir bulud alacaqdır və bu buluddan elə bir ətir yağacaq ki, orada olanlar heç vaxt onun qoxusu kimi ikinci bir qoxu duymamış olacaqlar. Bu zaman Ulu Tanrımız bəndələrinə deyəcəkdir: “Qalxın! Mənim sizlər üçün Öz səxavətimdən bir pay olaraq hazırladığım nemətlərə doğru gedin və istədiyinizi götürün!” Biz hər tərəfdən mələklərin dövrəyə aldığı bir bazara gələcəyik. Orada elə nemətlər olacaq ki, heç vaxt nə gözlər onları görmüş, nə qulaqlar onlar haqda duymuş, nə də beyinlər bu barədə düşünmüşdür. Onlar nə satılacaq, nə də alınacaqdır. Bizə ürəyimizdən keçənlər veriləcəkdir. Bu bazarda Cənnət əhli bir-biri ilə qarşılaşacaqdır. Yüksək qatda olan kişi özündən aşağı qatda yer alanla qarşılaşdığı zaman onun əynindəki libası görər-görməz diksinəcək və son dərəcə heyran olacaqdır. Onunla söhbətini yekunlaşdırmamış qarşısındakı aşağı qatın sakininin ondan daha gözəl və üstün olduğunu düşünəcəkdir. Bu da ona görədir ki, orada heç kəs aşağı qatda olduğuna görə üzülməməlidir. Sonra evlərimizə qayıdacağıq. Qapıda xanımlarımız bizi qarşılarkən təəccüblə: “Salam, xoş gəldin. Amma getdiyindən daha gözəl bir vəziyyətdə qayıtdın” – deyəcəklər. Biz də belə cavab verəcəyik: “Biz bu gün Cabbar olan Rəbbimizlə bir yerdə olmuşuq [Onun hüzurunda Onunla həmsöhbət olmuşuq]. Ona görə də bu cür dönməyə haqqımız da var”.

(1)Burada ayın tam çıxdığı gecə nəzərdə tutulur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:28 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
MUSA VƏ XIZIR
Musa peyyğəmbər (s) İsrail oğulları arasında moizə oxuyurmuş. Bu zaman ondan soruşurlar:
– İnsanlar arasında ən çox bilən kimdir? Musa:
– Mənəm çox bilən, – deyə cavab verir. Buna görə də Allah elmi ona verməməklə onu danlayır və belə vəhy edir:
– İki dənizin qovuşduğu yerdə mənim bir bəndəm var ki, o səndən daha çox elmlidir. Musa:
– Ya Rəbb, bəs onda mən onunla necə görüşə bilərəm?, – deyə Tanrıya müraciət edir. Allah da ona belə cavab verir:
– Zənbilə bir balıq qoy və onu özünlə apar. Elə ki, balığı itirdin, onda xəbərin olsun ki, həmin bəndəm də oradadır. – Beləliklə, Musa balığı səbətin içinə qoyaraq dostu Yuşa ibn Nunla yola çıxırlar. Qayanın yanına gəlib çatdıqda bir az istirahət etmək üçün ayaq saxlayırlar. Bu zaman balıq dirilərək səbətin içindən çıxır və özünü dənizə atır. Allah-taala bununla suyun axarını saxlayır və o, tağ sırasından bir qövsə bənzəyir. Balıq dənizdə bir yarğana tərəf üz tutub gedir. Musa gənc dostu ilə bundan yamanca təəccüblənirlər. Yarımçıq qalan səfərlərinə davam etmək üçün durub getdikdə, Musanın gənc dostu ona xəbər verməyi unudur, daha doğrusu Şeytan onu unutdurur. Musa gənc dostuna:
– «Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!»,

– dedikdə artıq ona əmr olunan yeri arxada qoymuş olur. Dostu isə ona belə cavab verir:
– «Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!»
Musa:
– "Elə istədiyimiz də (axtardığımız da) budur!", - dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar".

Balıqdan yeyilmişdi, lakin ona su damcısı dəydikdə dirilmişdi. Onlar balığı itirdikləri qayanın yanına gəldikdə, paltara bürünmüş birini görürlər. Musa ona salam verir. Adam:
– Sənin torpağın hara, salam hara?! – deyə soruşur. Musa:
– Mən Musayam, – deyir. Adam:
– İsrail oğullarından olan Musamı? – deyə soruşur. “Bəli” – deyə Musa cavab verir. Xızır əleyhissəlam deyir:
– Ey Musa! Sən Allahın sənə öyrətdiyi elə bir elmini bilirsən ki, onu mən bilmirəm. Mən də Allahın mənə öyrətdiyi elə bir elmini bilirəm ki, sən ondan bixəbərsən. – Musa ondan soruşur:
– "Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?"
Xızır cavab verir:
– "Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona e’tiraz edib əleyhimə çıxacaqsan). Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?" Musa:
– "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!" Xızır da belə cavab verir:
– "Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!" Musa Xızırla razılaşır. Onlar durub dənizin sahili ilə yola düşürlər. Bu zaman onların yanından bir gəmi keçir. Onlar gəminin sahibi ilə onları da aparmalarını xahiş edirlər. Gəmidəkilər Xızırı tanıyıb onları təmənnasız aparmaq qərarına gəlirlər. Xızırla Musa gəmiyə mindikləri zaman Xızır gəminin taxtalarından birini qoparır. Bunu görən Musa ona:
– Camaat səni təmənnasız gəmilərinə mindirdi, sən də gəmiyə minər-minməz onu deşdin. Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)” Xızır belə cavab verir:
– “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?” Musa verdiyi sözü xatırlayaraq dedi:
– “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!” Bundan sonra onların hər ikisi gəmidən düşüb yenidən sahil boyu yollarına davam etdilər. Bu arada onlar yollarının üstündə uşaqlarla oynayan bir oğlan uşağına rastladılar. Xızır dərhal əli ilə uşağın başını qopararaq onu öldürdü. Bunu görən Musa:
– “Pak (mə’sum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”, – deyə Xızırı qınayır. Xızır yenə belə cavab verir:
– “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?” Musa yenə səhv etdiyni xatırlayıb deyir:
– “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə e’tiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istəyirlər. Əhali onları qonaq etmək istəmir. Onlar orada yıxılmaq üzrə olan bir divar görürlər. Xızır onu düzəldir. Bunu görən Musa isə deyir:
– “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın. . .” Xızır deyir:
– “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!” Buraya çatanda Rəsulallah (s): “Allah Musaya rəhmət eləsin! Kaş ki, o səbr edəydi, Allah da bizlərə onların başlarına gələnlərdən xəbər verəydi” – dedi və Xızırın dili ilə davam etdi:
– “Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə, onun ata-anası mö’min kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mə’nası) budur!”

(Kəhf surəsi 62-82)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:29 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
ANA VƏ BIÇAQ
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Rəsulallahın (s) belə deməsi rəvayət olunur: “Keçmişdə iki qadın və onların hərəsinin də bir uşağı var imiş. Günlərin bir günü canavar bu uşaqlardan birini aparır. Qadınlardan biri rəfiqəsinə: “Canavar sənin oğlunu apardı” – deyərək sağ qalan uşağı ona vermək istəmir. Rəfiqəsi də ona eyni şeyi deyərək uşağın onun olduğunu iddia edir. Beləliklə, qadınlar mübahisə edirlər və aralarında düzgün hökm çıxarılması üçün Davud əleyhissəlamın hüzuruna gəlirlər. Davud əleyhissəlam uşağın yaşda böyük olan qadına verilməsi barədə hökm verir. Onlar bununla kifayətlənməyib eyni məqsədlə Davudun oğlu Süleyman peyğəmbərin (s) hüzuruna gəlir və əhvalatı ona nağıl edirlər. Süleyman əleyhissəlam üzünü qadınlara tutub: “Mən bir bıçaq gətirin, uşağı aranızda yarıya bölüm” – deyir. Bu zaman yaşda kiçik olan qadın: “Yox, uşağa dəymə, Allah sənə rəhm eləsin, o onun (böyük qadının) uşağıdır” – deyə qəti etiraz edir. Bunu görən Süleyman peyğəmbər (s) uşağın kiçik qadına verilməsi barədə hökm çıxarır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:29 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QIZIL KÜPƏSİ
Qədim zamanlarda bir kişi birindən torpaq sahəsi satın alır. Aldığı ərazidə bir qızıl küpəsi tapır və aldığı adama:
– Qızıllarını götür, mən səndən torpağ aldım, qızılları yox, – deyir. Torpağı satan da:
– Mən sənə torpaqla yanaşı onun içindəkiləri də satmışam, – deyə qızılları götürmür. Beləliklə, hər ikisi barələrində düzgün hökm çıxarılması üçün qazinin yanına gəlirlər. Qazi:
– Sizin övladınız varmı? – deyə soruşur. Onlardan biri:
– Mənim bir oğlum var, – deyir. O birisi də:
– Mənim də bir kənizim var, – deyə cavab verir. Bundan sonra qazi:
– Oğlanla qızı evləndirin, qızılları da özünüzə xərcləyin, – deyərək hökm verir. Hər iki iddiaçı bu hökmlə razılaşır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:30 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
SƏMADAN GƏLƏN SƏS
Aişədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbərdən (s):
– Ühüd döyüşü günündən daha ağır bir gün yaşadınmı? – deyə soruşdum. Belə cavab verdi:
– Xalqından gələn bir çox çətinliklərlə qarşılaşdım. Rastlaşdığım çətinliklərin ən ağırı isə Aqəbə günü idi. O zaman İbn Abdyəlil ibn Abdkuləlin yanına gələrək məni saxlamasını xahiş etdim, lakin o mənim xahişimi yerə saldı. Mən də kor-peşman oradan qayıtdım. “Qarnus-səalib” adlanan yerə çatana qədər özümə gələ bilməmişdim. Bir də başımı qaldırıb gördüm ki, göydə bir bulud məni kölgəsi altına alaraq müşayət edir. Diqqətlə baxanda Cəbrayıl əleyhissəlamı buludun arasında gördüm. Məni səsləyərək belə dedi:
– Allah-taala xalqının sənə dediyi sözü və xahişini rədd etməsini eşitdi. Bunun üçün də dağlar mələyini sənə göndərdi ki, onlar barədə istədiyini bu mələyə əmr edəsən.
Bu zaman dağlar mələyi məni səslədi. Məni salamladıqdan sonra dedi:
– Ey Məhəmməd! Allah-taala xalqının sənə dediyi sözü eşitdi. Mən dağlar mələyiyəm. Rəbbim məni sənin yanına göndərdi ki, istədiyini öz əmrinlə mənə buyurasan. İstəyirsən [Məkkəni əhatə edən bu] iki dağı onların başına uçurdum?
Mən də:
– Əksinə, mən Allahın onların belindən yalnız Ona ibadət edən və Ona heç nəyi şərik qoşmayan bir nəsil yetişdirməsini istəyirəm, – deyə cavab verdim”.

( əl-Buxari və Müslim.)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:30 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
BEŞİKDƏ DANIŞANLAR
“Beşikdə [İsrail övladlarından] ancaq üç nəfər danışmışdır. İsa ibn Məryəm və Sahibi Cüreyc bunlardandır.

Cüreyc ömrünü Allaha ibadətdə keçirən bir bəndə olub. Özünə yüksək bir zirvədə ibadətgah hazırlamış və orada ibadət edirmiş. Günlərin bir günü Cüreyc namaz qılarkən anası onun yanına gəlir və: “Ey Cüreyc!” – deyə onu səsləyir. Cüreyc isə: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” – deyə dua edir və namazına davam edir. Anası isə çıxıb gedir. Ertəsi gün o namazda ikən anası yenə gəlir və yenə: “Ey Cüreyc!” – deyə oğlunu səsləyir. Cüreyc isə yenə də: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” – deyə dua edir və namazına davam edir. Ertəsi gün o namazda ikən anası yenə gəlir və yenə də: “Ey Cüreyc!” – deyə oğlunu səsləyir. Cüreyc isə yenə də: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” – deyə dua edir və namazına davam edir. Bu dəfə anası: “Allahım! Zinakar qadınların üzünü görmədikcə onu öldürmə!” – deyə oğluna qarğış edir.
İsrail övladları Cüreyci və onun ibadət etməsini xatırlayarkən gözəlliyi ilə tanınan zinakar qadın da orada idi. Bu fahişə ətrafındakılara: “İstəsəniz, mən bu kişini yoldan çıxararam” – demişdir. Qadın Cüreyci nə qədər yoldan çıxartmağa çalışmışsa da, Cüreyc ona tərəf belə baxmamışdır. Zinakar qadın Cüreycin ibadətgahında özünə sığınacaq tapmış çobanın yanına gələrək ona özünə sahib olmağa imkan vermişdir. Çoban onunla cinsi yaxınlıq etmiş və qadın hamilə olmuşdur. Uşaq dünyaya gəldikdə isə: “Bu uşaq Cüreycdəndir” – demişdir. Camaat Cüreycin yanına gəlmiş, onu üzü aşağı tullamış, ibadətgahını dağıdıb, özünü də döyməyə başlamışdır. Cüreyc:
– Sizə nə olub? – deyə soruşmuş, camaat isə:
– Sən bu fahişə ilə zina etmisən və onun səndən uşağı olub, – deyə cavab vermişdir. Cüreyc:
– Körpə haradadır? – deyə soruşduqda camaat uşağı gətirmişdir. Cüreyc:
– Qoyun namazımı qılım – demiş, namazı qılıb-qurtardıqdan sonra körpənin yanına gəlmiş, onun qarnından vuraraq:
– Ay uşaq, atan kimdir? – deyə soruşmuşdur. Körpə də:
– Filan çobandır, – deyə dillənmişdir. [Bunu eşidən] camaat Cüreycin yanına gələrək onu öpməyə və oxşamağa başlamış, Cüreycə:
– Sənin ibadətgahını qızıldan tikərik – demişlər. Cüreyc isə:
– Xeyr, onu olduğu kimi palçıqdan tikin – demişdir. Camaat elə də etmişdir.
Bir dəfə körpə uşaq anasının döşündən süd əmərkən bəzəkli bir at üzərində gözəl bir kişi oradan keçirmiş. Körpənin anası: “Allahım! Oğlumu da bunun kimi et!” – deyə dua etmişdir. Körpə anasının döşünü buraxıb üzünü atlıya tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi etmə” – deyə dua etmişdir. Sonra yenidən anasının döşünü əmməyə davam etmişdir.
Əbu Hüreyrə: “Allah elçisinin (s) şəhadət barmağını ağzına salaraq körpənin döşü əmməsini vəsf etməsi gözlərimin önündədir. Barmağını əmməyə başladı. Sonra sözünə belə davam etdi:
“Camaat bir kənizin [cariyənin] yanından keçərkən onu döyməyə başlamış, ona: “Sən zina etmisən, oğurluq etmisən” – demişlər. O isə: “Allah mənə bəs edər. O nə gözəl vəkildir” – deyə zikr edirmiş. [Bayaqkı körpənin] anası: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edərkən körpə döşü buraxıb üzünü kənizə tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi et” – deyə dua etmişdir. Burada ana ilə oğul arasındakı söhbət belə davam edir:
– Yanımızdan gözəl və yaraşıqlı bir atlı keçdi, mən: “Allahım! Oğlumu bunun kimi et” – dedim. Sən isə: “Allahım! Məni onun kimi etmə” – dedin. Camaat yanımızdan bir kənizi döyə-döyə aparır və ona: “Sən zina etmisən, oğurluq etmisən” deyirlər. Mən: “Allahım! Oğlumu bunun kimi etmə” – deyə dua edirəm, sən isə: “Allahım! Məni onun kimi et” – deyirsən. Uşaq:
– Bu kişi zalım idi. Mən də [buna görə]: “Allahım! Məni onun kimi etmə” – deyə dua etdim. Camaat bu kənizə zina etmədiyi halda “Zina etmisən”, oğurluq etmədiyi halda isə: “Oğurluq etmisən” – deyə [iftira atırdılar]. Mən də [buna görə] “Allahım! Məni onun kimi et” – deyə dua etdim.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:31 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Sələf aliminin hekayəsi
Bir gün Sələf aliminin yanına bir kişi gəlir.Ancaq çox qəmgin idi.Şeyx onu görüb soruşur:
-Xeyir ola qardaşım, nəsə qəmgin adama oxşayırsan.
-Doğrudur.
-Nə olub? Problemin var yəqin.Söylə qardaş, nədir dərdin?
-Dünya problemləri.Biri qurtarıb, o biri başlayır.
Şeyx gülümsəyərək:
-Çətinliyin dünya problemidirsə, fikir etmə- buyurdu.Və izah etdi:
-Çünki Allah təalə bizə elə bir nemət vermişdir ki, dünyanın bütün çətinlikləri toplanıb üstümüzə gəlsə, bu nemət qarşısında toz kimi havaya sovrular.Necə ki, əlinə ağcaqanad qonarkən əlini qaldırırsan o da uçub gedir.Bax, dünyanın bütün çətinlikləri bu nemət qarşısında ağcaqanadın misalındadır.
-Yaxşı bəs o hansı nemətdir?
-“İman” nemətidir- buyurdu.Sələf alimlərimizin dediyi ki, “İmandan daha qiymətli bir nemət yoxdur” və ola bilməz.
-Kişi gülümsündü.Şeyxin sözlərindən məmnun olmuşdur.
Aradan günlər keçdi.Bir gün bu kimsə yenə gələrək buyurdu:
-Şeyx, sizə bir sual vermək üçün gəldim.
-Buyur qardaşım, maraqlandığın nədir?
-Görəsən Allah məni sevirmi?
-Bəs sən necə?Allah təaləni sevirsənmi?
-Vallahi ki, sevirəm.
-Sən Allahı sevirsənsə, demək Allah da səni sevir.
Kişi sevincək halda:
-Doğrudurmu?Allah təalə də məni sevirmi?
-Əlbəttə, Allah səni sevməsə sən onu necə sevə bilərsən ki?
Allah təalə özünə olan sevgini ancaq sevdiyi bəndəsinin qəlbinə daxil edər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:32 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cənətlik ana
Bir qadın iki qızı ilə bərabər Həzrəti Aişənin (s.ə.s) yanına gəlmişdi.Aişə (r.a) xanıma üç xurma verdi.Sonra qızlarının hərəsinə bir xurma verdi.Birini də öz ağzına qoymaq istəyəndə uşaqlarının ona baxdığını görüb xurmanı ortadan bölərək uşaqlarına verdi.Bu hadisə Həzrəti Aişənin (r.a.) diqqətini cəlb etdi.Çox ehtimal ki, qadın ac idi.Amma uşaqlarını nəfsindən üstün tutmuşdu.Evdə başqa xurma yox idi ki,qadına versin.

Bu hadisədən sonra Həzrəti Aişə (r.a.) Peyğəmbər Əfəndimizin (s.ə.s) yanına gələrək bu hadisəni danışdı:

Peyğəmbər Əfəndimiz (s.ə.s) buyurdu:

-Etdiyi bu hərəkətə görə bu qadın cənnəti qazanacaq.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:32 | Yazı # 13
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Üzə əks edən nur
Əbu Dücanə (r.a) xəstə idi.Onu görməyə gələnlər üzünün çox nurlu olduğunu görəndə soruşurdular:

-Üzünün belə nurlu olmağının səbəbi nədir?

O da cavab verdi:

-Mənim həmişə etdiyim iki əməlim var.Hər halda onunla əlaqəlidir.Biri mənə aid olmayan şey haqqında danışmamağım, digəri isə müsəlmanlara qarşı ürəyimdə heç bir pis niyyətin olmamasıdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:33 | Yazı # 14
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın mülkü
Rəsulullah (s.ə.s) Ənsardan birinin həyətinə gəlmişdi.Həyətdə bir dəvə var idi.Dəvə Rəsulullahı (s.ə.s) görən kimi inlədi və gözlərindən yaş axdı.Rəsulullah (s.ə.s.) dəvəyə yaxınlaşıb göz yaşlarını silən kimi sakitləşdi.

Camaatdan bu dəvənin sahibini soruşdu.
Ənsardan bir gənc cavab verdi:
-O dəvə mənimdir,Ey Allahın Rəsulu.
Rəsulullah (s.ə.s.) ona belə buyurdu:
-Allahdan qorxmursanmı? Allahın sənə mülk olaraq verdiyi bu dəvə mənə şikayət etdi.Sən onu ac saxlayırsan və həddindən çox işlədərək yorursan.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə axşamı, 23.08.2012, 12:46 | Yazı # 15
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quşa nə oldu?
Əshabi-Kiramdan Ənəs bin Malikin (r.a) kiçik qardaşı Əbu Umeyrin bir quşu var idi.Quşu çox sevərdi və onunla oynayardı.Bir gün quş öldü və o,çox kədərləndi.Peyğəmbər Əfəndimiz (s.ə.s) Əbu Umeyri görəndə uşağın niyə belə kədərli olduğunu soruşur.

Az sonar vəziyyətdən xəbərdar olur və uşağa təsəlli verir.

Bu hadisədən sonar Əbu Umeyri hər dəfə görəndə:

- Ey Əbu Umey , balaca quşun necə oldu – deyə onunla zarafatlaşardı.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Hədis » Sehih hekayeler (Sehih hekayeler)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru